Əfqanıstanda avqust ölümləri. BBC-nin araşdırması nə göstərdi?

BBC-nin araşdırmasına görə, avqust ayında Əfqanıstanda hər gün orta hesabla 74 nəfər həlak olub. Ölənlər arasında uşaqlar və qadınlar da var.
Ardı-arası kəsilməyən zorakılıq bütün ölkəni bürüyüb, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasıyla bağlı danışıqlarsa dalana dirənib.
BBC 2037 nəfərin həlak olduğu 611 insidentlə bağlı informasiyaları dəqiqləşdirə bilib.
Həm "Taliban" qruplaşması, həm də Əfqanıstan hökuməti BBC-nin əldə etdiyi məlumatların dəqiqliyini şübhə altına alıb.
Bir çox hallarda insanlar döyüş əməliyyatları zamanı həlak olublar (həlak olan "Taliban"çıların sayı gözləniləndən çox olub), amma ölənlərin beşdə biri dinc sakinlərdir.
Yaralananların sayı 1948 nəfərdir.
Həlak olanların statistikası Əfqanıstanda baş verənlərin kiçik indiqatorudur. Amma bu statistika ABŞ prezidenti Donald Trumpın Amerika hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı xarici siyasət hədəfini sona çatdırmağa çalışdığı ərəfədə vəziyyətin necə gərgin olduğunu göstərir.
Təxminən bir həftə əvvəl Trump ABŞ və "Taliban" arasındakı danışıqları dayandırıb, ancaq dialoqun yenidən bərpa ediləcəyi istisna olunmur.
Hərçənd atəşkəs mövzusu ümumiyyətlə müzakirə edilməyib və hər həftə yüzlərlə əfqan öldürülür. Bu ayın sonunda keçiriləcək prezident seçkiləri ərəfəsində zorakılığın artması təhlükəsi var.
İnsan itkiləriylə bağlı məlumatları BBC-nin necə əldə etdiyini məqalənin sonunda öyrənmək olar.
31 günün qətl xronikası
Avqustun çox sayda insanın ölümünə səbəb olmuş birinci həftəsindən sonra - İd əl-Fitr bayramı zamanı "Taliban" və hökumət qüvvələri hərbi əməliyyatları 3 günlüyə dayandırıblar.
Ancaq BBC bayram günlərində - 10 avqust axşamından avqustun 13-ü gün batana qədər 90 nəfərin həlak olması faktını dəqiqləşdirə bilib.
Ən çox ölüm hadisəsi avqustun 27-sində qeydə alınıb. 162 nəfərin həlak olması, 47 nəfərin yaralanması təsdiqlənib. Onların arasında döyüş dronlarının atəşinə tuş gələn "Taliban"çıların sayı çoxluq təşkil edir.
Xüsusilə çox sayda dinc əhalinin həlak olduğu 18 avqustda 112 nəfər ölüb. Onların böyük əksəriyyəti Kabildəki toyda baş vermiş partlayış nəticəsində zərər çəkib - 142 nəfər yaralanıb, 92 nəfər ölüb.
Baş vermiş hadisənin məsuliyyətini "İslam dövləti" təşkilatı öz üzərinə götürüb.

Daha çox kim zərər çəkib?
Təsdiq olunmuş ölümlərin təxminən yarısı "Taliban" hərəkatının döyüşçülərinə aiddir. Bu, gözlənilməz dərəcədə böyük rəqəmdir.
Bir neçə səbəb göstərmək olar. Məsələn, sülh danışıqları zamanı "Taliban" daha çox hücum əməliyyatları keçirib və buna görə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri aviahücumların və gecə hücumlarının sayını artırıb.
Nəticədə çoxlu "Taliban" döyüşçüsü həlak olub. Ölənlər arasında dinc sakinlər də var.
"Taliban"ın son illərdəki itkiləri barədə dəqiq məlumat yoxdur. Qruplaşmanın çətiri altında 60 min nəfərin vuruşduğu ehtimal olunur.
Avqust ayında min üzvünün həlak olmasıyla bağlı informasiyanı "Taliban" qətiyyətlə rədd edir. Hərəkatın bəyanatında deyilir ki, bu qədər çox döyüşçüsünün öldüyünü təsdiq edən heç bir sənəd yoxdur.
Taliblər deyirlər ki, BBC-nin məlumatları "Kabildəki xarici işlər və müdafiə nazirlərinin gündəlik təbliğatlarına əsaslanır".
Əfqanıstan güc strukturlarının itkiləri barədə məlumatlar ciddi şəkildə qorunur, ona görə də avqust ayının göstəriciləri barədə BBC-nin dəqiqləşdirdiyi məlumatlar həlak olanların faktiki sayından az ola bilər.
Əfqanıstan prezidenti Əşrəf Qəni yanvar ayında bildirmişdi ki, 2014-cü ilin sonlarından etibarən hökumət qüvvələrinin 45 min üzvü öldürülüb.
Əfqanıstanın Müdafiə Nazirliyi bəyan edib ki, BBC-nin informasiyası ciddi şəkildə öyrənilməlidir, amma yerlərdəki vəziyyətə əsaslanan daha ciddi araşdırmaya da ehtiyac var.
BBC avqust ayında 437 nəfər dinc əhalinin öldürüldüyünü, 786 nəfərinsə yaralandığını dəqiqləşdirib.
"Bu konflikt dinc əhali üçün əsl fəlakətə çevrilib. BMT-nin məlumatları inandırıcı şəkildə sübut edir ki, Əfqanıstanda hərbi münaqişəyə görə dünyanın hər yerindən çox dinc sakin ölür və yaralanır. Dinc əhali arasında qeydə alınmış ölüm hallarının sayı son dərəcə yüksəkdir və dərc olunmuş məlumatlar itkilərin tam həcmini əks etdirmir" - BMT-nin insan haqları üzrə Əfqanıstan şöbəsinin rəhbəri Fiona Frayzer belə deyib.
Amerika və Əfqanıstan hərbçiləri dinc sakinlər arasındakı ölüm hallarını, adətən, ya təkzib edir, ya da gizlədirlər.
Əfqanıstanda nə baş verir?
Xəbər başlıqlarında bir qayda olaraq böyük hadisələr əks olunur, məsələn, Kunduz şəhəri uğrunda döyüş və ya Kabil toyundakı partlayış kimi.
Ancaq münaqişənin böyük hissəsi əsasən Əfqanıstan hökuməti və "Taliban" arasında baş verən fasiləsiz kiçik toqquşmalardan ibarətdir.

BBC avqust ayındakı ölüm hadisələri barədə 34 əyalətin ancaq 3-ünə aid məlumatını dəqiqləşdirə bilib.
Hər 10 ölüm halından biri Qazni əyalətinin payına düşür. Bu narahat bölgə "Taliban"ın qalasıdır, ona görə də tez-tez Əfqanıstan hökumətinin hərbi əməliyyatlarının hədəfinə çevrilir.
Qazni üzrə əməliyyatların üçdə biri "Taliban"ın ehtimal edilən mövqelərinə pilotsuz aviasiya hücumlarından ibarətdir.
Əfqanıstan vətəndaşları son dərəcə qeyri-müəyyən şərtlər daxilində yaşadıqlarını deyirlər.
Uruzqan əyalətinin Mohibulla adlı sakini BBC əməkdaşıyla Kandaqar xəstəxanasında söhbət edib. Burda onun qardaşını əməliyyat ediblər - kürəyindəki gülləni çıxarmaq üçün.
"Adətən, bölgədə əməliyyat keçiriləndə insanlar heç yerə gedə bilmirlər. Ərazini tərk etmək istəyənlərə həm Amerika, həm də Əfqanıstan hərbçiləri atəş açır. Onlar bombalayıb gedirlər. Ətrafımızdakı bütün evlər dağıdılıb" - Mohibulla qəzəblə belə deyir.
Dünyanın ən qanlı konflikti?
Əfqanıstanda müharibə artıq 40 ildir ki, davam edir, son bir neçə ildə konflikt dalana dirənmiş vəziyyətdə olub.
Ötən il Hərbi Konflikt Zonalarında Məlumatların Toplanması Layihəsi (ACLED) Əfqanıstanda baş verənləri hərbi əməliyyatlar nəticəsində ölənlərin sayına görə dünyanın ən qanlı konflikti adlandırıb.
ACLED-in məlumatına görə, avqust ayında Əfqanıstanda Suriya və Yəməndəkindən üç dəfə çox adam ölüb.

2019-cu ilin iyun ayında Qlobal Sülhsevərlik İndeksi Əfqanıstanı dünyanın ən sülhsevməz ölkəsi adlandırıb.
BBC məlumatları necə əldə edib?
BBC Əfqanıstanda 1-31 avqust aralığında baş vermiş zorakılıq halları barədə 1200 məlumat toplayıb.
BBC-nin Əfqanıstan xidmətinin jurnalistləri bütün informasiyaları araşdırıblar - əhəmiyyətsiz hesab edilən, xəbər lentlərinə daxil olmayan hadisələrdən tutmuş böyük hücumlara qədər.
Məlumatların yoxlanması üçün BBC ölkə ərazisində çoxsaylı mənbələrlə, o cümlədən hökumət üzvləriylə, tibb işçiləriylə, icma rəhbərləriylə, yerli sakinlərlə, şahidlərlə, "Taliban"dakı mənbələrlə işləyən böyük komandadan istifadə edib.
Xəstəxanalarda pasientlərin xəsətlik tarixçələri öyrənilib. Məlumatın dəqiqləşdirilməsi üçün ən azı iki mənbənin təsdiqi tələb olunub. Xəstəxana qeydləriylə təsdiq edilən ölüm halları ikinci mənbə olmadan da etibarlı sayılıb.
Həlak olanların sayı təxmini göstəriləndə (məsələn, 10-12 nəfər), kiçik rəqəm daha dəqiq hesab edilib. Müxtəlif mənbələr fərqli rəqəmlər deyəndə, minimal göstərici qeydə alınıb. Nəticədə yüzlərlə informasiya ümumi məlumata daxil edilməyib, ona görə də hücumların və qurbanların faktiki sayı göstəriləndən xeyli çox ola bilər.


























