Yerevanda Mahatma Gandhi-nin heykəlini yandırıblar, Ermənistan türk mallarının satışına qadağanı uzadır

Mahatma Gandhi

Şəklin mənbəyi, Dinodia Photos/Getty Images

Çap edildi

Yerevanda Mahatma Gandhinin heykəlini yandırıblar, Ermənistan türk mallarının satışına qadağanı uzadır, bu gün 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək, "Daşnaksutyun" Yerevanda Nikol Paşinyana qarşı aksiya keçirəcək,- bu günün xəbərlər icmalında.

Yerevanda Mahatma Gandhi-nin heykəlini yandırıblar

Ermənistan paytaxtı Yerevanda hind ictimai və siyasi xadimi, Hindistanın Böyük Britaniyadan azad olması hərəkatının rəhbəri və ideoloqlarından biri Mahatma Gandhi-nin heykəlini yandırıblar.

Yerevan meriyası hadisəni pisləyib və biabırçı vandalizm adlandırıb. Yerevan merinin mətbuat katibi Hakob Karapetyan jurnalistlərə deyib ki, polis günahkarları tutub məsuliyyətə cəlb etməlidir.

"Təəssüf ki, bu, Yerevanda ilk [heykələ ziyan vurma] hal deyil. Paytaxtda yüzlərlə heykəl var və onların hər birinin keşiyini təşkil etmək üçün hər hansı xüsusi tədbir görmək mümkün deyil", - Karapetyan deyib.

Ermənistanla Hindistan arasında olduqca xoş münasibətlər yaranıb, rəsmi Yerevan Hindistanla Pakistan arasında Kəşmir münaqişəsində Hindistanın mövqeyini dəstəkləyir.

Lakin ötən il, paytaxt Ağsaqqallar Şurasının qərarı ilə, Yerevanda Gandhi-nin heykəlinin qoyulması cəmiyyətdə birmənalı qarşılanmayıb. İdeyanın tənqidçiləri Mahatma Gandhi-nin zamanında Türkiyə rəhbərliyi ilə yaxın münasibətlərdə olması və Osmanlı imperiyasında "erməni soyqırımı faktını inkar etdiyini" xatırladırlar.

Son insident də ermənilərin 24 apreldə "soyqırımının 106-cı ildönümünün" qeyd olunduğu vaxta təsadüf edib.

Erməni mediasının məlumatlarına görə, bu münasibətlə Hindistanın Ermənistandakı səfirliyinin Twitter səhifəsində qeyd edilmişdi ki, aprelin 24-də Ermənistanda "erməni soyqırımının 106-cı ildönümü qeyd olunur". Yazıda məhz "soyqırımı" - "genocide" sözü işlədilmişdi.

Lakin sonradan bu ifadə silinib və yazılıb ki, həmin gün Ermənistanda "ermənilərin öldürülməsinin 106-cı ildönümü qeyd olunur. Səfir Kishan Dan Dewal bu böyük faciənin qurbanlarının xatirəsini yad edib və Xatirə Memorialına əklil qoyub".

Bundan iki gün sonra Teleqram kanallar naməlumlar tərəfindən Mahatma Gandhi-nin heykəlinin yumurta atəşinə tutulduğunu yazıb, aprelin 28-i axşamı isə od vurulmuş heykəlin şəkillərini dərc ediblər.

Gandhi-nin Yerevanda heykəlinin qoyulması təşəbbüsü Ermənistan Xarici İşlər Nazirliyi irəli sürüb. Yerevan meriyası, Ermənistanla Hindistan arasında dostluq münasibətləri kontekstində, müvafiq qərar qəbul edib və heykəl qurulub. Lakin hələ heykəlin rəsmi açılışı keçirilməyib.

Ermənistan, bazar

Şəklin mənbəyi, Sergei Malgavko/Getty Images

Ermənistan türk mallarının satışına qadağanı uzadır

Ermənistan hökuməti ölkədə türk mallarının satışına qoyulun qadağanı davam etdirmək niyyətindədir.

Bu barədə cümə axşamı iqtisadiyyat naziri Vahan Kerobyan danışıb.

"Bəzi dolayı yollarla idxal olunub və satıldığına görə türk mallarının ölkəyə gətirilməsinə və satışına qoyulan qadağanı uzatmaq niyyətindəyik,"- o deyib, amma məhdudiyyətlərin dəqiq müddətini göstərməyib.

Ermənistanda türk mallarının idxalına altı aylıq qadağa 2020-ci il dekabr ayının sonunda başlayıb.

Daha əvvəl Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyab bəyan etmişdi ki, Ermənistan hökuməti Türkiyədə istehsal olunan mallarının idxalına qadağa qərarın müddətini, onların yerli yaxud Avrasiya İqtisadi Birlik ölkələri və ya Çində istehsal olunan mallarla əvəz edilməyincə qüvvədə qoymaq niyyətindədir.

"Mən düşünürəm ki, biz bu qadağanı daha altı ay müddətinə uzadarıq, əlbəttə, əgər diplomatik yaxud geosiyasi vəziyyət dəyişməsə. Artıq bizim müəssisələr idxalat əvəzetmə prosesinə başlayıb. Lakin rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün vaxt lazımdır", - nazir Kerobyan deyib.

Nazir dəqiqləşdirib ki, qadağa yerli müəssisələrin istifadə etdiyi xammala aid deyil, yalnız hazır mallara aiddir. İdxalı qadağan olunan mallar siyahısına Türkiyədə istehsal olunan liftlər unudulmuşdu, lakin sonradan siyahıya daxil rdilib.

Qadağadan əvvəlki illər Ermənistam Türkiyədən 250-270 milyon dollar məbləğində mal idxal edirdi.

Ermənistan hökuməti qadağanı uzatmaq qərarını Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə "müdaxiləsi" ilə əsaslandırıb. Türkiyə müharibə zamanı Azərbaycana yalnız siyasi dəstək verdiyini deyib.

Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ Müharibəsi 2020-ci il 27 sentyabrda başlayıb və 44 gün davam edib.

Müharibəyə 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub.

Buraxılş imtahanı

Şəklin mənbəyi, Azertag

11-ci siniflərin buraxılış imtahanı keçiriləcək

Bu gün Azərbaycanın bəzi bölgələrindən 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcək.

İmtahanda 12818 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan respublikanın 10 şəhər və rayonunda, Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində təşkil olunur.

Dövlət İmtahan Mərkəzi (DİM) iştirakçıların imtahana tibbi maska ilə gəlməli olduğunu və maskadan düzgün istifadə etməli olduğunu istəyib.

"Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır",- qurum bildirib.

Bundan başqa, bu gün Bakının xüsusi ümumtəhsil müəssisələrində - internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçirilir.

DİM bildirir ki, imtahanlarda fiziki məhdudiyyətli 54 şagird iştirak edir. İmtahan saat 11:00-da başlanır.

Aksiya

"Daşnaksutyun" Erməni İnqilabi Federasiyası Partiyası cümə axşamı, aprelin 29-da, saat 17:00-da Ermənistan Baş Prokurorluq binası qarşısında etiraz aksiyasını keçirməyi planlaşdırır.

Bu barədə partiyanın rəsmi Facebook hesabında bildirilir.

"Daşnaksutyun" vətəndaşları aksiyaya qatılmağa çağırır. Baş Prokurorluq binası önündə keçiriləcək mitinq "baş nazir kreslosunu tutan şəxsin qeyri-qanuni əmri ilə polis tərəfindən saxlanılan Sünik vilayəti sakinlərinin müdafiəsinə" yönəlib.

Ötən həftə Baş nazir Nikol Paşinyanın bu bölgəyə səfəri zamanı bir sıra yaşayış məntəqələrində onun gəlişinə qarşı etiraz aksiyaları keçirilmişdir.

Aksiya iştirakçıları Baş naziri "Satqın", "Məğlubiyyətçi" çağırışları, söyüş və fitlərlə qarşılayıb.