Sahibə Qafarova həbs olunmuş deputat Eldəniz Səlimovun hansı səs yazısından bəhs edir?

Çap edildi

Barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş və toxunulmazlığı ləğv edilmiş deputat Eldəniz Səlimovun səs yazısı var və həmin audioda "deputata yaraşmayan davranış" nümayiş olunur, BBC Azərbaycancaya danışan deputatlar iddia edirlər.

Milli Məclisin spikeri Sahibə Qafarova çərşənbə axşamı parlamentin növbədənkənar sessiyasında Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi müzakirəsində ortada bir səs yazısı olduğundan bəhs edib.

"10 dəqiqəlik səs. Siz orada eşidərsiniz, kim kimi təhqir edib. Deputatın yiyəsi, Milli Məclisin yiyəsi xalqdır. Ancaq bizim deputat, görün, necə hərəkət edib,"- deyə Sahibə Qafarova bildirib.

Eldəniz Səlimov polisə qarşı zorakı davranışda ittiham edilir, onun deputat toxunulmazlığı ləğv olunub, barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Onun vəkili Milli Məclis spikerinin istinad etdiyi səs yazısından xəbərsiz olduğunu deyir.

Millət vəkili Tahir Kərimli parlamentdə etdiyi çıxışında Eldəniz Səlimovun deputat immunitetinin ləğv olunmasına qarşı çıxıb.

Buna cavabında Sahibə Qafarova bildirib ki, ortada səs yazısı var və Tahir Kərimliyə bu səs yazısını dinlədəcək.

Bu səs yazısında konkret nələrdən bəhs edildiyi, səs yazısının harda yazıldığı məlum deyil.

BBC News Azərbaycanca Sahibə Qafarovanın ofisi ilə əlaqə saxlaya bilməyib.

Eldəniz Səlimov ''istintaqa könüllü gedib''

Milli Məclisin deputatı Fazil Mustafa BBC News Azərbaycancaya deyib ki, səsi özü dinləməyib, amma onda olan məlumata görə, səs yazısında qeyri-etik ifadələrlə "polis təhqir olunur".

Digər bir millət vəkili - Məlahət İbrahimli isə səs yazısında ''deputata yaraşmayan davranış'' göstərildiyini ''güman'' edir.

Eldəniz Səlimovun vəkili İlqar Əliyev BBC News Azərbaycancaya bildirib ki, o, iddia edilən səs yazısını hələ dinləməyib və müvəkkilinin bununla bağlı mövqeyi ona bəlli deyil. Vəkil əlavə edib ki, Eldəniz Səlimov hələ deputat toxunulmazlığı ləğv edilməzdən öncə, "ifadə vermək üçün istintaqa könüllü gedib".

İlqar Əliyev bildirib ki, müvəkili baş vermiş hadisə ilə bağlı üzr istəyib.

Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvindən əvvəl onun yerli mətbuatda açıqlaması yayılmışdı.

Deputat bu açıqlamada "etdiyi hərəkətin yanlış olduğunun fərqində" olduğunu vurğulamış, əlavə etmişdi ki, "bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də" olub: "İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək," - deyə Eldəniz Səlimov qeyd etmişdi.

Baş Prokurorluğun mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, hazırda istintaq getdiyi üçün istintaq materialları barədə məlumat verə bilməzlər.

"Deputatın yiyəsi yoxdur"

Çərşənbə axşamı parlamentdə Eldəniz Səlimovun deputatlıq toxunulmazlığı ləğv edilib.

Millət vəkili Tahir Kərimli müzakirələr zamanı çıxışında "Polisin yiyəsi var, deputatın isə yiyəsi yoxdur" deyib.

O, "Deputat statusu haqqında qanunun" 19-cu maddəsini xatırladıb: "Deputat öz səlahiyyətlərini həyata keçirərkən, bütün vəzifəli şəxslər - ali, yerli və bütün orqanlar, təşkilatlar onun tələblirini yerinə yetirilməlidir, ona kömək etməlidirlər. Əgər ona mane olacaqsa, həmin qanunun 31-33-cü maddələrinə görə, həmin vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdır".

"İndi mən deyirəm, orada polisin həddindəydimi ki, qiymət versin, o adam deputat səlahiyyətini aşır və ya aşmır?" - Tahir Kərimli deyib.

"O adam polisə qarşı hər hansı xəsarət yetiribsə və cinayət işi başlanılıbsa, qoy cəzasını alsın," - Tahir Kərimli əlavə edib.

Millət vəkili deyib ki, ona polis işçilərinin hərəkətləri ilə bağlı "hər gün" şikayətlər gəlir: "Polis pandemiya ilə bağlı küçədə tutur, götürüb aparır polis şöbəsinə. Hər dəfə belə məlumatlar var. ...Mən bilirəm ki, mənə Eldəniz Səlimov həyatda heç bir kömək edə bilməz.

Amma daxili işlər orqanları, Baş prokuror və digərləri istədikləri vaxt mənim və qohumlarım haqda bir şey tapa bilərlər. ...Tarixdə ali qanunvericilik hakimiyyəti orqanı kimi parlament, bilmirəm ki, necə xatırlanacaq. Bu qədər biz özümüzü aşağılayırıq".

Nə baş verib?

Avqustun 3-də deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Millət vəkili Eldəniz Səlimov polis əməkdaşına zorakı davranışa yol verməkdə ittiham olunur. Deputat baş verənlərlə bağlı seçicilərindən və ölkə rəhbərliyindən üzr istəyib.

Baş Prokuror Kamran Əliyev onun deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə müraciət etmişdi.

Milli Məclisin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi qəbul edilib.

Növbədənkənar sessiyada Baş prokuror Kamran Əliyev təqdimatla çıxış edib və deputatları bu təqdimata səs verməyə çağırıb.

"Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin 6 polis əməkdaşı ilə birgə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus "Starıy Dvor" restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib.

Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib,"- onun təqdimatında deyilir.

Baş prokuror bildirib ki, hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Avqustun 3-ündə baş vermiş digər xəbərlər:

Aİ-98 markalı benzinin qiyməti qalxıb

Azərbaycanda Aİ-98 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik bahalanıb.

Azərbaycanda Aİ-98 benzininin bir litrinin qiyməti 1,55 manatdan 1,6 manatadək artıb.

Bahalaşmanın səbəbi kimi Azərbaycanda istehsal olunmayan bu yanacağın alış qiymətinin artması göstərilir, yerli media yazır.

İyulun 31-də Azərbaycanda Aİ-95 markalı benzininin qiyməti 5 qəpik artaraq 1 manat 45 qəpik olub.

İyun ayında da Aİ 95 markalı benzinin 1 litrinin qiyməti 15 qəpik artaraq 1,4 manata çatmışdı.

Yanvarda isə Tarif Şurasının qərarı ilə 92 markalı benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.

Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunur və idxal qiymətlərindən asılı deyil.

Ermənistan MN: "Atəşkəs pozulub"

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə atəşkəsin pozulduğunu bildirir. Azərbaycan tərəfi bu barədə hələ ki, şərh verməyib.

Qurumun məlumatına görə, atəşkəs avqustun 2-də Ermənistan-Azərbaycan sərhədinin iki Naxçıvan və Geğarkunik vilayəti istiqamətində pozulub.

"Azərbaycan Silahlı Qüvvələri saat 11:20-dən saat 12:00-dək müxtəlif çaplı silahdan Yerasx yaşayış məntəqəsi, saat 14:30-da isə Geğarkunik vilayətinin Kut kəndi yaxınlığında yerləşən Ermənistan mövqeləri istiqamətində atəş açıb", - məlumatda deyilir.

Ermənistan atəşkəsin pozulmasında Azərbaycanı ittiham edir.

Ermənistan Müdafiə Nazirliyi atəşin dayandığını və erməni tərəfindən zərər çəkən olmadığını bildirir.

Azərbaycan Müdafiə Nazirliyi bazar ertəsi yaydığı açıqlamada Ermənistanı Naxçıvan istiqamətində atəşkəsi pozmaqda ittiham etmişdi.

Bundan əvvəl bazar günü də Azərbaycan Müdafiə Nazirliyi eyni istiqamətdə mövqelərinin atəşə tutulması barədə məlumat yaymışdı.

Ötən həftə Azərbaycan və Ermənistan sərhəddinin Kəlbəcər istiqamətində mütəmadi olaraq atəşkəs pozulub.

Ermənistan 3 hərbçisinin həlak olduğunu, 5 hərbçisinin yaralandığını bildirib. Azərbaycan isə iki hərbçisinin yaralandığını açıqlayıb.