Paşinyan istefa verib, Əliyev və Erdoğan Biden-in bəyanatını qınayıblar

Şəklin mənbəyi, Getty Images/ARIS MESSINIS
Ermənistanın Baş naziri Nikol Paşinyan Baş nazir vəzifəsindən istefa verdiyini və seçkilərə hazırlaşacağını bəyan edib.
Nikol Paşinyan Ermənistan Baş naziri vəzifəsindən istefa verdiyini xalqa müraciəti zamanı bildirib.
Ermənistanın mövcud konstitusiyasına görə, növbədənkənar parlament seçkiləri yalnız Baş nazir istefa verdiyi, parlament isə iki dəfə yeni Baş naziri seçə bilmədiyi halda mümkündür.
"Konstitusiyanın müddəalarını tətbiq etmək və parlamenti buraxmaq üçün bu gün istefa edirəm," - Paşinyan deyib.
Paşinyan hökumət başçısı vəzifəsini müvəqqəti olaraq yerinə yetirməkdə davam edəcək.
O bildirib ki, rəhbərlik etdiyi "Vətəndaş razılığı" partiyası seçkilərdə iştirak edəcək və partiyadan Baş nazir vəzifəsinə namizəd qismində o, seçkilərdə iştirak edəcək.
"Xalq mənim Baş nazir vəzifəsindən getməyimə qərar verərlərsə, mən onların iradəsini yerinə yetirəcəyəm. İnsanlar mənim Baş nazir vəzifəsində qalmağıma qərar versələr, o zaman bu qərarı yerinə yetirəcəyəm," - Paşinyan söyləyib.
Baş nazir Nikol Paşinyan mart ayında etdiyi çıxışlarından birində Ermənistanda növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bildirib. Ermənistanda nəzərdə tutulan parlament seçkiləri proporsional seçki sistemi əsasında keçiriləcək.
Əliyev və Erdoğan Biden-in bəyanatını qınayıblar

Şəklin mənbəyi, President.az
Şənbə günü Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Recep Tayyib Erdoğan arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Azərbaycan və Türkiyə prezidentləri ABŞ Prezidenti Joe Biden-in "erməni soyqırımı" ilə əlaqədar verdiyi bəyanatını qınayıblar, Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verib.
"Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı," - məlumatda deyilib.
Əliyev "Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini" vurğulayıb.
Söhbət zamanı Prezident İlham Əliyev "açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu" bildirib.
İlham Əliyev "Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu" qeyd edib.
Azərbaycanda indiyədək 1 milyon 423 min 295 vaksin dozası vurulub

Şəklin mənbəyi, Getty Images/Aziz Karimov
Aprelin 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 10 min 814 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bildirdiyinə görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4192, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6622 nəfər olub.
Hazırkı dövrədək ölkə üzrə vurulan vaksin dozalarının sayı 1 milyon 423 min 295 təşkil edir.
Birinci mərhələ üzrə vaksin vurduranların sayı 939 min 98, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 484 min 197 nəfərdir.
Kəlbəcərin Başlıbel kəndində 1993-cü ildə qətlə yetirilmiş şəxslərin cəsədləri axtarılır

Şəklin mənbəyi, Azertag
Azərbaycan Baş Prokurorluğu 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz aktlarının araşdırıldığını bildirib.
"Qeyd olunan cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu da işğal olunmuşdur. Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olmuş və vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilmişdir," - Baş Prokurorluğun məlumatında deyilib.
Baş Prokurorluğun əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə "qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədi ilə qazıntı axtarış işlərinə başlanılmışdır."
Prokurorluq bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə "bu kimi cinayətlərin tam və hərtəfəli istintaq olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir."





























