Rusiya̵: yanacaq böhranı necə dərinləşir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Sergey Kaqermazov, Yaroslava Kiryuxina
- Vəzifə, BBC Rusca
- Çap edildi
- Oxuma vaxtı: 9 dəq
Avqustun əvvəllərində Rusiyada neft emalı zavodlarına edilən hücumların güclənməsi fonunda ikinci yanacaq böhranı dalğası başladı.
İnsanlar yenidən yanacaqdoldurma məntəqələrindəki növbələrdən, qiymətlərin bahalaşmasından və benzinin keyfiyyətindən şikayətlənirlər.
BBC Rusca xidmətinin hesablamalarına görə, yanacaq problemləri ilə bağlı şikayətlər Rusiyanın ən azı 25 regionundan daxil olub.
Qıtlıqla, həmçinin Moskva da üzləşib.
İlhaq edilmiş Krımda isə böhranın birinci dalğası ümumiyyətlə bitməmişdi – orada böhran artıq bir neçə aydır ki, səngimir.
Yeni dalğa
"Şənbə axşamı (avqustun 15-də - red.) rəfiqəm ilə Moskvadan [Moskva vilayətinin] Korolyov şəhərinə evə qayıdırdıq. "Teboil" yanacaqdoldurma məntəqələrində növbələr gördük. Təəccübləndik. Sürücü isə dedi ki, baxın, yenə yanacaq qıtlığıdır. Birinci böhrandan qalan yüksək qiymətlər isə hələ də qalır", - deyə Mariya* danışır.
Avqustun 18-i axşam saatlarında o, Korolyovdakı "Teboil" və "Qazpromneft" stansiyalarına baş çəkib: benzin yox idi.

Şəklin mənbəyi, Personal archive
Avqustun ortalarından etibarən sosial şəbəkələrdə Moskvada yeni növbələr və yanacaq çatışmazlığı ilə bağlı şikayətlər artmağa başlayıb.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"RBK" nəşrinin məlumatına görə, benzinin artan tələbi səbəbindən bir sıra yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsi yanacaq satışına müvəqqəti məhdudiyyətlər qoyub.
"Qazpromneft"də məhdudiyyət bir avtomobilin çəninə 40 litr, "Tatneft"də isə 50 litr benzin və 60 litr dizel yanacağı təşkil edir.
Moskva vilayətinin Dubnə şəhərindən olan İvan* 95 markalı benzini tapmağın çətinləşdiyini müşahidə edib.
O deyir: "Təxminən üç həftə əvvəl "Qazpromneft" şəbəkəsinə məxsus stansiyada heç bir problemsiz və növbəsiz, litrini təxminən 69 rubla (təxminən 80 sent - red.) yanacaq doldura bilmişdim. Lakin ötən cümə günü, avqustun 14-də səhər saat 6:30-da ətrafdakı 95 markalı benzin olan yeganə şəbəkə YDM-i olan "Rosneft"də növbəyə durdum".
Lakin kişi həmin stansiyada yanacaq doldura bilməyib, çünki orada satışa məhdudiyyət qoyulmuşdu. Nəticədə, İvan qeyri-şəbəkə YDM-dən yanacaq almalı olub və litri üçün 106 rubl (təxminən 1,3 dollar) ödəyib.
Kiçik qeyri-şəbəkə yanacaqdoldurma məntəqələri, iri neft şirkətlərinə məxsus şəbəkə stansiyalarından fərqli olaraq, benzini birjada topdansatış qiymətlərinə alırlar.
İri şirkətlər isə çox vaxt öz hasil etdikləri neftdən istehsal etdikləri yanacağı satırlar. Bu, xərcləri azaldır və qiymətləri nəzarətdə saxlamağa imkan verir.
"Realnıye Ximki" teleqram kanalının müxbiri Dmitri Zubarev BBC-yə bildirib ki, o, bir həftədir ki, benzinlə bağlı problemlər müşahidə edir: "Benzinlə bağlı vəziyyət acınacaqlıdır. Əsasən səhərlər".
Onun sözlərinə görə, "Lukoyl", "Qazprom" və "Tatneft"də yanacaq doldurmaq demək olar ki, mümkünsüzdür.
Benzin qısa müddətə meydana çıxır, növbədə isə saat yarım dayanmalı olursan.
Zubarev qeyd edir ki, təmassız ödəniş sistemi olan yanacaqdoldurma məntəqələrində bəzən ödəniş yalnız tətbiq vasitəsilə keçir: uzun müddət növbədə durduqdan sonra son anda bunu öyrənmək mümkündür.
Tətbiq isə hamıda quraşdırılmayıb, həmçinin mobil internetdə də fasilələr yaranır. Onun sözlərinə görə, bəzi stansiyalarda yalnız yanacaq kartı ilə - şirkətlər üçün nəzərdə tutulmuş nağdsız hesabatlıq sistemi ilə ödəmək mümkündür.
Politoloq Mixail Vinoqradov avqustun 20-də səhr tezdən Üçüncü Nəqliyyat Halqası daxilində Moskvanın mərkəzindən keçdiyini danışıb.
Onun müşahidələrinə görə, oradakı yanacaqdoldurma məntəqələrinin yarısı bağlı olub. Növbələr isə ən azı bir saat çəkir.
Moskva vilayətinin Ximki şəhərinin keçmiş deputatı Anastasiya Stetsenko BBC-yə bildirib ki, vəziyyət artıq hətta həyətdə park edilmiş maşınların birindən gecə vaxtı benzinin oğurlanmasına qədər gəlib çıxıb.
Qıtlıq təkcə Moskvanı və Moskva vilayətini əhatə etməyib.
Tula sakini Aleksandrın* fikrincə, böhranın bu dalğası birincidən daha pisdir.
"Növbələr həddindən artıq böyükdür. Artıq hansısa 30-50 maşından söhbət getmir. Yollarda tıxaclar və sıxlıq yaradan, xüsusən də pik saatlarda bütün şəhərə mane olan kifayət qədər nəhəng növbələr var.
Demək olar ki, böhran pik həddə olmasa da, çox yüksək mərhələyə daxil olub. Bəzi yanacaqdoldurma məntəqələri daim bağlıdır. Haradasa, məsələn, səhər saat səkkizdən günortaya qədər, haradasa isə yanacaq bitənə qədər işləməyə başlayıblar.
Məsələn, işdən sonra axşam saat səkkizə qədər növbədə durdum və, təəssüf ki, yarım saat keçdikdən sonra YDM bağlandı, buna görə də bahalı olanına sürməli oldum. Kommersiya məntəqələrində qiymətlər çox qalxıb", - deyə Aleksandr* sadalayır.
Onun sözlərinə görə, 95 markalı benzinin bir litri 110 rubla (təxminən 1,3 dollar) başa gəlir.
Rosstat-ın avqustun 17-nə olan son məlumatlarına görə, Tula vilayətində bu markaların orta qiyməti müvafiq olaraq, təxminən 77 və 89 rubl təşkil edib.
Aleksandr həyat yoldaşı ilə birlikdə böhranın ikinci dalğasını təxminən avqustun 9-da hiss edib. Cütlük üçün benzin fasilələri böyük problemdir, çünki onlar şəhər kənarında, Aleksandrın iş yerindən 35-35 km aralıda yaşayırlar və o, iki gün işləyib iki gün dincəlmək rejimi ilə işə gedir.
Tulada yanacaq problemləri barədə Anna* da danışıb: "Benzinlə bağlı hər şey pisdir. Onlarla yanacaqdoldurma məntəqəsindən, demək olar ki, yalnız üçündə var".
Anna qiymətlərdən şikayətlənmir, amma növbələrdə durmaq məcburiyyətində qalır. "Bu gün (avqustun 18-də - red.) həyat yoldaşım tez durdu: səhər saat 7:20-də artıq yanacaqdoldurma məntəqəsində idi və nəhəng növbənin sonunda [qaldı], o, yalnız saat 9:50-də yanacaq doldura bildi", - deyə o danışır.
Təxminən iyul ayından etibarən Lipetsk şəhərində də benzinlə bağlı problemlər yaranıb. "Bizdə vəziyyət kədərlidir: benzini nadir hallarda gətirirlər, növbələr uzundur", - deyə yerli sakin BBC ilə bölüşür.
Avqustun əvvəlindən etibarən yanacaq problemlərini Rusiyanın ondan çox regionunun hakimiyyət orqanları rəsmi olaraq etiraf ediblər.
BBC-nin Rusca xidməti Rusiyanın ən azı 25 regionunda yanacaq fasilələri və böyük növbələr barədə avqust ayı ilə bağlı məlumatlar tapıb.
İyunun sonundakı birinci böhran dalğası zamanı benzinlə bağlı problemlər, demək olar ki, bütün ölkə üzrə müşahidə olunurdu.
Hazırda yanacaq satışına məhdudiyyətlər yalnız ayrı-ayrı regionlarda tətbiq olunur, məsələn, Lipetsk vilayətində avtomobil nömrəsindən asılı olaraq yanacağın tək və cüt günlərdə satış sxeminə qayıtmağa başlayıblar. Çox vaxt yanacaqdoldurma məntəqələrinin özləri limit tətbiq edirlər.
Ukraynanın blokadası səbəbindən yayın əvvəlində yaranmış yanacaq və elektrik enerjisi problemi ilhaq edilmiş Krımda o vaxtdan bəri səngimir.
"Bizdə iyun ayından bəri benzin yoxdur, əgər bəzən gəlibsə də, az olub. Bir gün əvvəl qarşımızda 95 markalı benzin qurtardı. Həmişəki kimi səhərdən təxminən beş saat növbədə durduq. Qiymət - 215 rubl (təxminən 2,6 dollar - red.). Deyirlər ki, bir gün əvvəl 185 rubla görüblər. 100 oktanlı benzinin litri 299 rubldur (təxminən 3,60 dollar –red.). Dizel getdikcə daha çox yayılır. 20 litr doldururlar", - Yaltadan olan İrina* deyir.
Ötən il də Rusiyada benzin qıtlığı və onun qiymətinin artması müşahidə olunmuşdu — o zaman Ukrayna yenə də Rusiyanın neft infrastrukturuna hücum etmişdi. Lakin bu il böhran daha dərin olub, benzinin qiymətindəki artım isə BBC-nin hesablamalarına görə, xeyli güclüdür.
Bu il qiymətlərdə kəskin sıçrayışlar daha tez-tez baş verməyə başlayıb: 34 regionda benzin 20 faizdən çox bahalaşıb.
O, xüsusilə iyunun sonu və iyulun əvvəlində sürətlə bahalaşıb.
Avqustun əvvəlinə doğru artım kəskin şəkildə yavaşlayıb, bir çox regionlarda isə yanacaq ucuzlaşmağa başlayıb.
Lakin avqustun 11-dən 17-dək olan həftə ərzində qiymətlər yenidən artmağa başlayıb: AI-95 regionların təxminən yarısında orta hesabla təxminən 1,2% bahalaşıb. Bəzi regionlarda qiymət artımı daha güclüdür: məsələn, Krasnoyarsk diyarında AI-95 bir həftə ərzində dərhal 8% bahalaşıb.
"Budur, ikinci dalğadır", - deyə Müstəqil Energetika və Maliyyə İnstitutunun analitikləri əmindirlər.
Onların qiymətləndirmələrinə görə, yanacaq qıtlığı barədə siqnallar ölkədəki yanacaqdoldurma məntəqələrinin təxminən üçdə birindən daxil olurdu.
İkinci dalğa niyə baş verdi?
Bu il böhranın yenidən kəskinləşməsinin əsas səbəbi Rusiya neft emalı zavodlarına (NEZ) edilən hücumlardır ki, onların sayı və miqyası ilin əvvəlindən bəri yalnız artır.
Təkcə avqustun ilk üç həftəsi ərzində Başqırdıstan, Tatarıstan, Samara, Yaroslavl və Orenburq vilayətlərindəki ən azı on iri zavod hücuma məruz qalıb.
İyul ayında ən azı 15, iyun ayında isə 14 NEZ hücuma məruz qalıb, ümumilikdə hücumların sayı aprel ayından etibarən artır.
2026-cı ildə zərər çəkmiş zavodların uzunmüddətli təmiri barədə xəbərlər də daha tez-tez peyda olmağa başlayıb: bu, hücumların effektivliyinin artmasının dolayısı ilə təsdiqi ola bilər.
Bu il Ukrayna dronlarının hədəfləri arasında may və iyun aylarında hücuma məruz qalmış Moskva Neft Emalı Zavodu (NEZ) da var idi.
Paytaxtın yanacaqla təmin olunması əhəmiyyətli dərəcədə bu zavoddan asılıdır.
Reuters agentliyinin mənbələri iyun hücumlarından sonra ehtimal edirdilər ki, zavod ən azı altı ay müddətinə sıradan çıxıb.
Lakin avqustun 17-də Karnegi Berlin Mərkəzi-nin böyük elmi işçisi Sergey Vakulenko (Rusiya hakimiyyəti "Beynəlxalq Sülh üçün Karnegi Fondu"nu "xarici agent" hesab edir) iddia edirdi ki, bəzi əlamətlərə əsasən, zavod artıq yarım gücü ilə olsa da fəaliyyət göstərir.
"Nasa Firms"in məlumatları göstərir ki, avqust ayında istilik aktivliyi zavodun Ukrayna Silahlı Qüvvələrinin hücumlarına qədər qeydə alındığı hissələrində yenidən peyda olub.
Bu, müəssisənin heç olmasa qismən işini bərpa etdiyini göstərə bilər.
Avqust ayında Orenburq vilayətindəki "Orsknefteorgsintez" NEZ də zərbə altında qalıb. Qubernator Yevgeni Solntsevin sözlərinə görə, onun təmiri üçün ən azı altı ay lazım olacaq.
Bloomberg agentliyi iyulun ortalarında bildirmişdi ki, Ukrayna hücumları dalğası Rusiyada neft emalını 21 ilin minimumuna endirib.
Bu məlumatlara görə, iyul ayında emal həcmi sutkada təxminən dörd milyon barrel təşkil edib: bu, 2005-ci ilin martından bəri ən aşağı səviyyədir.
Sergey Vakulenko hücumlar başlayandan bəri emalın azalmasını 25–28% qiymətləndirir.
"Bloomberg"in istinad etdiyi Beynəlxalq Energetika Agentliyinin iyul hesabatına əsasən, mayın əvvəlindən bəri Ukrayna hücumları Rusiya neft emalı güclərinin yarıdan çoxuna təsir edib.
BBC-nin hesablamalarına görə, hücumların əksəriyyəti iri şirkətlərin neft emalı güclərinin payına düşüb. Bəzi NEZ-lər müstəqil yanacaqdoldurma məntəqələri şəbəkələrinin onu satın aldığı Peterburq birjasında yanacaq satışını dayandırırdılar. İyulun ortalarında Kommersant qəzeti yazırdı ki, NEZ-lərin planlaşdırılan və qəza təmirlərindən sonra satışlar tədricən bərpa olunur.
NEZ-lərə edilən hücumlar səbəbindən yaranan yanacaq qıtlığı avqust ayında məhsul yığımı və yay tətili mövsümü zamanı benzin və dizel yanacağına olan ənənəvi yüksək tələbatla üst-üstə düşür.
Hakimiyyət nə edir?
Rusiyanın energetika naziri Sergey Tsivilyov Rusiyadakı yanacaqdoldurma məntəqələrində növbələrin yarandığını etiraf edib.
Onun sözlərinə görə, hökumət "bu problemi həll etmək üçün fəal şəkildə çalışır".
Hakimiyyətin addımları bir neçə əsas istiqamətə yönəlib: onlar qiymətlərə sərt şəkildə nəzarət etməyə, benzinin xaricə satışını məhdudlaşdırmağa və idxalı artırmağa çalışırlar.
Bu həftə Federal Antihonorq İdarəsi regionlarda neft şirkətlərinə və müstəqil şəbəkələrə qarşı, əsasən yüksək qiymətlərə görə 41 iş qaldırdığını bildirib.
İyulun 30-da hökumət yanacaq ixracına verilən tam qadağanı 2027-ci ilin yanvar ayının sonuna qədər uzadıb.
Qadağa artıq uzun müddətdir ki,qüvvədədir və yeni yanacaq böhranı dalğasının qarşısını ala bilməyib.
Benzin idxalı ilə bağlı da suallar yaranır. Bu yay Belarus Rusiya yanacaq bazarına əsas təchizatçıya çevrilib.
Lakin "Kommersant" qəzetinin yazdığı kimi, indi ölkənin iki neft emalı zavodundan biri planlaşdırılmış yay təmirinə dayanır. Bu, tədarükləri azalda bilər.
İyulun sonunda Mərakeşdən, bir neçə gün sonra isə Hindistandan benzinlə dolu ilk partiya Murmansk vilayətinə gəlib.
Reuters agentliyinin məlumatına görə, yaxın iki həftə ərzində Hindistandan Rusiya limanlarına bu cür azı iki yük də gəlib çatacaq.
Rusiyanın ixtisaslaşmış "İnfoTƏK" nəşri xəbər verirdi ki, Rusiyaya gətirilən Asiya mənşəli benzin hələ də bazara daxil olmayıb, çünki neft şirkətləri və tənzimləyicilər qiymətlə bağlı razılığa gələ bilmirlər.
Hindistandan çatdırılma ilə təklif olunan qiymət Rusiya birjasındakı qiymətdən təxminən iki dəfə baha başa gəlirdi.
Avqustun 19-da Peterburq Əmtəə-Xammal Birjasında idxal olunan 92 markalı benzinin satışına tonu 105 min rubl qiyməti ilə başlanılıb: bu, bazardakı digər benzindən bahadır.
Sergey Vakulenko yazırdı ki, Hindistandan gələn tədarük həcmi Rusiya bazarı üçün həddindən artıq azdır. Müstəqil maliyyə eksperti Kirill Kuçinskinin hesablamalarına görə, Rusiyaya ümumi benzin idxalı ən yaxşı halda aylıq istehlakın 12%-dən çoxunu örtməyəcək.

Şəklin mənbəyi, Getty Images
Hökumətin bazarı sabitləşdirmək üçün digər təşəbbüsü benzin keyfiyyətinə olan tələblərin yumşaldılmasıdır. Bu, bir tərəfdən bazara daha çox yanacaq çıxarmağa imkan verdi, digər tərəfdən isə keyfiyyətin pisləşməsini istehlakçılar dərhal hiss etdilər.
Xakasiyanın Sayanogorsk şəhərindən olan BBC həmsöhbəti bildirir ki, avtomobilinin çəni daha tez boşalmağa başlayıb: yanacaq sərfiyyatı artıb. Yaltadan olan İrina qeyd edir ki, yanacağın qoxusu kəskinləşib, bəzən əvvəlkindən xeyli tünddür, lakin "avtomobillər hələ ki hərəkət edir".
"Bəlkə də həyat yoldaşımla özümüzü inandırırıq: aramızda belə bir söhbət olub ki, deyəsən, maşını silkələyir, amma ehtimal ki, bu, keyfiyyətlə bağlı deyil. Mən kapotun altına girməmişəm, filtrə baxmamışam. Yaxşı ki, iki köhnə maşınımız var, onlar hələlik bu benzini həzm edirlər", - deyə Tuladan olan Aleksandr bildirir.
Həmin şəhərdən olan Annanı yanacağın keyfiyyəti narahat edir:
"Benzinin özünün keyfiyyəti pisdir. Biz "yeddi"də [VAZ-2107] sürürük, o, prinsipcə iddiasızdır, amma yenə də xarici avtomobil sahibləri şikayətlənirlər ki, maşınlar sıradan çıxmağa başlayır.
Ərim avto ehtiyyat malları mağazasında işləyir və danışır ki, maşın ustaları gəlib deyirlər ki, Çin avtomobilləri 95 markalı benzindən sonra [mühərrikin silindr] blokunun başlığının təmirinə ehtiyac yaranmağa başlayıb. Bu, təxminən 150 min rubldur, üstəlik onların əlavə ehtiyat hissələri də lazımdır və təmir artıq 200 [min rubldan] çox başa gələcək", - deyə Anna izah edir.
"Za rulom" jurnalının avtoekspertləri qeyd edirlər ki, müasir maşına birdəfəlik aşağı keyfiyyətli benzin doldurmaq qorxulu deyil, lakin bunu davamlı olaraq etsəniz, mühərrik sıradan çıxacaq.
Böhranın həlli yollarından biri də, görünür, hakimiyyətin bəzi yerlərdə tətbiq etməyə başladığı üsul - böhran haqqında danışanların cəzalandırılmasıdır.
"Mediazona"nın (Rusiya hakimiyyəti nəşri "xarici agent" hesab edir) məlumatına görə, Volqoqradda benzin qıtlığı səbəbindən İstintaq Komitəsinin rəhbərinə ünvanlanan kollektiv müraciətin iştirakçılarını cərimələməyə başlayıblar, Permdə isə məhkəmə yanacaq çatışmazlığına həsr olunmuş mitinqin təşkilatçısını cərimələyib.
*adlar dəyişdirilib



























