Türkiyə Prezidenti yeni hökumətin tərkibini açıqlayıb

Çap edildi
Oxuma vaxtı: 11 dəq

Şənbə günü parlamentdə keçirilən andiçmə mərasimindən sonra üçüncü prezidentlik müddətinin icrasına başlayan Recep Tayyip Erdoğan yeni hökumətin tərkibini açıqlayıb.

Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsinin sədri vəzifəsini icra edən Cevdet Yılmaz Türkiyənin yeni vitse-prezidenti olub.

Kabinetdə diqqəti çəkən ən mühüm təyinatlardan biri kimi, Milli İstihbarat Təşkilatının (MİT) sədri Hakan Fidanın xarici işlər naziri vəzifəsinə keçməsidir.

Bu, ilk dəfədir MİT rəhbəri Türkiyə diplomatiyasının başına gətirilir. Hakan Fidan bu vəzifədə Mevlüt Çavuşoğlunu əvəzləyib.

Yeni kabinetdə artıq Hulusi Akar da olmayacaq. Müdafiə naziri vəzifəsinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler təyin edilib.

Hazırkı kabinetdə olan nazirlərdən 15-i son seçkilərdə qalib gələrək parlamentə daxil olub. Mevlüt Çavuşoğlu və Hulusi Akar da daxil olmaqla, onlardan heç biri yeni hökumətdə təmsil olunmayıb. Bunun ən mühüm səbəbi AKP-nin TBMM-dəki yerlərinin sayının azalmasıdır.

Erdoğanın kabinetini açıqlamasından sonra partiyadakı səs itkisini müzakirə edəcəyi gözlənilir. Xalq Alyansı seçkilərdə qalib gəlsə də, 14 may seçkilərində AKP təxminən 7 faiz səs itirdi.

Üçüncü prezidentlik müddəti

Şənbə günü Türkiyə Prezidenti parlamentdə and içərək üçüncü prezidentlik müddətinə başlayıb. Recep Tayyip Erdoğanın inauqurasiya mərasiminə Azərbaycan və Ermənistan liderləri də daxil, xarici və yerli rəsmilər qatılıb.

Türkiyə Böyük Millət Məclisinə (TBBM) gələn Recep Tayyip Erdoğana seçkilərdə qələbə protokolunu Milliyyətçi Hərəkat Partiyasının lideri və müvəqqəti TBBM sədri Devlet Bahçeli təqdim edib.

Bundan sonra Türkiyə Prezidenti Mustafa Kemal Atatürkün məqbərəsini ziyarət edib. Rəsmi proqram çərçivəsində həmçinin hökumətin yeni tərkibinin açıqlanacağı gözlənilir.

Prezident iqamətgahında Recep Tayyip Erdoğanın səlahiyyətlərinin icrasına başlaması ilə bağlı mərasimə 20-dən çox dövlət və hökumət başçısı ilə yanaşı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi bir çox beynəlxalq qurumların nümayəndələri qatılıb.

Onların arasında Azərbaycan və Ermənistan liderləri də olub. Postsovet dövründə Ermənistan Türkiyə Prezidentinin inauqurasiyasında cəmi bir dəfə, 9 il əvvəl, xarici işlər naziri səviyyəsində iştirak edib.

Son vaxtlar Türkiyə ilə normallaşma prosesinə qədəm qoymuş Ermənistanın Baş naziri mayın 28-də Twitter hesabından Erdoğanı yenidən seçilməsi münasibətilə təbrik edib.

"Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik", Nikol Paşinyan yazıb.Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın inauqurasiya mərasimi keçirilib

Mayın 28-də seçkilərin ikinci turunun başa çatmasından sonra çıxış edən Recep Tayyip Erdoğan deyib ki, xalq ona və onun administrasiyasına növbəti 5 il ərzində ölkəni idarə etmək səlahiyyətlərini verib.

"85 milyonluq bütün millət qalib gəlib", o, Ankaradakı sarayından qələbəni qeyd edən izdihama səslənib.

Recep Tayyip Erdoğan birlik çağırışı etsə də, rəqibi Kemal Kilicdaroglunu ələ salıb, həbsdəki kürd liderini və LGBT icmasını hədəfə alıb.

Müxalifət lideri bu seçkiləri "son illərin ən ədalətsiz seçkisi" adlandırıb.

Türkiyənin yeni Prezidenti - Recep Tayyip Erdoğan

Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) sədri Ahmet Yener Recep Tayyip Erdoğanın 52,14 faiz səs qazanaraq ölkənin yeni prezidenti olduğunu bildirib.

O deyib ki, seçki qutularının 99,43 faizi açılıb. Ahmet Yenerin sözlərinə görə, iki rəqib arasında səs fərqi 2 milyon 253 min 478-dir.

Erdoğan təxminən 27 milyon 500 min, Kılıçdaroğlu 25 milyon 260 min səs qazanıb.

MSK-nın açıqlamasına görə, 800 mindən çox səslə bağlı nəticə hələ sistemə daxil edilməyib, amma bu qədər səsin hamısının namizədlərin hər hansına birinə getməsi vəziyyətində belə nəticənin dəyişməyəcəyi görünür və buna görə də ilkin nəticələrə görə, Türkiyənin yeni Prezidenti Recep Tayyip Erdoğandır.

Erdoğanın balkon çıxışı

Cənab Erdoğan Ankarada Prezident sarayının qarşısında çıxışında növbəti 5 illik idarətetməni ona verdiyi üçün təşəkkür edib.

"Qazanan sadəcə sadəcə biz deyilik, qazanan Türkiyədir, qazanan demokratiyamızdır", o deyib.

Cənab Erdoğan bildirib ki, bu gün kimsə itirməyib, "85 milyon millətin hamısı qazanıb".

Erdoğan çıxışında deyib ki, "fransız, alman, ingilis" nəşrlərində onu yıxmaq üçün hərəkətə keçirilmişdi. "İndi onlar da uduzdu", - Erdoğan deyib.

O, seçiminə görə "kimsəyə qızğın, qırğın, qəzəbli" olmadığını, artıq seçki məsələlərini geridə buraxıb "milli hədəflər ətrafında birləşmə zamanı" olduğunu söyləyib.

"İndi seçkilər başa çatdıqdan sonra biz bütün vaxtımızı və enerjimizi işləməyə, əsərlər istehsal etməyə və xidmət etməyə ayıracağıq", - deyə cənab Erdoğan bildirib.

İnflyasiyanın yaratdığı qiymət artımlarının yaratdığı problemlərin həlli və rifah itkilərinin ödənilməsi qarşıdakı günlərin ən aktual mövzusudur, o əlavə edib.

Recep Tayyip Erdoğan: "Qalib yalnız Türkiyədir"

Bir neçə saat əvvəl Recep Tayyip Erdoğan İstanbulda, Kısıklıda da çıxış edib: "Qalib yalnız Türkiyədir, millətimizin bütün təbəqələrinin arzularını birlikdə həyata keçirdik".

"Prezident seçkilərinin ikinci turunu başa vurduq. İki bayram arasında bizə demokratiya günü yaşadan millətimə minnətdarlığımı bildirirəm.

Seçkiyə gedərək özlərinin və övladlarının gələcəyi üçün iradəsini ortaya qoyan bütün vətəndaşlarıma təşəkkür edirəm. Qalib yalnız Türkiyədir, millətimizin bütün təbəqələrinin arzularını birlikdə həyata keçirdik", - o deyib.

Erdoğan CHP sədri Kemal Kılıçdaroğluna müraciət edərək deyib: "CHP-nin deputatlarının sayı 2018-ci ildə 146, 2023-cü ildə 169 idi. Amma ümumilikdə 1 faiz səsi belə olmayan müəyyən partiyalara 40 deputat verdi. Bəs nə oldu? İndi CHP 129-a düşüb. CHP, yəqin ki, millət vəkillərinin hesabını cənab Kemaldan istəyəcək".

Erdoğan deyib ki, qarşıda 2024-cü il, İstanbul bələdiyyə seçkisi var və onu da qazanmaq üçün dayanmayacaqlar.

O, Ankaraya gedəcəyini və balkon çıxışını Külliyedən edəcəyini söyləyib.

Seçkilərinin ilk turunda ən çox səs toplayan iki namizəd - Recep Tayyip Erdoğan və Kemal Kılıçdaroğlu bu gün ikinci turda üz-üzə gəliblər.

Meral Akşener: "Ümid edirəm, qalib gəlmək onun gözünü bir daha örtməyəcək…"

İYİ partiya sədri Meral Akşener mətbuat konfransında seçkinin nəticələri ilə bağlı danışıb və Prezident Erdoğanı yenidən seçilməsi münasibətiylə təbrik edib və deyib ki, millətin iradəsi, səsləri əsasdır.

Meral Akşener əlavə edib ki, seçkiyə görə aylardır kölgədə qalan problemlərə, əsasən də iqtisadiyyata diqqət yetirmək, məsələlərin həll yollarını tapmaq vaxtıdır.

"Bütün qarayaxmalara, bütün təxribatlara baxmayaraq, millətimiz öz demokratik hüququndan istifadə etdi. Bu mesajı anlamaq və anladıqdan sonra lazım olanı etmək bizim borcumuzdur. İYİ partiya olaraq bunu layiqincə yerinə yetirəcəyimizə heç kim şübhə etməsin", - Meral Akşener bildirib.

Akşener Prezident Recep Tayyib Erdoğanın İstanbulda verdiyi açıqlamada istifadə etdiyi üslubu pisləyib:

"Ümid edirəm ki, qalib gəlmək ambisiyası onun gözünü bir daha örtməsin, böhtanlar, təhqirlər havada uçmasın, bu dəfə ona səs verən və verməyən hər bir vətəndaşın prezidenti olduğunu qəbul edib ona uyğun hərəkət edər".

"Biz ümid edirdik ki, harda qalmışdıq deyib hamının prezident olmağı, ağlabatan şəkildə görüşüb problemlərini danışa biləcəyimiz yol seçəcək. İnşallah ki, bu biabırçı davranış sonuncudur, çox qınadım, çox təəssüf edirəm", - deyə Meral Akşener Erdoğanın çıxışında "Bay, bay, bay Kamal" deyərək dəstəkləyicilərinin ona istehza etməsinə şərait yaratmasını qınayıb.

"Millət İttifaqı davam edəcəkmi?" sualına o, "Hazırda hadisələr çox istidir, hələ heç nə deyə bilmərəm" deyə cavab verib.

Prezident sarayı qarşısında: yorğun uşaqlar, xoşbəxt valideynlər

Ankaradan BBC News müxbiri Ece Göksedef yazır.

Burada Ankarada toplaşan izdiham Erdoğanın gəlişini gözləyir.

Bir uşaq anasına çox yorğun olduğunu deyir və anası belə cavab verir: "İndi [müxalifətin] CHP binasının qarşısında şənlik ola bilərdi - Allaha şükür edib dəstək üçün burada qalmalıyıq".

Bəzi insanlar sıxlıqdan şikayətlənirlər. Bir qadın əsəbiləşir və iki həftədir bu anı gözlədiklərini deyir: "Əlbəttə, izdihamlıdır" deyə qışqırır. "Belə olmalıdır!"

Putin Erdoğanı qələbə münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Recep Tayyib Erdoğanı açıq-aşkar yenidən seçilməsi münasibətilə təbrik edib, Kreml məlumat yayıb.

Putinin məktubunda deyilir: "Seçkilərdə qələbə Türkiyə Respublikasının rəhbəri kimi sizin fədakar əməyinizin təbii nəticəsi, türk xalqının dövlət suverenliyini möhkəmləndirmək və müstəqil xarici siyasət aparmaq səylərini dəstəklədiyinin bariz sübutu idi".

Erdoğan və Putin uzun müddətdir müttəfiqdirlər və Türkiyə NATO müttəfiqləri ilə müqayisədə Rusiyanın Ukraynaya təcavüzünə daha neytral yanaşır.

Kemal Kılıçdaroğlu: "On illərin ən ədalətsiz seçki prosesini yaşadıq"

Türkiyədə 13-cü prezidentliyə namizəd Kemal Kılıçdaroğlu seçkinin ikinci turundan sonra CHP qərargahında keçirdiyi mətbuat konfransında deyib ki, on illərin "ən ədalətsiz seçki prosesini" yaşayıblar: "Dövlətin bütün vasitələri bir siyasi partiyaya səfərbər edildi, bir adamın ayağı altına qoyuldu".

Cənab Kılıçdaroğlu "mənəvi və qanunsuz təzyiqlərə, yayılmaq istənən qorxu mühitinə qarşı mübarizə aparan" Millət İtifaqı rəhbərlərinə, onların təşkilatlarına, seçicilərinə, seçki qutularının qayğısına qalan vətəndaşlarına təşəkkür edib.

CHP lideri bildirib ki, xalqın "avtoritar hakimiyyəti dəyişmək istəyi bütün təzyiqlərə baxmayaraq" ortaya çıxıb: "CHP və Millət İttifaqı bütün ünsürləri ilə bütün cəbhələrdə mübarizə aparır. Ölkəmizə əsl demokratiya gələnə qədər biz bu mübarizənin öncülləri olmağa davam edəcəyik".

"Bay, bay Kemal": Erdoğan rəqibini ələ salır

BBC News redaktoru Paul Kirby Ankaradan yazır.

Biz hələ də Kemal Kılıçdaroğlunun yalnız bir istiqamətə - Recep Tayyip Erdoğanın təbirincə desək, hakimiyyətinin daha beş ilinə aparan nəticələrə cavab verməsini gözləyirik.

O, İstanbulda avtobusun üstündə tərəfdarlarına "Yeganə qalib Türkiyədir" deyib.

Rəqibinə ordan "Bay, bay Kemal" deyib onu ələ salıb.

Erdoğan müxalifət partiyalarını LGBT tərəfdarlığında ittiham edərək, kampaniyasının sevimli mövzusuna da qayıdıb.

Bu, onun dini mühafizəkar bazasına işarədir, lakin bu, dörddə bir əsrdir hakimiyyətdə olan bir adam üçün çətin ki, böyük nitqdir.

O, 85 milyon türk üçün qələbə qazandığını israr etsə də, bu ölkənin demək olar ki, dərin qütbləşdiyinin aydınlaşmasıdır.

Sarayın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib

Ankaradan BBC News-un müxbiri Ece Göksedef yazır:

Ankarada prezident sarayının girişində təhlükəsizlik tədbirləri gücləndirilib.

Yüzlərlə tərəfdar Erdoğanın çıxışını dinləmək üçün içəri girməyə ümid edirdi, lakin növbə yerindən tərpənmir.

İndi insanlar çox uzaqdan da olsa, Erdoğana nəzər salmaq üçün burada qalmağa cəhd edirlər.

"Şərtlər bərabər deyildi"

BBC Türkcənin müxbiri Selin Girit yazır:

„Yekun nəticələr olmasa da, ilkin nəticələr prezident Erdoğanın 52 faizdən çox səs toplayaraq hakimiyyətini üçüncü onilliyə uzada biləcəyini göstərir.

Erdoğan bir daha sübut etdi ki, o, ona qarşı mərc eləmək üçün asan biri deyil; lakin müxalifətyönlü tənqidçiləri bunun bərabər bir yarış olmadığını deyirlər.

Onlar Erdoğan onilliklər ərzində ölkənin prezidenti və ən güclü adamı olduğu üçün bütün dövlət aparatı da əlində olduğunu iddia edirlər və tənqidçilərin fikrincə, o, əslində rəqib Kamal Kılıçdaroğlunu məğlub etmək üçün daha yaxşı yerdə idi, çünki şərtlər bərabər deyildi".

İlham Əliyev Recep Tayyip Erdoğanı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Recep Tayyib Erdoğana zəng edib onu seçkilərdə qələbəsi münasibətiylə təbrik edib, president.az yazıb.

Məlumata görə, Recep Tayyip Erdoğan da İlham Əliyevə Müstəqillik Günü təbriklərini çatdırıb.

İlham Əliyev Recep Tayyib Erdoğanı Azərbaycana rəsmi səfərə dəvət edib, dəvət minnətdarlıqla qəbul edilib, Prezidenti saytı yazıb.

Macarıstanın Baş naziri və Qətər əmiri Erdoğanı təbrik edib

Ən son rəsmi məlumatda Erdoğan səslərin 54,47 faizini toplayıb və seçki qutularının yarısından bir qədər çoxu açılıb.

Lakin bu qeyri-müəyyənliyə baxmayaraq, digər ölkələrin liderləri artıq Türkiyənin hazırkı Prezidentini təbrik edirlər.

Qətər əmiri Təmim Bin Həməd Twitter səhifəsində yazıb: "Əziz qardaşım Recep Tayyip Erdoğan, qələbəniz münasibətilə sizi təbrik edir, yeni vəzifənizdə uğurlar arzulayıram".

Macarıstanın Baş naziri Viktor Orban da müttəfiqinin "şübhəsiz" qələbəsini alqışlayıb.

İki həftə əvvəl Erdoğanı məğlub etmək üçün böyük böhranlar kifayət etmədi

Bilgi Universitetinin professoru Emre Erdoğan BBC üçün yazıb:

14 may 2023-cü il seçkiləri çoxsaylı sürprizlərlə yadda qaldı, bunlardan biri Recep Tayyip Erdoğanın uzun sürən hakimiyyətinə son qoymağa çalışan altı partiyanın koalisiyasından ibarət "Altılı Masanın" gözləniləndən aşağı performans göstərməsi oldu.

Səsvermə həm Türkiyə prezident seçkilərinin ilk turunu, həm də parlamentin tərkibini müəyyən edib.

Çox fərqli siyasi baxışlardan olan partiyaları Millət İttifaqı adı altında toplayan və kürd siyasi hərəkatının da dəstəyini alan Altılı Masanın geniş spektri seçki qutusunda öz əksini tapmadı.

Pandemiya, Türkiyənin iqtisadi böhranı və fevral zəlzələsi kimi böyük böhranlar Erdoğanı məğlub etmək üçün kifayət etmədi. Və Erdoğanın rəhbərlik etdiyi AKP səs itirsə də, parlamentdəki üstünlüyünü qoruyub saxladı.

Bəzi müşahidəçilərə görə, Kemal Kılıçdaroğlunu dəstəkləyənlər seçkilərin ikinci turuna hazırlıqsız idi.

Bu, birinci turun sorğusunun nəticələrinin açıqlanmasında və bundan sonra təşviqat qrupunun dəyişdirilməsində göründü.

İkinci raund ərəfəsində siyasi danışıqların improvizasiyası və yürüdülən təbliğat siyasətində köklü dəyişikliklər də buna işarə edir.

Yüz minlərlə könüllü səssayma prosesini izləyir

Ankaradan BBC News-un müxbiri Ece Göksedef yazır:

"Müxalifət partiyalarının 400 mindən çox könüllüsü səsvermə, səslərin hesablanması və nəticələrin qeydə alınması zamanı seçki qutularına nəzarət etmək üçün müraciət edib.

Gökçe də onlardan biridir.

"Səslərimizi qorumaq üçün bunu etməli olmağımız çox pisdir, amma yenə də dövləti xalq formalaşdıracaq", - o deyir.

Nə qədər şüurlu olsaq da, səsvermə günü qanun pozuntularını dayandırmaq üçün dövlət öz işini görməlidir", - Gökçe əlavə edir.

Onun vəkil dostu, özü də könüllü olan Sena deyir ki, yüz minlərlə insan könüllü olanda özünü təhlükəsiz hiss edib: "Əlbəttə ki, bunu etməsəydik, daha yaxşı olardı".

"Valideynlərim mənə deyirdilər ki, onlar əvvəllər seçki orqanlarına və məmurlara güvənirdilər və əvvəllər heç vaxt seçki qutularına könüllü olaraq nəzarət etmək lazım olduğunu hiss etmirdilər, - o deyir və əlavə edir - Ancaq vəziyyət indi belədirsə, bu gün burada olmaq bizim məsuliyyətimizdir".

Seçicilərdən baxış: 'Başqa kimə güvənə bilərəm?'

BBC News-un müxbiri Ece Göksedef Ankaradan yazır:

"2002-ci ilin noyabrından bəri hakimiyyətdə olan, Prezident Erdoğanın rəhbərlik etdiyi AKP-ni dəstəkləyən bir qadını dinləyək.

Kırıkkale mərkəzi Anadoluda kiçik və mühafizəkar bir şəhərdir və Binnaz və dostlarının birgə dərziçilik etdiyi bu bölgə Erdoğanın qalası sayılır.

O, hər zaman öz prezidentləri Erdoğanı dəstəkləyəcəklərini deyir.

"Yeganə problem qiymətlərin artmasıdır, o bunu dayandırmalıdır. Mən onun bunun öhdəsindən gələcəyinə inanmaq istəyirəm", - dərzi Binnaz deyir.

Binnaz AKP-nin radikal islamçı kürd HUDA Partiyası ilə ittifaqından məmnun deyil, lakin əlavə edir ki, "Mən Erdoğandan başqa kimə güvənə bilərəm? Daha yaxşı alternativ olsaydı, niyə onlara hə deməyim ki? Amma müxalifət partiyalarının heç birinə etibar etmirəm".

Seçicilər seçki məntəqələri açılmazdan əvvəl növbələrə durmağa başlayıblar

BBC News-un müxbiri Ece Göksedef Ankaradan yazır:

"Yerli vaxtla saat 07:45 idi və seçicilər Ankaranın günəşli bir günündə səs vermək üçün artıq növbəyə durmuşdular. Məntəqələr saat 08:00-da açıldı.

Amma birinci turdakı kimi böyük növbə deyildi.

Seçicilərdən biri olan Şengül bunu "özünün ən vacib vəzifəsi və haqqı" adlandırır və deyir: "İlk iş olaraq səhər bunu etməli oldum ki, dincəlim".

Ondan gələcək beş il üçün gözləntilərini soruşduqda dedi: "Mən qadınların heç bir qorxu olmadan çölə çıxa biləcəyi və gələcəkləri ilə bağlı heç bir narahatçılıq keçirməyəcəkləri bir ölkə istəyirəm".

Bütün seçicilər növbə gözlədiyi üçün o, "çox ümidli" olduğunu söylədi".

Müxalifət: nəticələr tezliklə gələcək

BBC News-ın Avropa üzrə redaktoru Paul Kirby yazır:

"Mən Ankarada müxalifətin qərargahındayam, orada partiya sözçüsü Faik Öztrak bizə nəticələrin tez bir zamanda gələcəyini deyir.

Biz hələ də burada sükutla bağlı hesabat veririk - yəni heç bir proqnoz və ya exit-poll barədə məlumat verə bilmərik, - lakin işlərin necə göründüyünü başa düşəcəyik.

Kampaniya sükutu zamanı məhdudiyyətlər burada qeyri-adidir. Əksər ölkələr ən azı səsvermə zamanı ən son rəy sorğuları haqqında danışmağınızı qadağan edir. Amma burada bu qadağa daha uzun müddət davam edir və hətta spirtli içki satmaq da qadağandır.

İkinci tur problemsiz keçib

Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener prezident seçkilərinin ikinci turunun problemsiz başa çatdığını açıqlayıb.

Səsvermədə 81 bölgədə 191 885 seçki qutusundakı səslər hesablanacaq. İkinci turda ölkə üzrə 60 milyon 697 min 843 seçici iştirak etdiyi güman edilir.

Xaricdəki seçicilər siyahısında qeydə alınmış təxminən 3,5 milyon seçici üçün 73 ölkədəki 151 nümayəndəlikdə 167 məntəqədə seçki qutusu komissiyaları yaradılıb və xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatıb.

Xaricdə səs verən seçicilərin sayı 1 milyon 905 min 601 nəfər olaraq açıqlanıb.

AKP sədri və Cümhur İttifaqının prezidentliyə namizədi Recep Tayyip Erdoğan və CHP lideri və Millət İttifaqının prezidentliyə namizədi Kemal Kılıçdaroğlu eyni saatlarda səsverməyə gedib.

İstanbulda Recep Tayyip Erdoğan səsvermədən sonra deyib:

"İlk dəfə iki turdan ibarət seçkinin şahidi olduq. Cəmi iki namizəd var, ümid edirəm səsvermə tez bitəcək. Dünya tarixində 90 faizə qədər seçici fəallığı olan ölkə yoxdur. Türkiyə 90 faizə qədər seçici fəallığı ilə demokratiya üçün mübarizə aparıb və inanıram ki, bu gün də bunu [seçici fəallığı] eyni şəkildə gerçəkləçəcək".

Erdoğanın axşam saatlarında Ankaraya gedəcəyi gözlənilir.

Kemal Kılıçdaroğlu da səsvermədən sonra açıqlama verib:

"Təzyiqlərdən qurtulmaq, avtoritar idarəçilikdən qurtulmaq, bu ölkəyə azadlıq və demokratiya gətirmək üçün bütün vətəndaşları səs verməyə və səsinə sahib çıxmağa dəvət edirəm".

Kılıçdaroğlu seçkinin çətin şəraitdə keçdiyini ifadə edərək, "Ancaq xalqın sağlam düşüncəsinə güvənirəm. Səsindən istifadə edən və səsinin haqqını axtaran bütün vətəndaşlarımıza təşəkkür edirəm" deyib.

İlk turda ATA İttifaqının prezidentliyə namizədi olaraq yüzdə 5,17 səs toplayan və ikinci turda Erdoğanı dəstəkləməyə qərar verən Sinan Oğan səsvermədən sonra "Ümid edirəm ki, bu seçki sabitlik gətirəcək, ölkəmizə faydalı olacaq və bunda bizim də payımızın olacağına ümid edirəm".

Bazar günü keçirilən prezident seçkilərinin müvəqqəti nəticələri mayın 29-da açıqlanmalıdır.

İyunun 1-də isə seçkilərin yekun nəticələri elan olunacaq.

YSK tərəfindən təsdiqlənən rəqəmlər Rəsmi Qəzet, radio və televiziyada elan edilmək üçün əlaqədar orqanlara göndəriləcək.

Mayın 14-də türkiyəli seçicilər parlamentdəki 600 yer üçün də səs veriblər.

Bu gün (28 mayda) keçirilən prezident seçkisinin qalibi sadə səs çoxluğu ilə müəyyən ediləcək.

Mayın 14-də keçirilən səsvermədə seçicilərin təxminən 90 faizi iştirak edib.