Ukrayna müharibəsi: binaya hücum vaxtı ölənlərin "sayı 34-ə çatıb"

Bİnanın dağıntıları

Şəklin mənbəyi, Donetsk vilayətinin hərbi administrasiyası

Çap edildi

Ukraynanın şərqində yerləşən Çasov Yar şəhərindəki yaşayış binasına endirilən hava zərbəsi nəticəsində ölənlərin sayı 34-ə çatıb, rəsmilər bildirir.

Ötən həftə sonu beşmərtəbəli binaya dəyən raket onun bir hissəsini darmadağın edib.

Ukrayna rəsmilərinin məlumatına görə, dağıntılar altından 34 nəfərin cəsədi tapılıb.

Onların arasında 9 yaşlı uşağın olduğu deyilir.  

Bu barədə Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri bildirib.

"Xilasedicilər Çasov Yar şəhərində binanın dağıntıları altından artıq 34 ölü və 9 yaralı çıxarıblar. Ölənlər arasında bir uşaq da var", - Pavel Kirilenko deyib.

Onun sözlərinə görə, səhərə olan məlumata görə, dağıntıların təxminən 70 faizi təmizlənib və əməliyyat davam etdirilir.  

Xarabalıqlar altından 9 nəfəri xilas etmək mümkün olub, rəsmilər bildirir.

Rusiya Çasov Yar şəhərindəki hücumu şərh edərək  “millətçilərin cəmləşdiyi” yerə zərbə endirdiyini təsdiqləyib.

Ötən həftənin əvvəlində Rusiya Luhansk vilayətini nəzarət altına alandan sonra döyüşlərdə “operativ  fasilə” elan edib.  

Lakin Ukrayna rəsmiləri Rusiyanın hələ də “bütün cəbhə xətti boyunca” əməliyyatlar apardığını qeyd edirlər.