You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qarabağda hərbi əməliyyatlar: Paşinyan “Dağlıq Qarabağ”, “təmas xətti” və “Laçın dəhlizi”ndən danışıb
Qarabağdakı son hərbi əməliyyatlardan sonra Ermənistan hökuməti rəhbərliyi "Dağlıq Qarabağın mühüm təhlükəsizlik institutları" barədə danışıb.
Rusiyanın TASS agentliyi xəbər verir ki, bu gün Rusiya Prezidenti Putin Təhlükəsizlik Şurasının operativ iclasında Qarabağdakı vəziyyəti müzakirə edib. "Üçtərəfli sazişin bütün müddəalarının təcili yerinə yetirilməsinin zəruriliyi vurğulanıb", - Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Cümə axşamı günü ABŞ Dövlət katibi Antony Blinken və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Dağlıq Qarabağ məsələsini müzakirə ediblər. Antony Blinken deyib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdırmaq və münaqişənin "uzunmüddətli siyasi həllinə" nail olmaq üçün "həmfikir tərəfdaşlarla" ikitərəfli əsasda, habelə ATƏT-in Minsk Qrupunun həmsədri kimi əməkdaşlığa hazırdır.
NATO rəsmisi Javier Colomina Twitter hesabında Azərbaycan və Ermənistanı hərbi əməliyyatları "dərhal dayandırmağa", gərginliyi azaltmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Qarabağda son günlərdir gərginləşmiş vəziyyət çərşənbə günü intensiv döyüşlərlə müşahidə olunub. Azərbaycan bir, Qarabağdakı erməni "Müdafiə ordusu" iki əsgərinin öldüyünü bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyi bəzi "əhəmiyyətli hakim yüksəklikləri" nəzarətə götürdüyünü bildirib.
Separatçı "Dağlıq Qarabağ" hakimiyyəti vəziyyətin gərginləşməsi fonunda "qismən səfərbərlik" elan edib.
Azərbaycan döyüşlərdən sonrakı vəziyyətlə bağlı məlumat yaymayıb. Ermənistan vəziyyətin gərgin qaldığını bildirir.
Vəziyyət "gərgin olaraq qalır"
Armenpress dövlət agentliyinin yaydığı məlumata görə, cümə axşamı keçirilən hökumət iclasında Ermənistanın Baş naziri bildirib ki, Qarabağda təmas xəttində hazırda aktiv hərbi əməliyyatlar olmasa da, vəziyyət çox "gərgin olaraq qalır".
"Biz bu gərginliyin azaldılması üzərində çalışmalıyıq", - Nikol Paşinyan bildirib.
Ermənistan lideri deyib ki, Azərbaycan "Dağlıq Qarabağın olmadığını deyərək, onu inkar etməyə çalışır" və bunu 10 noyabr bəyanatının "pozulması" kimi qiymətləndirib.
Nikol Paşinyan Azərbaycanın "bugünki mübarizəsinin" həm də təmas xəttinin mövcudluğuna, "Dağlıq Qarabağ"la Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizinə qarşı olduğuna bildirib.
"Biz gözləyirik ki, üçtərəfli bəyannamədə nəzərdə tutulduğu kimi, Rusiya sülhməramlı qüvvələri Azərbaycana bu fundamental institutları sarsıtmaq imkanını verməyəcək", - Ermənistan lideri deyib.
Nikol Paşinyanın sözlərinə görə, Azərbaycan daim "Dağlıq Qarabağ Müdafiə Ordusundan" və onun təmas xətti boyunca niyə yerləşdiyi barədə danışır.
"Əgər Rusiya sülhməramlı qüvvələri və Azərbaycan təmas xəttinin bütövlüyünə təminat versələr, mənə elə gəlir ki, Dağlıq Qarabağ Müdafiə Ordusunun döyüş növbətçiliyi çəkməyə ehtiyac qalmayacaq".
Paşinyan hesab edir ki, belə bir zərurət yalnız Azərbaycan sülhməramlıların mandatını imzalamaqdan "imtina etdikdən" və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını, "o cümlədən yuxarıda qeyd olunan, sənədin mahiyyətini təşkil edən bütün hərbi əməliyyatların dayandırılmasını mütəmadi olaraq pozduqdan sonra yaranıb".
Nikol Paşinyan onu da əlavə edib ki, Qarabağda Ermənistan Respublikasının hərbçiləri yoxdur.
Azərbaycan Ermənistan Baş Nazirinin bu ittihamlarına cavab verməyib. Ancaq rəsmi Bakı bildirib ki, ərazisində erməni silahlılarının olması "tamamilə qəbuledilməzdir" və Qarabağda Rusiya sülhməramlılarının məsuliyyəti ərazisində yerləşən erməni hərbi qüvvələrinin silahsızlaşdırılmasını tələb edir.
Prezident İlham Əliyev Azərbaycan erməni silahlılarının ərazisindən hələ də çıxarılmamasını 10 Noyabr Bəyannaməsinin "kobudcasına pozulması" kimi qiymətləndirib.
Prezient İlham Əliyev tez-tez vurğulayır ki, Azərbaycanda artıq "Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur". Rəsmi Bakı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil ərazilərin Qarabağ iqtisadı zonasına daxil edildiyini bəyan edib.
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ordusunun Qarabağdalı son hərbi əməliyyatını "Laçın dəhlizi ilə bağlı vəziyyətin birtərəfli şəkildə dəyişdirilməsinə cəhd" kimi qiymətləndirib. Bunu "qəbuledilməz" adlandıran Ermənistanın Xarici İşlər Nazirliyi hərbi əməliyyatla rəsmi Bakının 10 Noyabr bəyanatını "pozduğunu" bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın ittihamlarını "riyakarlıq" adlandırıb. Qurum son gərginliyə səbəb kimi "qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasını" göstərib.