You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan iki mülki şəxsi Ermənistana geri qaytarıb - Dövlət Komitəsi
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın ərazisinə keçən iki mülki şəxsin qaytarıldığını bildirib. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Paşinyanın Zəngəzur dəhlizinin açılmasına mane olması ilə bağlı suala cavabında söyləyib ki, "onun bir tərəfdən bunu deyib, digər tərəfdən mənimlə danışmaq istəməsi hər halda, düşündürücüdür" - ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycan ərazisinə keçmiş mülki erməniləri qarşı tərəfə qaytarıb, Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.
Qurum sentyabrın 19-da yaydığı məlumatda bildirib ki, Ermənistanın Kotayk vilayətinin Kasax kəndinin iki sakini Gorus-Vorotan yolundan çıxıblar və nəticədə Azərbaycanın nəzarəti altında olan əraziyə keçib.
"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan tərəfi saat 23:45-də sözügedən şəxsləri qaytarıb," - Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.
Azərbaycan iki mülki ermənini geri qaytarması ilə bağlı məlumatı təsdiqləyib.
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sentyabrın 18-də "yolu azaraq", Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları, mülki şəxslər - 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə sentyabrın 19-da Ermənistana qaytarıldığını bildirib.
Ermənistan Türkiyə ilə siyasi dialoqlara necə başlaya biləcəklərini açıqlayıb
"Ermənistan Türkiyə ilə yüksək səviyyədə dialoqa başlamağa hazırdır",bunu bu gün TASS-a Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan bildirib.
"Baş nazir parlamentin bu yaxınlarda keçirilən sessiyasında Türkiyə ilə danışıqlara başlanılmasını necə gördüyündən danışarkən qeyd edib ki, yüksək səviyyədə görüşlərdən əvvəl işçi diskussiyalar keçirilməlidir. Ermənistan və Türkiyə rəsmiləri arasında hələlik əlaqə olmayıb, Ermənistan hökuməti bu cür təmaslara hazırdır. İş səmərəli aparılacağı təqdirdə Ermənistan yüksək və ali səviyyələrdə görüşlərə də hazır olacaq", - Gevorkyan bildirib.
Bazar günü Türkiyə Prezidenti Recep Tayyip Erdoğan jurnalistlərə bildirib ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Paşinyanın görüş keçirməklə bağlı təklifini ona çatdırıb.
Bundan əvvəl Ermənistanın Baş naziri onun komandasının Türkiyə ilə münasibətləri normallaşdırmağa, sərhədləri və kommunikasiyaları açmağa hazır olduğunu bir neçə dəfə bildirib. Paşinyanın sözlərinə görə, bu addım regiona sülh və sabitlik gətirə bilər.
Türkiyə Ermənistanla "danışıqlara hazırdı"
Ermənistan "müəyyən addımlar" atarsa, Türkiyə "danışıqlar aparmağa hazırdı".
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan sentyabrın 19-da Ankarada keçirilən brifinqdə deyib ki, əgər Ermənistan Baş naziri Nikol Paşinyan onunla görüşmək istəyirsə, "müəyyən addımlar" atmalıdır.
Ermənistandan keçməklə Naxçıvanla Azərbaycan arasında quru yolla əlaqə yaradacaq Zəngəzur dəhlizinin "açılıb-açılmamasını siyasi məsələ" sayan Türkiyə Prezidenti vurğulayıb ki, Paşinyanın həm Azərbaycana "dəhliz verməyəcəklərini deməsi, həm də Erdoğanla "danışmaq istəməsi, düşündürücüdür".
Recep Tayyip Erdoğan deyib ki, onlar "danışıqlara qapalı" deyillər: "Bu mövzularda Gürcüstanın Baş nazirinin dialoq tələbini mənə çatdırması və burada yeni prosesin başlaması üçün belə bir addımın atılması, əgər bu mövzuda həqiqətən səmimidirsə, mən də səmimiyyətimizi göstərər, diplomatiyanı başladarıq".
Amma bunun üçün Türkiyənin gözləntisi var: "Diplomatiya başladığı zaman bir şey alınıb-verilməlidir. Ümid edirəm ki, burada mənfi deyil, müsbət yanaşmalar üstünlük təşkil edər və beləliklə, inşallah, Azərbaycan və Ermənistan arasındakı bu problem bu dəhlizlərin açılması münasibətilə bitmiş olar," - Erdoğan vurğulayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan çıxışlarında Zəngəzur dəhlizinin "müzakirə edilmədiyini", Ermənistanın Azərbaycanca "dəhliz verməyəcəyini" deyib.
Azərbaycan Prezidenti İlham Əliyev söyləmişdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.