Azərbaycan: "Ermənistan tərəfi mövqelərimizi atəşə tutub". Ermənistan təkzib edir

Çap edildi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutduğunu bildirib.

Nazirliyin məlumatına görə, hadisə cümə günü axşam saatlarında baş verib.

MN bildirib ki, Qarabağdakı erməni silahlıları da Xocavənd rayonu istiqamətində yerləşən Azərbaycan mövqelərini atəşə tutub.

“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın məlumatını təkzib edib.

“Martın 24-ü axşam saatlarında Ermənistan Silahlı Qüvvələri bölmələrinin sərhədin bir neçə istiqamətində yerləşən Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil”, - məlumatda bildirilir.

Bundan əvvəl Azərbaycan Qarabağda erməni sakinlərin yaşadığı yerdə qanunsuz yol çəkildiyini bildirib və "baş verə biləcək tələfata görə" məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü deyib.

Tanınmamış “Dağlıq Qarabağ Respublikası” məlumat yayıb ki, dünən və bu gün səhər saatlarında Martuni (Xocavənd) rayonunun Maçkalaşen (Cütcü) kəndində üzüm sahəsində işləyən bir qrup erməni sakin “Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərindən müxtəlif növ və çaplı silahlardan atəşə tutulub”.

"Zərər çəkən yoxdur. Kənd təsərrüfatı işləri dayandırılıb", - məlumatda deyilib.

Azərbaycan bu məlumata reaksiya verməyib.

Azərbaycan: "Qarabağda qanunsuz yol çəkilir"

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Qarabağda ermənilərin yaşadığı ərazidə yeni yol çəkilir.

Nazirlik Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda yerləşdiyini bildirib.

MN bildirib ki, Rusiya sülhməramlıların nəzarətindəki ərazilərdən keçən yeni yol “qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə çəkilir”.

Müdafiə Nazirliyinin yaydığı videoda ekskavatorun qazıntı işlərini apardığı görünür.

Azərbaycan bildirib ki, Rusiya sülhməramlılarının "üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır”.

Rusiya Müdafiə Nazirliyi buna hələ ki, reaksiya verməyib.

Qurum "baş verə biləcək tələfata görə" bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü qeyd edib.

Ermənistandan buna reaksiya yoxdur.

Bir neçə gündür ki, Azərbaycan MN Rusiya sülhməramlılarını Qarabağda, Xankəndi-Xəlfəli-Turşsu yolu ilə erməni silahlıları üçün qanunsuz daşımalar həyata keçirməkdə ittiham edib.

Rus sülhməramlılarının buna reaksiyası bəlli deyil, lakin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Rusiyanın Ermənistan və Azərbaycan arasında son vaxtlar “düşmən ritorikanın” artmasından narahat olduğunu bildirib.

Azərbaycan "qanunsuz daşımaların" qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu təkrarlayıb.

Martın 22-də Ermənistan Azərbaycan tərəfindən atılan atəş nəticəsində bir hərbçisinin öldüyünü bildirib. Azərbaycan bu məlumatı təkzib edib.

"Azərbaycan Qarabağ üzrə danışıqlarda Rusiya variantını rədd edib"

Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulması barədə qarşılıqlı ittihamların səsləndirildiyi dövrdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, "Azərbaycan Qarabağ məsələsinin həllinə dair Rusiya variantını rədd edib".

O bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının iclasında müxalif millət vəkilinin sualını cavablandırarkən söyləyib.

Ararat Mirzoyan Rusiyanın “Dağlıq Qarabağın statusu məsələsini sonraya qoymaq”, Qərbin isə “Dağlıq Qarabağı Azərbaycanın tərkibində qoymaq” kimi mülahizələrin həqiqəti tam əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, status məsələsinin həllinin təxirə salınmasını nəzərdə tutan Rusiya variantı “müəyyən məqamda müzakirə olunub“, lakin "Azərbaycan tərəfindən rədd edilib".

Hazırda tərəflər arasında “Dağlıq Qarabağ xalqının” hüquq və təhlükəsizlik problemlərinin həlli üçün beynəlxalq mexanizmlərin yaradılmasını ehtimal edən variant ətrafında danışıqlar aparılır, Mirzoyan deyib.

Onun sözlərinə görə, həmin mexanizmlərin həyata keçirilməsi “Xankəndi ilə Bakı arasında birbaşa dialoq vasitəsilə baş verməlidir”.

Daha əvvəl Ermənistan XİN-i bəyan etmişdi ki, Yerevanla Bakı ikinci dərəcəli məsələlər üzrə hər iki tərəf üçün məqbul olan formul tapıblar, lakin gələcək sülh sazişinin əsas müddəaları üzrə mövqelərini hələ ki yaxınlaşdırmaq olmur.

Azərbaycan Prezidenti İlham Əliyev martın 21-də ABŞ dövlət katibi Antony Blinken ilə söhbətində deyib ki, "Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib".

İlham Əliyev onu da bildirib ki, Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazırdır və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün erməni sakinlər Bakıya dəvət edilib.

Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinin Azərbaycanın daxili işi hesab edir və bunu heç bir dövlətlə, o cümlədən Ermənistanla müzakirə etməyəcəyini bildirib.

Azərbaycan Prezidenti daha əvvəl deyib ki, sülh üçün Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməli olduğunu bildirib.

"Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır", İlham Əliyev martın 18-də bildirib.