İkili vətəndaşlıq: Xarici ölkə vətəndaşlığını qəbul etmiş azərbaycanlılar bu barədə xəbər verməsə, məsuliyyət daşımayacaq

Çap edildi

Xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bu barədə Azərbaycanın müvafiq dövlət qurumlarına məlumat vermədiyi təqdirdə heç bir inzibati və ya cinayət məsuliyyəti daşımır.

Dövlət Miqrasiya Xidmətindən BBC News Azərbaycancaya deyilib ki, müvafiq qanunvericiliyə edilən dəyişiklikdən sonra xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bu barədə məlumat vermədiyi təqdirdə onların Azərbaycan Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması məsələsi ləğv olunub.

2014-cü ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna edilmiş dəyişikliklərə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş və bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməyən Azərbaycan vətəndaşları məsuliyyət daşıyırdılar. Bu hal aşkar olardısa, onları üç min manatdan beş min manatadək cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlərlə məşğul olma cəzası gözləyirdi.

Dövlət Miqrasiya Xidmətinin sözçüsü Elnur Kələntərov BBC News Azərbaycancaya bildirib ki, inzibati və ya cinayət məsuliyyəti aradan qaldırılsa da, Azərbaycan vətəndaşları xarici dövlətin vətəndaşlığını qəbul etdikləri təqdirdə yenə də müvafiq dövlət qurumuna xəbər verməlidirlər.

Onun sözlərinə görə, müvafiq dövlət qurumu dedikdə, Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Xarici İşlər Nazirliyi nəzərdə tutulur: "Ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edilməlidir".

Elnur Kələntərov ərizə-anketin Dövlət Miqrasiya Xidmətinin saytında yerləşdirildiyini bildiriıb.

O əlavə edib ki, əgər Azərbaycan vətəndaşı xarici bir ölkənin vətəndaşlığını qəbul edərsə, bu hal, müvafiq qanuna əsasən, Azərbaycan vətəndaşlığından imtina edilməsi mənasına gəlir: "Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir".

Miqrasiya Xidmətinin sözçüsu qeyd edib ki, zərurət yarandığı halda Azərbaycan Dövlət Miqrasiya Xidməti müvafiq məhkəməyə aidiyyatı üzrə müraciət edilə bilər.