You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Elina Hacıyeva işi": zərərçəkmiş tərəfin vəkilləri cəzadan narazıdır
Cümə günü 14 yaşlı məktəbli Elina Hacıyevanın işi üzrə məhkəmə prosesində zərərçəkmiş tərəfin vəkilləri dövlət ittihamçısının təqsirləndirilən şəxsə istədiyi cəzaya etiraz ediblər.
2019-cu ilin aprelin 4-də məktəbli Elina Hacıyeva özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib. O, sonradan aparıldığı xəstəxanada vəfat edib. Onun ölümü ilə bağlı açılmış cinayət işinin istintaqında yalnız məktəbin keçmiş direktoru Sevinc Abbasova təqsirli bilinib.
Vəkillər həmçinin çərşənbə günü dövlət ittihamçısının təqsirləndirilən şəxs üçün tələb etdiyi 2,6 ay azadlığın məhdudlaşdırılma cəzası ilə razılaşmadıqlarını bildiriblər.
Prokuror Sevinc Abbasovaya 3 il 6 ay müddətinə cəza istəyib, amma əlavə edib ki, o, artq 6 aydır ev dustağıdır, ona görə də keçmiş məktəb direktoru 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin.
Sevinc Abbasova BBC News Azərbaycancaya açıqlamasında özünü Elina Hacıyevanın ölümündə təqsirli bilmədiyini bəyan edib.
Təqsirləndirilən tərəfin vəkili son söz demək üçün məhkəmədən vaxt istəyib.
Vəkillər dövlət ittihamçısının istədiyi cəzadan narazıdırlar
Səbail Rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesində zərərçəkmiş tərəfin vəkili Sevinc Əliyeva dövlət ittihamçısının təqsirləndirilən şəxsə cəza tələb edərkən "işdə ağırlaşdırılmış halların olmadığı" ifadəsi ilə razılaşmadığını deyib.
Vəkil çıxışında "təqsirləndirilən tərəfin hadisə baş verərkən affekt vəziyyətində olması" ilə bağlı arqumenti ilə razılaşmağın mümkün olmadığını, direktorun təcili yardıma zəng etmədiyi 85 dəqiqə ərzində 5 dəfə müxtəlif qurumlara zəng etdiyini" bir daha hakimin diqqətinə çatdırıb.
Zərərçəkmiş tərəfin digər vəkili Emin İsayev isə deyib ki, indiyədək "Elina Hacıyeva işi" ilə bağlı "heç bir vəsatət" məhkəmə tərəfindən təmin edilməyib.
Vəkil təqsirləndirilən şəxsə "mümkün ən ağır cəzanın həm də başqalarına dərs olması məqsədi ilə verilməsini" xahiş edib.
"Elina Hacıyeva işi" üzrə Sevinc Abbasova Cinayət Məcəlləsinin təhlükədə qoyma və səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddələriylə ittiham olunur.
"Elina Hacıyeva işi" ilə bağlı Sevinc Abbasovaya qarşı ilk olaraq "özünü öldürmə həddinə çatdırma" maddəsiylə cinayət işi açılsa da, istintaq zamanı həmin maddə onun üzərindən götürülüb.
Nə baş verib?
Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib. O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.
Baş Prokurorluq hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açsa da, ilkin rəsmi məlumatda yeniyetmə qızın məktəbin 3-cü mərtəbəsindən yıxıldığını qeyd etmişdi.
Elina Hacıyevanın anası Sevil Hüseynova BBC News Azərbaycancaya deyib ki, o, məktəbdə qızına qarşı olan pis davranışlar barədə məktəb müəllimlərinə və direktoruna dəfələrlə müraciət edib, amma bir tədbir görülməyib.
Sevil Hüseynova ölümlə bağlı "məktəbin direktorundan, dərs hissə müdirindən, həkimlərdən, bu işdə əli olan hər kəsdən şikayət" etdiklərini deyib.
Məktəblinin ölümündə yeganə təqsirli bilinən Sevinc Abbasova ona verilən ittihamları qəbul etmir.