You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Yeniyetmə övladınız elə hey lağlağı edir? Bu, ağıl əlamətidir!
- Müəllif, David Robson
- Vəzifə, BBC Future
- Çap edildi
Uşaqlar sarkazmı başa düşmürlər, amma iynəli istehzalar məhz yeniyetmələrə xas davranış hesab olunur. Bəs valideynlər üçün heç də həmişə xoş olmayan bu danışıq tərzi haqqında elm nə deyir?
Mən sizə desəm ki, sarkazm dilin ən güclü vasitələrindən biridir, çox güman, ilk sözünüz "Təbii ki!" olacaq. Amma, ola bilsin, mənim bir az ironiya etdiyimi düşünəcəksiz.
Oscar Wilde-ın məşhur paradokslarından birində deyilir ki, "Sarkazm zəkanın ən aşağı səviyyəsidir". Hərçənd bəzən insanlar mahir söz ustasının bu fikrin davamı olaraq dediklərini unudurlar: "… amma ağlın ən güclü formasıdır". Bu linqvistik ekssentriklik valideynlərə və pedaqoqlara xüsusilə şübhəli görünə bilər.
Amma psixoloqlar və neyrofizioloqlar da eyni fikirdədirlər. Sarkazm çevik və ixtiraçı zəkanın xüsusiyyətidir. O, bayağılıqdan uzaqlaşmağa kömək edir, fikri daha dəqiq çatdırır və birmənalı deyimlərlə müqayisədə daha çox zehni qabiliyyət tələb edir.
Yeniyetmələrin lağlağıçılığına yuxarıdan aşağı baxmayın - əslində, bu, yetkinlik əlamətidir. Uşağın ironiyanı qiymətləndirməsi və mənimsəməsi üçün illər tələb olunur. "Bu heç də asan məsələ deyil" - Kanadanın Kalqari Universitetində çalışan psixolinqvist Penny Pexman belə deyir.
Ancaq ağlın səyləri özünü doğruldur. Sarkazm ünsiyyəti canlandırır; kobudluğu yumşaldır; komplimentləri pafossuz, bizi daha yaradıcı edir və pis ovqatla mübarizə aparır.
Pexman sarkazmın vacibliyinə o qədər əmindir ki, ironiya çatışmazlığından əziyyət çəkənlər üçün xüsusi kurs açıb.
Kuklalar yalan danışır, ya lağlağı edir?
Sarkazmın təbiətini başa düşmək üçün uşaqlığa xas xüsusiyyətləri xatırlamaq lazımıdr. Pexman bunu lağlağıçı kuklaların köməyilə aşkar edib.
Təcrübələrinin birində o, uşaqlara səhnəciklər göstərib. Jane adlı kukla qızılgül şəkli çəkməyə çalışıb, amma bacarmayıb. Kukla Anne ona "Sən ki əla rəssamsan!" deyib. Oyuncaq Sam bağı alaq otlarından təmizləyib və bu işi çox yaxşı və tez başa çatdırıb. Amma oyuncaq Bob ona "Sən çox pis bağbansan" deyib.
Beş yaşına qədər uşaqlar bu sözlərdəki sarkazmı hiss edə bilməyiblər və əsasən belə reaksiya veriblər - "Bu kuklar yalan deyirlər!"
Sözlərin gizli məna daşıya biləcəyini onlar zaman keçdikcə dərk edirlər, nüansları hiss etmək qabiliyyəti də sonrakı illərdə yaranır. Lap axırda onlar zarafatları anlamağı və lağlağıları hiss etməyi öyrənirlər. Pexman deyir ki, "Bu, adətən, 9-10 yaşlarında baş verir".
Ətrafdakıların ovqatını və niyyətini təxmin etmək bacarığından sonra yumor hissi inkişaf edir. Həm birincisi, həm də ikincisi zaman keçdikcə güclənir.
Digər amillər söz ehtiyatının zənginləşməsi, qrammatikanın mənimsənilməsi və sarkazmı intonasiyadan anlamaq bacarığıdır. Sonuncusu ünsiyyət təcrübəsiylə əldə edilir.
Pexman deyir ki, uşaq bütün bu hissələri bir araya gətirməyi bacarmalıdır:
"Ayrı-ayrılıqda onların heç biri ironiyanı başa düşməyə kömək etmir".
Onun araşdırması ev mühitinin və valideyn nümunəsinin aparıcı rolunu ortaya çıxarıb - valideynlər tez-tez sarkazmla danışırlarsa, uşaqlarda bu qabiliyyət daha tez inkişaf edər. Ekspert qeyd edir ki, "Təxminən dörd yaşından etibarən uşaqlar başqalarını hiss etməyə başlayırlar və başa düşürlər ki, insanların dedikləri tamam başqa məna da daşıya bilər".
Sarkazm kompleks fenomendir. Uşaq həmsöhbətin həqiqətən nə düşündüyünü və dediyi sözlərlə əslində nə ifadə etmək istədiyini təxmin etməlidir. Bunu öyrənmək asan deyil. Yeddi yaşına qədər insan əks mənaları ümumiyyətlə müqayisə edə bilmir.
Təxminən 12 yaşında yeniyetmə bu mürəkkəb bacarıqlara yiyələnir və onları təcrübədən keçirməkdən, başqalarının üzərində sınamaqdan həzz alır.
Printerdəki çəhrayı kağız
Övladlarınızın sarkazmını onların böyüməsinin yeni mühüm mərhələsi kimi qəbul edib buna sevinməli olduğunuza hələ də inanmamısınızsa, Nottingham Universitetində çalışan psixoloq Ruth Filik-in həyata keçirdiyi təcrübəylə tanış olun.
Maqnit rezonans tomoqrafiyasına qoşulmuş iştirakçılar bəzi hallarda ironiya ehtiva edən gündəlik hadisələr haqqında oxuyublar.
Bu variantda zarafat situasiyanın özünə aiddir:
"Bernice and Caitlin Amerika universitetlərindən birinin psixologiya fakültəsinə daxil olurlar və öz rezümelərini dərc etməyə gedirlər. Printerdə ancaq cəhrayı vərəqlər olduğunu görən Bernice istehzayla "Çox rəsmi!" deyir".
Başqa bir variantda isə eyni ironiya konkret şəxsə ünvanlanıb, çünki Caitlin özü bilərəkdən çəhrayı vərəq götürüb.
Hər iki halda istehza beyində başqalarının hisslərini və niyyətlərini tanımağa məsul olan sahələri aktivləşdirib.
Amma sarkazm Caitlin-ə aid olanda nitq və yumor hissinə cavabdeh neyron şəbəkələrində daha böyük aktivlik müşahidə edilib. Ruth Filik belə deyir ki, "Başqa birinin nə demək istədiyini, nə üçün məhz bunu dediyini, ciddi olduğunu, yoxsa zarafat etdiyini başa düşmək üçün əlavə zehni səy tələb olunur".
Bu cür məşqlər faydalıdır. Fontenblodakı INSEAD biznes məktəbinin psixoloqu Li Huang Harvard və Kolumbiya universitetlərindəki həmkarlarıyla birlikdə müəyyən edib ki, insanlar sarkazmla danışanda, başqalarından sarkazm eşidəndə və hətta daha əvvəl eşitdiyi sarkazmları xatırlayanda daha yaradıcı düşünürlər.
Onun təcrübələrindən biri "şam probleminin" həllinə aid olub. İştirakçılara şam, kibrit və bir qutu mismar verərək mumu divara yerə damlamayacaq şəkildə vurmağın yolunu tapmağı xahiş etdilər.
Düzgün cavab qutunu boşaldıb divara vurmaq və şamı onun içinə qoymaq idi.
İştirakçıların yarısına yumoristik, digər yarısına isə ciddi söhbətlər xatırlamağı tapşırıblar. Birinci qrupda düzgün cavabların sayı 60%-dən çox olduğu halda, ikinci qrupda cəmi 30 faiz təşkil edib.
Bundan başqa, sarkazm məyusluq və stresslə mübarizəyə də kömək edir.
ABŞ-ın Qrinvill şəhərindəki Şərqi Karolina Universitetində çalışan Kathrin Rothermich deyir: "Bu, buxarı çıxarmaq üçün bir vasitədir".
Son araşdırmada o müəyyən edib ki, "Covid-19" pandemiyasında insanlar daha çox sarkazmla danışıblar - görünür, depressiya və narahatlığın kompensasiyası kimi. Sarkazmın əsas məqsədi dil sferasıyla əlaqəlidir - fikirləri daha parlaq və daha ifadəli etmək.
"Hərfi məna pərdəsinin arxasında alt məna gizlənir" - Penny Pexman belə deyir. Sarkazm lağlağını qəzəbdən təmizləməyə və tənqidi yumşaltmağa xidmət edir. Əks halda ona sərt cavab verilə bilərdi.
Yuxarıda qeyd olunan bütün tədqiqatlar yetkin yaşlı insanları əhatə edib, ancaq təxmin etmək olar ki, yeniyetmələr də eyni hissləri yaşayırlar və mənfi emosiyaların öhdəsindən gəlmək üçün onlar da çətin vəziyyətlərdə sarkazmdan istifadə edirlər.
İroniya sənətini mənimsəmək
Övladlarının istehzalı, lağlağı tonuyla qarşılaşan valideynlər tez-tez şok yaşayırlar və çarəsizlik hiss edirlər. Çünki sarkazm böyüklərə xas sinizmlə assosiasiya olunur və buna görə də onlar lağlağını çox sevdikləri uşaq saflığının sonu kimi qiymətləndirirlər.
Xüsusən də o hallarda ki, yeniyetmə ancaq bu şəkildə danışır. Belə təsəvvür yaranır ki, uşağınız, deyəsən, dərin və səmimi hisslərə qadir deyil.
Ancaq gəncləri mühakimə etməyə dəyərmi? Hesab edək ki, onlar incə və həyat üçün faydalı bir alətdən istifadə üçün məşq edirlər.
"Uşaqlar bu sənətə yiyələnmək istəyirlər, çünki gündəlik həyatda insanların özlərini çox vaxt birbaşa ifadə etmədiklərini görürlər" - Ruth Filik belə deyir.