İbrahim Rəisi İranın yeni Prezidenti seçildi

Şəklin mənbəyi, Getty Images
İbrahim Rəisi İranın yeni Prezidenti seçildi, Bakının iki rayonunda içməli su ilə bağlı məhdudiyyətlər, Ermənistanda parlament seçkilərindən əvvəl sükut günüdür, bu və digər hadisələr BBC News Azərbaycancanın icmalında.
Mühafizəkar namizəd İbrahim Rəisi səslərin 62 faizi ilə İran Prezident seçkilərinin qalibi elan olunub. Cənab Rəisinin əsas rəqibləri onu qələbə ilə bağlı təbrik ediblər.
Şənbə günü İranın yeni seçilmiş Prezidentini İlham Əliyev də təbrik edib.
"Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur", - Azərbaycan Prezidentinin öz iranlı həmkarına göndərdiyi təbrik məktubunda deyilir.
"Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır".
Seçkilərdə 4 namizəd iştirak edib.
İbrahim Rəisinin andiçmə mərasimi avqustun əvvəlinə təyin olunub.
İbrahim Rəisi az qala 29 milyon seçicidən təxminin 17,9 milyonun səsini qazanıb. İkincə yerdə gələn Möhsün Rezaini üç milyon dörd yüzdən çox seçici dəstəkləyib.
Rəsmi məlumata əsasən, ölkə üzrə səs vermə hüququna malik 59 milyondan çox seçici qeydə alınıb.

Şəklin mənbəyi, AFP
Arasında 40 qadın olan 600 şəxs seçkidə iştirak etmək üçün qeydiyyatdan keçsə də, 12 üzvü olan Qəyyumlar Şurası yalnız yeddi nəfərin namizədliyini təsdiqləmişdi. Onlardan üçü namizədliyini geri çəkəndən sonra, seçkilərdə dörd nəfər iştirak edib.
Səsvermədən əvvəl seçkilərin əleydarları və bəzi islahatçılar onun boykotuna çağırıblar. Onların fikrincə, İbrahim Rəisiyə ciddi rəqabət mühiti yaratmamaq üçün bəzi namizədlərin seçkiyə qatılması əngəllənib.
İran özünün nüvə proqramı ilə bağlı ABŞ sanksiyaları ilə üzləşəndən bəri ağır iqtisadi vəziyyət içindədir və bu, iranlılar arasında narazılıqları genişləndirib.

Şəklin mənbəyi, Azərsu ASC
Yasamal və Səbailin bir hissəsinə suyun verilməsində məhdudiyyətlər
Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb, "Azərsu" idarəsinə istinadən media xəbər verir.
Hadisənin magistral su kəmərində baş vermiş qəza ilə bağlı olduğu deyilir.
Məlumata əsasən, problemi aradan qaldırmaq üçün hadisə yerinə Bakı Sukanal İdarəsinin qəza briqadaları göndərilib.

Şəklin mənbəyi, TASS/Getty Images
Ermənistanda sükut günü başlayıb
Ermənistanda bazar gününə təyin edilən növbədənkənar parlament seçkilərindən əvvəl sükut günüdür.
Seçkilərlə bağlı təşviqat, müzakirə və seçicilərlə görüş, eləcə də ictimai rəy nəticələrinin yayılması qadağan olunur.
Təşviqat qaydalarının pozulmasına görə 200 mindən 600 minədək dram məbləğində (təxminən 386 - 1158 dollar) cərimə nəzərdə tutulub.
Seçkilərdə 25 siyasi qüvvə (21 partiya və 4 blok) iştirak edir.
Partiyalar üçün keçid həddi 5 faizdir. Siyasi bloklar parlamentdə təmsil olunmaq üçün səslərin 7 faizini qazanmalıdır.
Səsvermədə iştirak etmək hüququna malik vətəndaşların sayı 2 578 678 min təşkil edir.
Seçkilər tək proporsional sistem üzrə (partiya və ya birləşmələr siyahıları əsasında) keçirilir.





























