Anar Kərimov Mədəniyyət naziri təyin olunub, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

Anar Kərimov

Şəklin mənbəyi, Azərbaycan Mədəniyyət Nazirliyi

Çap edildi

Anar Kərimov Mədəniyyət naziri təyin olunub, Əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsi "davam edir", Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib, bu gün Rusiya mediası köçürülmədən sonra evləri Azərbaycan ərazisinə düşmüş 9 ailənin Şurnux kəndinin Ermənistana məxsus hissəsində yerləşdiyini yazıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Anar Kərimov Azərbaycanın Mədəniyyət naziri təyin olunub, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Mədəniyyət naziri vəzifəsinə təyin olunanadək, o Azərbaycan mədəniyyət nazirinin birinci müavini olmaqla yanaşı, həm də nazir vəzifələrini icra edib.

Anar Qabil oğlu Kərimov 1977-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunda anadan olub.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb.

Diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində attaşe, üçüncü katib kimi başlayıb.

2004-2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib.

2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb.

2010-2014-cü illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində fəaliyyətini davam etdirib.

2014-cü ilin may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi təyin edilib.

9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Anar Kərimova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilmişdir.

2019-cu ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini vəzifəsinə təyin edilib və Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona həvalə olunub.

Əsir və girovların, meyitlərin dəyişdirilməsi "davam edir"

Ismayil Axundov

Şəklin mənbəyi, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsi "davam edir".

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilmiş mətbuat konfransında açıqlayıb, yerli media yazır.

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən görülmüş tədbirlərlə dekabrın 14-də "hamının-hamıya" prinsipi ilə növbəti humanitar proses həyata keçirilib. Həmin proses nəticəsində Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Üçtərəfli Bəyanata uyğun olaraq sonuncu proses dekabrın 28-də həyata keçirilib. Azərbaycanda saxlanılan 58 nəfər erməni milliyyətindən olan şəxs geri verilib. Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs saxlanılır. Qarşı tərəfdə isə 2 mülki şəxs saxlanılır," media cənab Axundovdan sitat gətirib.

Məlumata görə, İsmayıl Axundov həmçinin vurğulayıb ki, burada "əsas vəzifə əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsidir".

"Prezident İlham Əliyevin tapşırığı ilə humanizm prinsipləri rəhbər tutularaq birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Dövlət Komissiyası bu il oktyabrın 29-da, dekabrın 2-də, 9-da, 11-də və digər tarixlərdə Ermənistan vətəndaşı olan şəxsləri, habelə erməni hərbi qulluqçuları qarşı tərəfə təhvil verib", cənab Axundov deyib.

Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri - əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsinin təminatıdır.

2021-ci il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib

Ilham Əliyev Nizami Gəncəvi İli 2021-ci il Sərəncam

Şəklin mənbəyi, President.az

2021-ci il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

"2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram", sərəncamda deyilir.

Azərbaycan Nazirlər Kabinetinə "Nizami Gəncəvi İli" ilə bağlı sərəncamdan irəli gələn tədbirlər planının hazırlanıb həyata keçirilməsilə bağlı göstəriş verilib.

Köçürülmədən sonra 9 ailə Şurnux kəndində qalıb

Kavkazskiy Uzel

Şəklin mənbəyi, Kavkazskiy Uzel

Şurnux kəndinin bir hissəsi Azərbaycana verildikdən sonra buradakı evlərini tərk etmək məcburiyyətində qalmış 9 ailəyə müvəqqəti mənzil verilib, daha üç evin sahibləri isə qohumlarıgilə gediblər.

Bu barədə xəbər verən Kavkazskiy Uzel saytı Sünik vilayətinin Şurnux kəndinin Azərbaycana məxsus ərazisini yanvarın 4-dək boşaltmalı olan 12 ailənin bəzilərinin evləri boşaldarkən yandırdığını bildirib.

"Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçdikdən sonra evlərini tərk etmək məcburiyyətində qalan 12 ailədən doqquzu kənddə yaşamaq üçün qalıb. Evlərdən birinin sahibi Sünik valisi Narek Babayanın sözlərinə görə, yaşlı bir qadın öz mənzil məsələsi həll olunana qədər Kapandakı qızının yanına köçüb. Daha iki ailə qohumlarının yanında yaşamaq üçün Gorisə köçüb. Qalanları Şurnuxdakı boş evlərə yerləşiblər. "İnsanlar müvəqqəti iki ev istədi. Qubernator onlara bu mənzili verdi. Və indi bu 12 ailənin 9-u kənddə yaşayır," - sayt erməni mediasına istinadən yazıb.

Xəbərə görə, "erməni sərhədçiləri və Rusiya hərbçiləri də mübahisəli ərazidə yerləşiblər".

Xəbərdə həmçinin bildirilir ki, Azərbaycan hərbçiləri Ermənistanın Sünik bölgəsinin Şurnux kəndindəki sərhədlərin müəyyənləşdirilməsi üçün "2020-ci ilin dekabrında iş apararaq və bu yaşayış məntəqəsinin 12 evin yerləşdiyi hissəsinin Azərbaycana məxsus hissəsinin yanvarın 5-dək tərk edilib, geri qaytarılmasını tələb edib".

BBC News Azərbaycanca bu barədə Azərbaycanın aidiyyatlı dövlət qurumlardan hələlik şərh ala bilməyib.

Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlayıb 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinini birgə bəyanatı ilə başa çatıb.

Üçtərəfli birgə bəyanata görə, Şuşa şəhəri də daxil olmaqla, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər də daxil olmaqla işğal altında qalmış bir sıra Azərbaycan əraziləri geri qaytarılıb. Qarabağa rus sülhməramlıları yerləşdirilib. Burada Ortaq Rus-Türk Müşahidə Mərkəzinin yaradılmasına qərar verilib.