You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan müxalifəti Yerevanda mitinq keçirib, hökümət "kütləvi iğtişaşlar" barədə xəbərdarlıq edib
Bazar günü Yerevanın mərkəzində müxalifətin daha əvvəl elan etdiyi mitinqi keçirilib.
Aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb ediblər.
Mitinqdə o cümlədən müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası iştirak edib.
Ermənistanın müxtəlif bölgələrindən Yerevana gəlmiş dörd yürüşün iştirakçıları bazar günü mitinqinə qoşulub.
Müxalifət qüvvələri şənbə günü dörd şəhərdən - İcevan, Tiqranaşen, Sardarapat və Baş Aparandan - paytaxt Yerevana yürüşə başlayıb, Ermənistan mediası bildirib.
Müxalifət hesab edir ki, Baş nazir Nikol Paşinyanın Qarabağa dair siyasəti "Ermənistan və Qarabağa" təhlükə yaradır.
Müxalifət qüvvələrinin aksiyasından əvvəl, şənbə günü Ermənistan höküməti ölkədə "kütləvi iğtişaşlar" təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında deyilir.
Təxminən iki həftədir ki, Yerevan və rayonlarda etiraz yürüşləri keçirilir.
Müxalifətin "ümumxalq" nümayişinə qatılmaq üçün ölkənin müxtəlif bölgələrindən paytaxt istiqamətində piyada yürüşlər təşkil olunub.
İndiyədək keçirilən aksiyaların qarşısı alınmayıb, hərçənd ki, etirazçılar arasında müntəzəm olaraq, saxlanılıb polisə aparılanlar barədə məlumat verilir.
"Sizi mümkün təxribatlara uymamağa, cəmiyyətdə nifrət və düşmənçiliyin yayılmasından çəkinməyə çağırırıq", - MTX-nin şənbə günü yaydığı bəyanatında deyilir. Açıqlamaya əsasən, vəziyyət tam nəzarət altındadır və "daxili təhlükəsizliyi" pozmaq cəhdlərinin qarşısı alınacaq.
Bir müddət əvvəl Nikol Paşinyan parlamentdə bəyan edib ki, beynəlxalq ictimaiyyət "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddinin "aşağı salınmasını" istəyir.
Bu bəyanat geniş rezonans doğuraraq, küçə etirazlarına təkan verib. Müxalifət Paşinyan hakimiyyətini "Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə" ittiham edir.
Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.