Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır, Yerevanla Bakı Gorus-Qafan yolu ilə bağlı “danışıqlar aparır”

Çap edildi

Bu günün xəbərləri: Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır, Yerevanla Bakı Gorus-Qafan yolunu "müzakirə edirlər",Azərbaycan XİN başçısı Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb, Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxında Azərbaycan-Ermənistan arasında sülh sazişi, Zəngəzur dəhlizi və digər regional məsələlərdən danışıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycanda oktyabrın 1-dən xüsusi karantin rejimi yumşaldılır

Bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qərarda deyilir ki, oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Bundan başqa, həmin tarixdən klublar da daxil olmaqla, istirahət və əyləncə, eləcə də uşaq əyləncə məkanlarının, mədəniyyət obyektlərinin, konsert zallarının, teatr və kinoteatrların fəaliyyətinə icazə veriləcək.

Lakin mədəniyyət obyektləri, konfrans zalları, kinoteatrlar, teatrların tutumunun hamısı deyil, 50 faizindən istifadə edilməlidir.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Yerevanla Bakı Gorus-Qafan yolu ilə bağlı "danışıqlar aparır"

Yerevanla Bakı arasında Moskvanın vasitəçiliyi ilə Ermənistanı İranla birləşdirən yol probleminin həlli üçün danışıqlar aparılır, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.

"Biz problemi həll etmək üçün bu məsələni bütün səviyyələrdə qaldırırıq. Biz bu məsələni rusiyalı tərəfdaşlarımız və Azərbaycan tərəfi ilə müzakirə edirik", - Armen Qriqoryan cümə günü hökumət iclasından sonra brifinqdə deyib.

Azərbaycandan bu barədə hələ reaksiya yoxdur.

İran yük maşınlarının Ermənistan üzərindən Qarabağa yollanması ilə bağlı gərginlik fonunda Azərbaycan Gorus-Qafan yolununAzərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb.

Müzakirələr mərkəzində qalan mövzu ilə bağlı Azərbaycan İrana öz mövqeyini bildirib. Avqustun əvvəlində Azərbaycan XİN-i İran səfirinə etiraz notasını təqdim edib.

Həftənin əvvəlində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu görüşdə "ortaq narahatlıq və maraq doğuran məsələlərin" müzakirə edildiyi deyilsə də, sonrakı gün Azərbaycan İran nömrəli nəqliyyat vasitələrinin ölkə ərazisinə qanunsuz girdiyini əsas gətirərək onları saxlayıb və bundan sonra səfir Prezident köməkçisi ilə təkrar görüşməli olub.

İki gün bundan əvvəl isə bu məsələni Ermənistan TŞ katibi Armen Qriqoryan və İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Badaxşan Zohuri müzakirə ediblər.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici ölkə nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına "Bakının icazə vermədiyini" xatırladılıb.

Azərbaycan və İran xarici işlər nazirləri "mövcud vəziyyəti" müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranli həmkarı Hüseyn Əmir Abdullahian ilə bölgədə cari vəziyyəti müzakirə edib.

Bu görüş ötən həftə Azərbaycan Ermənistanla sərhəddə, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Qarabağa yük daşıyan iranlı sürücülərinin gömrük rüsumuna cəlb edilməsi və iki iranlı sürücünün saxlanmasından sonra baş verib.

Cümə axşamı günü keçirilən görüşdə Azərbaycan-İran arasındakı əməkdaşlıq müzakirə edilib, Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlayıb.

"Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər", - məlumatda deyilir.

XİN bildirib ki, görüş zamanı "qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə" bağlı da müzakirələr aparılıb.

Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Gorus- Qafan yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də elə bu hadisələrdən sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmüşdü.

Nazirlər BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşüblər.

İlham Əliyev BMT-də Zəngəzur dəhlizindən danışıb

Prezident İlham Əliyev BMT Baş Assambleyasında Ermənistandan keçməklə açılmasını istədiyi Zəngəzur dəhlizinin "region üçün yeni imkanlar yaradacağını" deyib.

O, sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı söyləyib ki, Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı "qanunsuz və əsassız ərazi iddiaları" arasında seçim etməlidir.

Azərbaycan Prezidenti deyib ki, beynəlxalq ictimaiyyət sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməli və Ermənistanın silahlandırılmasının dəstəklənməsi cəhdlərinə "son qoyulmalıdır".

İlham Əliyev qeyd edib ki, "sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər".

"Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq".

Cənab Əliyev söyləyib ki, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib, lakin, göndərilən təklifə Ermənistandan "müsbət reaksiya görməyib".

Ermənistan-Azərbaycan arasında ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı atəşkəs bəyanatı ilə başa çatıb.

İlham Əliyev müharibədən sonrakı çıxışlarında Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılacağını bildirsə də, Ermənistanın Baş naziri Nikol Paşinyan bunun "baş tutmayacağını" bildirib.