Parlament seçkisi: bu gün təşviqatın son günüdür

Çap edildi

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədlərin təbliğat-təşviqat müddəti cümə günü başa çatır.

Bu o deməkdir ki, fevralın 8-i səhər saat 8-dən, 9 fevral axşam saat 7-dək hər hansı namizəd öz təbliğatını davam etdirərsə, bu, ciddi qanun pozuntusu sayılacaq.

Milli Məclisə seçkilərdə namizədlərin təşviqat kampaniyası seçkiyə 23 gün qalmış, yanvarın 17-də başlayıb.

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Deputatlığa namizədliyi qeydə alınmış 1600-dən çox şəxsdən 320-yə yaxını namizədliyini geri götürüb.

Fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib. Onun həm də başqa ölkənin vətəndaşı olması əsas gətirilib.

V cağırış Milli Məclisin deputatı olmuş, yenidən namizədliyini vermiş Fərəc Quliyev rəqibi Mehman Hüseynova maliyyə yardımı təklif etdiyinə görə MSK-dan xəbərdarlıq alıb.

Hazırda 125 nəfərlik parlament uğrunda 1300-dən çox namizəd mübarizə aparır.