Mamikon Xocoyan ailəsindən məktub alıb, lakin cavab yaza bilməyib

Mamikon Xocoyan

Şəklin mənbəyi, Other

Çap edildi

Yanvarın 28-də Ermənistan-Azərbaycan sərhədini Tovuz rayonu istiqamətində keçib tutulmuş Ermənistan vətəndaşı Mamikon Xocoyanın ailəsi onun səhhətindən narahatdır, kənd başçısı deyir.

“Xeyli vaxtdır, heç bir məlumatımız yoxdur", bu barədə BBC Azərbaycancanın Yerevan müxbirinə Mamikon Xocoyanın yaşadığı Nerkin Karmirağbyur kəndinin başçısı Kamo Çobanyan deyib.

"Mümkünsə, elə lap sizin vasitənizlə Azərbaycan hökumətinə müraciət edək ki, o ölüm ayağında olan 77 yaşlı kişini buraxsınlar. Ondan nə diversant? Televiziya ilə də göstəriblər... Əl-ayağını vurub zədələyiblər...” – Tavuş vilayətində yerləşən kəndin başçısı deyir.

Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevan ofisi nümayəndələri son dəfə fevralın 4-də Xocoyanın ailə üzvlərinə telefonla məlumat veriblər ki, BQXK Bakı ofisinin nümayəndələri Mamikon Xocoyanla görüşüb.

“Qırmızı Xaç Xocoyanın oğluna dediklərini mənə də deyiblər. Ailəsinin məktubunu ona çatdırıblar. Cavab məktubu yazmayıb. O elə halda deyil ki, yaza bilsin. Əl-qolu zədəlidir, bir də ki, onun başı ilə problemləri var”, - Çobanyan söyləyib.

Daha əvvəl BQXK Yerevan ofisinin nümayəndəsi Zara Amatuni Bakı nümayəndəliyi əməkdaşlarının Mamikon Xocoyanla görüşüb, ailə üzvlərinin məktubunu ona ötürdüklərini bildirmişdi.

O, həmçinin bu kimi hallarda əsirin səhhətinə xüsusi diqqət yetirildiyini, lakin, BQXK mandatına əsasən, bu barədə hər hansı məlumat təqdim etməyə icazə verilmədiyini bildirib.