You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
SOCAR: Xəzərdə itkin düşmüş daha iki neftçinin cəsədi tapılıb, onlardan birinin kimliyi bəllidir
Günəşli yatağında yanğını zamanı itkin düşmüş daha iki neftçinin cəsədinin çərşənbə günü Xəzər dənizindən çıxarıldığı bildirilir. Bununla da həmin qəza nəticəsində həlak olanların sayı 17-yə çatıb.
Onlar Xəzər dənizində axtarış zamanı Çıraq Platforması ilə Neft Daşları arasında - 149 metr dərinlikdə aşkarlanıb, SOCAR-ın sözçüsü İbrahim Əhmədov BBC News Azərbaycanca bildirib
"Tapılmış şəxslərdən biri 2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özüllərində baş vermiş qəza zamanı itkin düşmüş 4-cü dərəcəli neft-qazçıxarma operatoru, 1971-ci il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğludur. Digər tapılmış cəsədin qalıqlarının analizləri aparılır. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək," - cənab Əhmədov deyib.
İbrahim Əhmədov bildirib ki, hazırda sözü gedən təbii fəlakət nəticəsində itkin hesab olunan şəxslərin sayı 16 nəfərdir.
Bundan əvvəl, may ayında Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman Çıraq Platforması ilə Neft Daşları arasında - 190 metr dərinlikdə, kəmərin alt hissəsindən daha iki cəsəd tapılmışdı.
Nə baş vermişdi?
2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 və "Neft Daşları"ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət baş verib. Həmin zaman özüldə 63 nəfərin olduğu bildirilib.
Bundan öncə "Günəşli" yatağında baş vermiş qəzada itkin düşən iki neftçinin cəsədi 2016-cı il yanvarın 4-də Türkmənistan tərəfindən tapılmışdı.
Bu qəza, 1985-ci ildən indiyədək Azərbaycanda dəniz neftçıxarma platformalarında baş vermis ən böyük miqyaslı hadisədir.