You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
AZAL: "İrana alınan biletlər geri qaytarıla bilər"
İran istiqamətinə alınan aviabiletlər geri qaytarıla bilər, Azərbaycan Hava Yolları bildirib.
Aviaşirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BBC News Azərbaycancaya deyib ki, biletlərə ödənilən məbləğ cəriməsiz geri qaytarılacaq.
"İrana alınmış biletlərini qaytarmaq istəyənlər onu cəriməsiz geri qaytara bilərlər. Hələlik İrana uçuş cədvəli müəyyən olunmadığı üçün biletləri dəyişmək mümkün deyil, lakin daha sonra bu da mümkün olacaq," - o bildirib.
Azərbaycan Hava Yolları fevralın 29-da İrana uçuşları dayandırıb. Aviaşirkətin rəsmi məlumatına əsasən, qərar "epidemioloji vəziyyətlə əlaqədar" qəbul olunub.
Şənbə günü İranla sərhədi iki həftə müddətinə bağlayan Azərbaycan İrandan gələn daha iki nəfərdə koronavirusun aşkar olunduğunu bildirib. Koronavirusa yoluxmanın ilk halı cümə günü qeydə alınıb.
Bundan əvvəl isə virus İrandan Azərbaycana gəlib, buradan Belarusa uçan şəxsdə tapılıb, Belarus Səhiyyə Nazirliyi cümə günü bildirib. Azərbaycan bu məlumatı nə təsdiq, nə təkzib edib, Səhiyyə Nazirliyi Belarusun onlara bu barədə rəsmi məlumat vermədiyini açıqlayıb.
İran Air şirkəti də Heydər Əliyev Aeroportuna uçuşlarına son qoyur.
Dünyada koronavirusdan ölüm halları 3000-i keçib. Bu ölümlərin 90 faizindən çoxu virusun yayıldığı Hubei bölgəsində baş verib.
Lakin bundan başqa, İranda 50-dən çox, İtaliyada 30-dan çox olmaqla 10 fərqli ölkədə də ölüm halları qeydə alınıb.
Dünyada 90 minə yaxın koronavirusa yoluxma halı təsdiq olunub.
Bundan əvvəl Azərbaycanda 224 nəfərin koronavirus şübhəsilə həkim nəzarəti altında olduğu deyilir.
Həmçinin oxuyun: