Ermənistanın Xankəndiyə göndərdiyi “humanitar yardım karvanı Laçın dəhlizinin girişinə çatıb"

Çap edildi

Ermənistanın Qarabağa göndərdiyi humanitar yardım karvanı çərşənbə günü axşam saatlarında “Laçın dəhlizinin girişinə çatıb”, Armenpress agentliyi yazıb.

Bu, Qarabağ ermənilərinin “bölgədə humanitar böhranın dərinləşməsi” ilə bağlı çağırışları fonunda baş verir.

Bir müddətdir ki, Xankəndi/Stepanakertdən yayımlanan yerli tv kanalı və yerli bloqçular boş dükanlar və ərzaq növbəsinə duran sakinlərin videolarını paylaşırlar.

Rəsmi Bakı Ermənistanın Qarabağa yardım karvanı göndərməsini “təxribat” adlandırıb və humanitar böhranın dərinləşməsi iddialarını “siyasi manipulyasiya” adlandırıb.

Humanitar yardım karvanının hərəkətini Avropa İttifaqının Ermənistandakı Missiyası (AİEM) da izləyir, bu barədə missiyanın rəsmi Twitter səhifəsində məlumat verilib.

“Həkəri körpüsünə hadisələri müşahidə etmək üçün gəlmişik. Sizin kimi, biz də humanitar yüklə dolu maşınların Azərbaycan tərəfindən Laçın dəhlizi boyu hərəkətinə icazə verilib-verilməyəcəyini bilmirik. Baş verənləri hesabatımızda qeyd edəcəyik”, - AİEM-in rəhbəri Markus Ritterə istinadən Armenpress agentliyi yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Twitter hesabında Qarabağa göndərilən “360 ton yükün yalnız humanitar məqsəd” daşıdığını bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə Ermənistan tərəfinin bu addımını “spekulyasiya, manipulyasiya və qarayaxma” adlandırıb.

“Brüsseldə razilaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ qidaların daşınmasına tam olaraq hazırdır. Lakin bu yolun istifadəsinə icazə verilməməsi, yerli sakinlərin girov kimi istismar edilməsi, eləcə də ərzaq göndərilməsi prosesinin imitasiyalı formada təşkil olunması spekulyasiya, manipulyasiya və qarayaxmadan başqa bir şey deyil”, - Hikmət Haciyev öz Twitter hesabında yazıb.

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Brüsseldə Azərbaycan tərəfi ilə Ağdam yoluna dair hər hansı razılığın əldə edilmədiyini bildirib, Armenpress yazıb.

Avropa İttifaqı “keçmiş Dağlıq-Qarabağ Muxtar Vilayətində” yaranan humanitar böhrandan “dərin narahatlıq” keçirdiklərini bildirib və tərəfləri məsələni siyasiləşdirməməyə çağırıb, qurumun rəsmi saytında bildirilib.

“Azərbaycan hökumətinin Ağdam yolu ilə ərzaq məhsullarının daşınmasına hazır olduğunu bildirməsindən məlumatlıyıq. Lakin bu yol Laçın dəhlizinin yenidən açılmasına alternativ ola bilməz. Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizinin yenidən açılmasına dair verdiyi qərara baxmayarq, bu yolda hərəkətə 7 aydan çoxdur maneə yaradılır”, - Aİ-nin Ali Nümayəndəsi Josep Borrell-in yaydığı bəyanatında qeyd olunub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə avropalı rəsminin bəyanatından təəssüfləndiyini bildirib.

Nazirlik rəsmisinin cümə axşamı yaydığı məlumatda Azərbaycan tərəfinin gördüyü “legitim tədbirlərin” Laçın yolunun bağlanması kimi təqdim edilməsinin “kökündən yanlış olduğu” qeyd edilib.

“Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarlarının açıq-aydın şəkildə yanlış şərh edilməsinin heç bir nəticə verməyəcəyi aydın olmalıdır. Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın Laçın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən 6 iyul tarixli qərar bir daha göstərib ki, Azərbaycanın öz təhlükəsizliyini qoruması legitim tədbirdir”, - Ayxan Hacızadə bildirib.

Rəsmi Bakı tibbi məqsədlər üçün Laçın sərhəd məntəqəsindən keçidin davam etməsinə şərait yaradıldığını bəyan edib.

Çərşənbə axşamı Ermənistanın “Dağlıq Qarabağda humanitar böhranın həlli üzrə işçi qrupu bölgə əhalisinə təcili humanitar yardım (ərzaq və dərman preparatları)” göndərilməsi ilə bağlı qərarları təsdiqləyib, armenpress saytı yazıb.

Azərbaycan Dövlət Sərhəd Xidməti ötən gün yaydığı məlumatda Ermənistan tərəfinin bu addımını “təxribat” kimi qiymətləndirib.

“Əldə edilmiş məlumata əsasən, Ermənistan tərəfindən 26 iyulda Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə növbəti təxribat əməli planlaşdırılır”, - qurumun məlumatında bildirilib.

Harutyunyandan “fəlakət zonası” bəyanatı

Çərşənbə axşamı tanınmamış Dağlıq Qarabağ Respublikasının rəhbəri Arayik Harutyunyan Qarabağdakı vəziyyəti “fəlakət zonası” adlandırıb.

Harutyunyan Qarabağdakı ermənilərin fiziki mövcudluğuna təhlükə yarandığını deyib və beynəlxalq ictimaiyyətdən kömək istəyib, yerli media yazır.

Xankəndi/Stepanakertdən yayımlanan yerli tv kanalı və yerli bloqçular boş dükanlar və ərzaq növbəsinə duran sakinlərin videolarını paylaşır.

Rəsmi Bakı bildirib ki, sərhəd buraxılış məntəqəsinin yaradılmasından sonra “erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün şərait” yaradılmışdı. Ancaq iyunun 15-də Laçın dəhlizində sərhəd-keçid məntəqəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra "müvafiq tədbirlər" görməsi səbəbi ilə ümumi gediş-gəliş dayandırılıb.

Qarabağa humanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin bu keçiddən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq ittihamlarına görə məhdudlaşdırılıb.

“Qızıl Xaç” humanitar əməliyyatın bərpasını istəyir

Çərşənbə axşamı günü Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda Laçın dəhlizi və ya Ağdam marşurutu ilə əhaliyə humanitar yardım daşıya bilmədiyini bildirib və humanitar əməliyyatın bərpası üçün çağırış edib.

“On minlərlə insan bu marşurutlar üzərindən onlara gələcək humanitar yardımı gözləyir. Hazırda oradakı əhali həyati əhəmiyyətli dərmanlar və gigiyenik vasitələr, uşaq qidaları kimi ilkin təlabat məhsullarının yoxluğundan əziyyət çəkir”, - qurumun bəyanatında deyilir.

Rəsmi Bakı Ağdam-Xankəndi yolunu təklif edir

Azərbaycan Xarici İşlər Nazirliyi “Qızıl Xaç”a cavab bəyanatında bildirib ki, Ağdam-Xankəndi yolundan istifadə etməklə qarşı tərəfə yardım çatdırıla bilər.

“Böyük miqdarda dərman preparatları, yüklərin daşınması və tədarükü üçün Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif edilib. Lakin, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir”, - Azərbaycan XİN bildirib.

Bundan əvvəl, rəsmi Bakı tibbi məqsədlər üçün Laçın sərhəd məntəqəsindən keçidin davam etməsinə şərait yaradıldığını açıqlamışdı.

Paşinyan: “Qarabağ Azərbaycan ərazisidir”

Elə bu ərəfədə, Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.

O, Rusiya Prezidenti Vladimir Putinə istinadən bunları deyib: “Beynəlxalq hüquq nöqteyi-nəzərindən, mən də bu barədə danışmışan, bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm. Ermənistanın özü də Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Odur ki, bu mənada, sözügedən halı nəzərə alaraq, beynəlxalq hüquq nöqteyi-nəzərindən, Dağlıq Qarabağ da Azərbaycandır”.

Yerevanda və Qarabağda etiraz mitinqi

Paşinyanın mətbuat konfransından sonra Yerevanın Azadlıq meydanında “Dağlıq Qarabağa dəstək” şüarı altında mitinq keçirilib.

“Artsax bizik” təşəbbüs qrupunun fəalı Liana Petrosyan Azadlıq meydanına toplaşanların “Artsaxın (Qarabağ erməniləri keçmiş DQMV-ni Artsax adlandırırlar -red.) təkbaşına buraxılmadığını” dünyaya çatdırmaq istədiklərini bəyan edib:

“Məqsədimiz lal-kar dünyaya çatdırmaqdır ki, Dağlıq Qarabağ tək 120 min vətəndaş deyil, həm də məcburi köçkünlər, Ermənistanda və diasporada yaşayan və Dağlıq Qarabağın ağrısını bölüşən bütün soydaşlarımızdır”.

Qarabağda separatçı qurumun “dövlət naziri” Qurqen Nersisyan deyib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasına dair Yerevandan səslənən “istənilən şifahi, ya da yazılı bəyanat yolverilməzdir”.

O bildirib ki, “Dağlıq Qarabağ xalqının taleyini yalnız Dağlıq Qarabağ xalqı” həll edə bilər.

Qarabağ erməniləri Azərbaycanın bir hissəsi olmaq istəmədiklərini bildirirlər.

Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşı hesab edir.

Rəsmi Bakı Qarabağ ermənilərinə reinteqrasiya təklif edərək onların hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyasına uyğun təmin ediləcəyini açıqlayıb.