You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Gürcüstan seçkiləri: müxalifət mer postları uğrunda mübarizəni davam etdirir, Saakaşvili həbsdədir
- Müəllif, Nina Ahmeteli
- Vəzifə, BBC Rus Xidməti
- Çap edildi
Gürcüstanın hakim Gürcüstan Arzusu Partiyası (GAP) yerli seçkilərdə səslərin təxminən yarısını qazanıb, amma müxalifətçilər ölkənin əsas şəhərlərində mer seçkilərinin ikinci turunda revanş götürməyə hazırlaşırlar. Eks-prezident Mixail Saakaşvilinin ölkəyə qayıtması və həbs olunması bəlkə də müxalif düşərgənin bir hissəsini ruhlandırmışdı, amma bu, qələbəylə nəticələnmədi.
Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin məlumata görə, ötən şənbə keçirilmiş bələdiyyə seçkilərində hakim Gürcüstan Arzusu Partiyası təxminən 47% səs toplayıb. Ancaq özünüidarəetmə (bələdiyyə) sistemli 5 şəhərin heç birində bu partiyanın namizədləri qəzləbə qazana bilməyiblər və müxalifət bunu özünün böyük nailiyyəti hesab edir.
Gürcsüstan əhalisi sakrebuloya - 64 bələdiyyədəki nümayəndəlik orqanlarına, o cümlədən, özünüidarətmə sisteminə keçmiş 5 şəhərə mer və deputatlar seçirdilər.
Müxalifətçilər 2 oktyabr seçkilərini növbədənkənar parlament seçkiləri üçün referendum adlandırır və GAP-ın 9 illik hakimiyyətinə son qoyacaqlarını deyirdilər. Onların gözləntisi bu ilin yazında Gürcüstanın siyasi partiyaları arasında Avropa Birliyinin vasitəçiliyilə imzalanmış razılaşmanın bir bəndindən qaynaqlanırdı.
Həmin razılaşmaya görə, hakim partiya yerli seçkilərdə 43%-dən az səs qazanacağı halda növbəti il ölkədə növbədənkənar parlament seçkiləri keçirilməliydi.
Əvvəl bu sənədi imzalayan, sonra razılaşmadan çəkilən hakim partiya seçkiləri 2 oktyabrdakı səsvermənin nəticələrinə görə vaxtından əvvələ keçirməkdən imtina etmişdi.
Buna baxmayaraq ekspertlər 43%-lik həddi GAP üçün ciddi test adlandırırdılar - xüsusilə də nəticələri müxalifət tərəfindən tanınmamış keçənilki seçkilərdən sonra.
Səkiiz il əvvəl Gürcüstanı tərk edən və haqqında qiyabi məhkəmə hökmü çıxarılan eks-prezident Mixail Saakaşvilinin qəflətən ölkəyə qayıtması və "referendumun nəticələrini müdafiə etmək üçün əhalini "3 oktyabrda paytaxta toplaşmağa çağırması ehtirasları qızışdırdı.
Müxalifətin partiya siyahıları üzrə səsverməyə ümidləri doğrulmadı. MSK-nın ilkin məlumatına görə, hakim partiya rəqiblərini xeyli arxada qoyaraq proporsional sistem üzrə 47%-ə yaxın səs toplayıb. Müxalifət düşərgəsinin ən böyük təşkilatı - Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyası isə seçicilərin təxminən 31%-inin səsini qazanıb.
Buna baxmayaraq mer seçkisinin ikinci turu keçiriləcək şəhərlərdə yerli seçkilər müxalifət üçün ciddi irəliləyiş fürsəti ola bilər.
Kimin qələbəsi?
"GAP bütün Gürcüstan miqyasında inamlı qələbə çalıb və 47%-lik nəticəylə bir daha xalqdan hakimiyyətə mandan alıb" - Baş nazir İrakli Qaribaşvili belə deyib.
Onun sözlərinə görə, seçkilər sakit və azad şəraitdə keçiib. Baş nazir deyib ki, müxalifət arzusuna çata bilməyib və "ölkədə siyasi böhran və qarışıqlıq yaratmağa cəhd edəcəyi" nəticəni qazanmayıb.
O qeyd edib ki, təkmandatlı deputat yerləri üçün seçkilərin ikinci turu dairələrin 31%-ində keçiriləcək, ötənilki parlament seçkilərində isə bu göstərici 56% təşkil edib.
Müxalifətçilər bildirilər ki, hakim partiya ölkənin böyük şəhərlərində, o cümlədən, paytaxtda məğlubiyyətə uğrayıb.
Ölkə əhalisinin üçdə birinin yaşadığı paytaxt Tbilisidə mer postu uğrunda mübarizə xüsusi əhəmiyyət kəsb edir. Birinci turda namizədlər qalib sayılmaq üçün 50%-dən çox səs toplamalıydılar.
Bu posta 16 nəfər, o cümlədən, keşmişdə məşhur futbolçu olmuş indiki mer Koxa Kaladze də namizəd idi.
İlkin nəticələr görə, Kaladze 45%-dən bir qədər az səs toplayıb. Onun ikinci turdakı rəqibi Vahid Milli Hərəkat Partiyasının sədri, ilk turda 34% səs toplamış Nika Meliyadır.
Özünüidarəetmə sisteminə keşmiş digər şəhərlərdə - Rustavi, Batumi, Kutaisi və Poti də ikinci tur keçiriləcək. Bunlardan ikisində müxalif namizədlər hakim partiyanın təmsilçilərindən öndədirlər.
Tbilisi sakrebulosuna proporsional seçkidə GAP 40%-dən bir qədər çox, Vahid Milli Hərəkatsa 28%-ə yaxın səs toplayıb.
İkinci tur keçiriləcək şəhərlər və həbsdə olan Saakaşvili
Mixail Saakaşvili 3 oktyabrda Tbilisiyə yürüş olacağını anons etmişdi, ancaq bu baş vermədi. O özü isə hazırda Rustavidə həbsdədir.
Saakaşvili Gürcüstana qayıtdığını açıqlayanda hakimiyyət nümayəndələri onun Ukraynada, paylaşdığı videonunsa saxta olduğunu bildirmişdilər. Ancaq oktyabrın 1-də Baş nazir İrakli Qaribaşvili eks-prezidentin Tbilisidə saxlanaraq həbsxanaya göndərildiyini dedi.
Gürcüstanda Saakaşvili bir neçə maddə üzrə ittiham olunur, onlardan ikisi üzrə qiyabi şəkildə məhkum edilib. Ölkənin Daxili İşlər Nazirliyi sərhədi qanunsuz keçmə faktına görə istintaq başladığını açıqlayıb. Nazirlikdən bildirilib ki, cəmiyyətdə eskalasiya və qarşıdurmaya imkan verməmək məqsədilə eks-prezidenti həbs etmək üçün yaşayış binalarının birində keçirilmiş əməliyyat gizli xarakter daşıyıb.
Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili isə özünü siyasi məhbus hesab edir. Rustavi həbsxanasında onunla görüşən ombudsman Nino Lomcariyanın sözlərinə görə, eks-prezident aclıq elan edib. Bundan başqa, o, Saakaşvilinin Ukrayna konsuluyla görüş tələb etdiyini də açıqlayıb.
Bu ölkənin prezidenti Vladimir Zelenski Ukrayna vətəndaşlarının azad edilməsi və ölkəyə qaytarılması üçün həmişə bütün imkanlardan istifadə etdiyini və Saakaşvili Ukrayna vətəndalığını qəbul etdiyi üçün bunun ona da aid olduğunu deyib.
Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Eka Xerxeulidzenin sözlərinə görə, eks-prezident 2 oktyabr seçkilərindəki, xüsusilə də Tbilisidəki səsvermənin nəticələrindən razıdır.
"O, gürcü xalqının hansı mübarizədən keçdiyini, bu qərarın hansı təzyiq altında verildiyini anlayır. O bu qədər saxtakarlıq, satın alma və şantaj fonunda belə nəticə
əldə etməyin nə demək olduğunu da yaxşı anlayır. Üstəlik, bilir ki, ümumən müxalifətin qazandığı səslər qat-qat çoxdur" - Saakaşviliylə həbsxanada, seçkilərdən sonra görüşmüş Xerxeulidze belə deyir.
Xerxeulidzenin sözlərinə görə, Saakaşvili Tbilisi üzrə mer seçkisinin ikinci turunda öz partiyasının namizədini - Nika Meliyanı dəstəkləyəcək.
Beynəlxalq təşkilatlar 2 oktyabr seçkilərinin rəqabətli olduğunu açıqlayıblar, amma onu da qeyd ediblər ki, qeyri-bərabər şərtlər, seçicilərə təzyiq və səslərin satın alınması kimi geniş yayılmış hallar prosesi korlayıb.
Seçkilərin ikinci turunun gərgin keçəcəyi gözlənir. Birinci turda ciddi qanun pozuntuları olduğunu bildirən müxalifətin seçki mübarizəsini davam etdirməsi proqres sayıla bilər.
Keçənilki parlament seçkilərində müxalifət səsvermənin nəticələrini tanımamış, təkmandatlı dairələr üzrə ikinci turda iştirakdan imtina etmişdi.