You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ağstafada silahlı hadisə: ölən və yaralananlar var
Ağstafa rayonunda silahlı hadisədə yaralanmış üç nəfərin vəziyyətləri ağır-stabil və orta ağırdir, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi deyir.
Baş həkim Fatma Vəliyeva BBC News Azərbaycancaya bildirib ki, yaralılardan biri Qazax Diaqnostika Mərkəzində, biri Ağstafa Mərkəzi Xəstəxanasında, biri isə Gəncə 3 saylı xəstəxanada müalicə alır.
"Gəncəyə göndərdiyimiz xəstənin vəziyyəti ağırdır, ağır-stabildir. Qazaxda və Ağstafada olan xəstələrin vəziyyəti orta ağırdır", baş həkim qeyd edib.
Bazar ertəsi günü səhər saat 8 radələrində Ağstafa rayonunda 4 nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələnmiş silahlı cinayət törədilib, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov həbs olunub, qurumlar bildirir.
İlkin araşdırmaya görə, hadisənin şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə törədildiyini qeyd olunur.
Qurumların birgə məlumatında deyilir ki, bazar ertəsi günü saat 8 radələrində Böyük Kəsik kəndinin ərazisindəki bazarda satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayeva, onun oğulları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilova odlu silahla qətlə yetirilib.
"Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində Elnur Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib", məlumatda deyilir.
Şübhəlinin həbs edildiyi deyilir.
Hadisə zamanı daha 3 nəfərin də ağır bədən xəsarətləri aldığı bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanılıb.
Hadisə ilə bağlı Baş Prokurorluğunun və DİN-in əməkdaşları Ağstafa rayonuna ezam olunub.
Qurumlar hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirildiyini bildirib.