You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya sülhməramlıları Xocalı aeroportunda təlim keçiriblər - video
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları dağda xəsarət almış şərti zərərçəkənin "Mi-8 AMTŞ Terminator" vertolyotu ilə təxliyəsi üzrə təlim keçiblər, Rusiya ilə dəmiryol əlaqəsini əldə etmək çox vacibdir, Nikol Paşinyan deyib.
Qarabağda sülhməramlılar dağda xilasetmə təlimi keçiblər
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları dağda xəsarət almış şərti zərərçəkənin "Mi-8 AMTŞ Terminator" vertolyotu ilə təxliyəsi üzrə təlim keçiblər, Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Xocalı aeportunda keçirilən təlimdə ordu aviasiya pilotları, hərbçilər və Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb hissəsinin mütəxəssisləri iştirak ediblər.
Video açılmırsa, YouTube kanalımızda izləyin.
- Paşinyan: "Ermənistan dəhlizi müzakirə etmir və etməyəcək"
- Azərbaycan-Ermənistan sərhədində gərginlik: Rusiya "atəşkəsə təşəbbüs edib"
- Azərbaycan və Ermənistan arasında “Qarabağın statusu” çəkişməsi: "Bu xalqlar əvvəl-axır ortaq bir məxrəcə gəlməlidirlər"
- Rus sülhməramlıları və Azərbaycan arasında narazılığın səbəbi nədir?
"Bu gün hər cür vertolyotlara quraşdırmaq üçün hazırlanmış iki yerli tibbi modulu olan Mi-8AMTŞ vertolyotu ilə yaralıların uzaq bölgədən təxliyəsi üzrə normativlər keçirildi,"- aviasiya komendantlığının tibb xidmətinin rəhbəri Timur Tsoqoyev deyib.
Keçən həftə müntəzəm döyüş təlimi çərçivəsində Dağlıq Qarabağdakı rus sülhməramlıları mümkün pozuntuların qarşısını almaq və 27 müşahidə məntəqəsində təhlükəsizliyi təmin etmək üçün hərtərəfli təlim keçib.
Bu təlimlərə müdafiəni gücləndirmək üçün BTR-82A zirehli personal daşıyıcıları cəlb edilmişdi.
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən 2-ci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin sülh bəyanatı imzalaması ilə başa çatıb. Həmin sənədə əsasən, Rusiya sülhməramlıları atəşkəsin qorunmasına nəzarət etmək üçün Qarabağa yerləşdirilib.
Azərbaycan Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsinin "müvəqqəti olduğunu" bəyan edib.
Hazırda Dağlıq Qarabağın bir hissəsi və Laçın dəhlizinə nəzarət rus sülhməramlıların nəzarətindədir.
Nikol Paşinyan: "Rusiya ilə dəmiryol əlaqəsini əldə etmək çox vacibdir"
Ermənistan Rusiya ilə kommunikasiyaların üzərindən blokadanın götürülməsində maraqlıdır.
Baş nazir Nikol Paşinyan Yerevanda Rusiya hökumət başçısı müavini Aleksey Overçukla görüşü zamanı bildirib ki, kommunikasiyaların bərpası Ermənistanın 25 ildən çox "məruz qaldığı blokadanın götürülməsi" deməkdir. "Əminəm ki, iş əsnasında biz konkret qərarlara gələrik," - o söyləyib.
Paşinyan Overçuka Ermənistan, Rusiya, Azərbaycan baş nazirləri müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın işini təşkil etdiyi üçün təşəkkürünü bildirib.
"Bizə, nəhayət, iqtisadiyyatımıza və Avrasiya İqtisadi [Birliklə] əməkdaşlıqda inkişaf imkanı yaradan Rusiya ilə dəmiryol əlaqəsini əldə etmək çox vacibdir," - Paşinyan əlavə edib.
Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, habelə Dağlıq Qarabağ probleminin həlli üzrə sülh danışıqlarının yenidən başlanması məsələlərində Rusiya tərəfindən göstərilən yardımı yüksək qiymətləndirir. Bu barədə bazar ertəsi Yerevanda Ermənistan-Rusiya biznes forumunda Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.
"Regional kommunikasiyaların, 9 noyabr (10 noyabr bəyanatı nəzərdə tutulur- red.) 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlara əsasən, açılmasını çox vacib hesab edirəm. Biz qeyd etməliyik ki, bu gündəmin yeridilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası və sülh prosesinin [Qarabağ üzrə] bərpa edilməsi üzrə strateji müttəfiqimiz Rusiyadan aldığımız dəstəyi yüksək qiymətləndirirk.
Biz anlayır və etiraf edirik ki, Rusiyanın konstruktiv yanaşması bu problemlərin həlli üçün çox vacibdir," - Paşinyan deyib.
Ötən il sentyabrın 27-də Azərbaycan-Ermənistan arasında başlamış 44 günlük müharibə nəticəsində tərəflər Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da atəşkəs sazişi imzalamış, bölgəyə Rusiya sülhməramlıları gəlmişdilər.
Bu il yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan dövlət başçıları görüşüb və birgə bəyanat imzalayıblar. Sənədə əsasən, həmçinin regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaları üzərindən blokadanın götürülməsi nəzərdə tutulur.
Bu görüşdən sonra hər üç ölkənin baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb.