Ermənistanda parlament seçkiləri keçirilir

Şəklin mənbəyi, Karen MINASYAN / AFP via Getty Images
Bu gün, iyunun 7-də Ermənistanda parlament seçkilərinin səsvermə günüdür.
Seçkidə 18 yaşı tamam olmuş Ermənistan vətəndaşları iştirak edə bilər.
Seçki reyestrına əsasən, seçicilərin ümumi sayı 2 505 102 nəfər təşkil edir. Səsvermə yalnız ölkə ərazisində açılan 2005 seçki sahələrində keçirilir. Seçki məntəqələri səhər saat 8-də açılır və axşam saat 8-də bağlanır və nəticələrin hesablanması prosesi başlanır.
Seçkilərdə 18 siyasi qüvvə mübarizə aparır
Seçkilər proporsional (partiya və siyasi blok siyahıları üzrə) keçirilir.
Deputat mandatları üçün 18 siyasi qüvvə - 16 partiya və 2 blok mübarizə edir.
Bülleten nömrələri üzrə:
- İslahatçı Partiyası.
- "Mən hamıya qarşıyam" Demokrat .
- Güclü Ermənistan Bloku (siyahının 1-ci nömrəsi – Narek Karapetyan. Partiyanın faktiki lideri Rusiya vətəndaşı olan milyardçı sahibkar Samvel Karapetyandır).
- Ermənistan Meritokratiya Partiyası.
- İslahatçı Yeni Qüvvə Partiyası.
- Birlik Qanadları Partiyası (Arman Tatoyan).
- Firavan Ermənistan Partiyası.
- Milli Demokrat Qütb Ümumerməni Partiyası.
- Koçari - Milli Dirçəliş və Millətin Oyanışı Partiyası.
- Ermənistan Milli Konqresi Partiyası lideri Levon Ter-Petrosyan, siyahıda 1-ci nömrə - Levon Zurabyan.
- Respublika Partiyası.
- Xristian Demokrat Partiyası.
- Demokratik Birlik Partiyası.
- Demokratiya, Qanun, Nizam Partiyası.
- Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan).
- "Ermənistan" Partiyalar Bloku (Robert Koçaryan).
- Respublika Uğrunda - Demokratiya Müdafiəçiləri Partiyası.
- İşıqlı Ermənistan Partiyası.
Səsvermə ərafəsində açıqlanan bəzi sorğu nəticələrinə görə, Paşinyanın Vətəndaş Müqaviləsi, Rusiyalı milyardçı iş adamı Samvel Karapetyanın himayə etdiyi Güclü Ermənistan, ermənistanlı sahibkar Qaqik Tsarukyanın başçılıq etdiyi Firavan Ermənistan Partiyası və minimum səs faizi ilə Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan bloku Milli Məclisə mandat almaq şansına malikdirlər.
Seçkilərdə fəallıq həddinin minimumu yoxdur. Səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq, seçkilər etibarlı tanınır.
Milli Məclis ən azı 101 deputatdan ibarətdir. 4 milli azlığın nümayəndələri - yezidilər, ruslar, asurilər və kürdlər - üçün xüsusi mandatlar nəzərdə tutur.
Praktikada parlament çoxluğunu, müxalifətin təmsilçiliyini və milli azlıqların təmsilçiliyini təmin etmək üçün ayrılan əlavə mandatlar səbəbindən deputatların sayı 101-dən çox ola bilər.
Parlamentdə təmsil olunmaq üçün partiyalar minimum 5 faiz səs qazanmalıdır,
3 partiyadan az təşkil olunan bloklar üçün – 8 faizlik, 4 və ya daha çox partiyadan ibarət bloklar üçün 10 faizlik minimum hədd nəzərdə tutulur.
Parlamentdə azı üç qüvvə təmsil olunmalıdır. Buna görə, minimum həddi aşa bilməyən növbəti siyasi qüvvələrin faizləri müvafiq qaydada artırılır.
Daha çox səs qazanan qüvvə daha çox mandata sahib olur. Səslərin yarısına sahib olan qüvvə baş nazir vəzifəsinə təyin etmək üçün öz namizədini prezidentə təklif edə bilər.






















