Qrossmeyster Teymur Rəcəbov: “Çox gərgin oyun idi”

Şəklin mənbəyi, Getty Images
Teymur Rəcəbov "Airthings Masters" turnirində Levon Aronyana qalib gəlib, Azərbaycanın iki universiteti ən yaxşı dünya universitetləri reytinqində 601+ aralığında qərarlaşıb, Müdafiə Nazirliyi Qubadlının Yenikənd kəndindən görüntülər paylaşıb, ANAMA 2020-ci ildə iki mindən çox "operativ və təxirəsalınmaz" əməliyyat keçirib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Rəcəbov-Aronyan matçında Azərbaycan şahmatçısı qələbə çalıb
Ötən gün "Champions Chess Tour" çərçivəsində onlayn keçirilən "Airthings Masters" turnirinin final mərhələsinin həlledici matçı keçirilərək qalib müəyyənləşib.
Final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla mübarizə aparıb.
Birinci matçda Teymur Rəcəbov rəqibini 2,5:1,5 hesabla məğlub edib: birinci, ikinci və üçüncü partiyaları heç-heçə edən Rəcəbov dördüncü partiyada qələbə qazanıb.
Teymur Rəcəbov qələbə qazandıqdan sonra chess24 YouTube kanalına müsahibəsində deyib ki, bütün fikrini və konsentrasiyasını sona qədər saxlamağa çalışıb.
"Bəli, bəzən mən də emosional oluram. Bu, doğrudan çətin idi və mən çox xoşbəxtəm. Sakit təbiətli insanlar tanıyıram ki, onlar əslində çox emosionaldır. Mən sadəcə emosiyalarımı göstərməməyə çalışıram. Sonda isə bunu bacarmadım. Çünki çox gərgin oyun idi və mən sonda qarşılaşmanı xilas edə bildim. Düşünürəm ki, yeni ilə bundan yaxşı başlamaq olmazdı", - Teymur Rəcəbov deyib.
Qrossmeyster Teymur Rəcəbov finala yarımfinalın iki matçında rusiyalı Daniil Dubovu 5:1 hesabla məğlub edərək çıxıb.
Turnirin 200 min ABŞ dolları olan ümumi mükafat fondunun 60 mini qalibə çatacaq.
Azərbaycanın iki universiteti ən yaxşı dünya universitetləri reytinqində yer alıb

Şəklin mənbəyi, AƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti ən yaxşı dünya universitetlərini müəyyən edən "Universitetlərin Nüfuz Reytinqi 2020" ("THE University Impact Rankings 2020") cədvəlində yer alıb.
Reytinq cədvəlini dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" açıqlayıb.
Cədvələ əsasən, Azərbaycanın UNEC və Xəzər Universitetləri reytinqdə 601+ aralığında qərarlaşıblar.
Qurum sıralamanı 2020-ci il üçün universitetlərin BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri"nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə aparıb.
Zəngilanın Rəbənd kəndindən görüntülər

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi Zəngilan rayonunun Rəbənd kəndindən videogörüntülər paylaşıb.
Zəngilan rayonu Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ilə dayandırılmış İkinci Qarabağ Müharibəsi zamanı işğaldan azad edilib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 1
Müdafiə Nazirliyi Qubadlının Yenikənd kəndindən görüntülər paylaşıb

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Qubadlı rayonunun Yenikənd kəndindən videogörüntülər paylaşıb.
Qubadlı rayonu Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ilə dayandırılmış İkinci Qarabağ Müharibəsi zamanı işğaldan azad edilib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 2
ANAMA 2020-ci ildə iki mindən çox "operativ və təxirəsalınmaz" əməliyyat keçirib

Şəklin mənbəyi, AZƏRTAC
2020-ci il ərzində ANAMA-ya daxil olmuş 2 560 siqnal (əməliyyat çağırışı) əsasında 2 055 operativ və təxirəsalınmaz əməliyyat keçirilib, AZƏRTAC agentliyi ANAMA-ya istinadən yazıb.
Agentlik yazır ki, "Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 38 rayon və Bakı da daxil olmaqla 6 şəhərin 762 hektar ərazisindən ümumilikdə 13 513 ədəd partlamamış hərbi sursat, piyada və tank əleyhinə mina və 39789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib".
"Nəticədə Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 161 ha ərazi təmizlənib, 3 613 ədəd partlamamış hərbi sursat (PHS), 4 559 ədəd piyada əleyhinə mina, 3 278 ədəd tank əleyhinə mina (cəmi: 11 450 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib," xəbərdə deyilir.
Xəbərdə həmçinin bildirilir ki, "ANAMA-nın 21 ildən artıq fəaliyyəti ərzində 54 885 hektar ərazi təmizlənib, 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib".
"2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində 7 mina/PHS hadisəsi qeydə alınıb, nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 6 nəfər isə həlak olub" məlumatda vurğulanır.


























