You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Xocalı sakini Agdamda minaya düşüb, Azərbaycanda nə qədər adama vaksin vurulub? Navalnı "bir neçə gün ərzində ölə bilər"
Xocalı rayon sakini Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb; Rusiyada həbsxanada saxlanılan Rusiya müxalifətinin lideri Aleksey Navalnı "yaxın bir neçə gün ərzində ölə bilər," - daha ətraflı BBC Azərbaycancanın icmalında.
Xocalı sakini Ağdamda minaya düşüb
Aprelin 17-də axşam saatlarında Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Arif Quliyevin Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub, Azərbaycan Baş Prokurorluğu bildirib.
"Aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində "sol ayağın topuqdan aşağı ətrafının amputasiyası" xəsarəti alması müəyyən edilib," məlumatda deyilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Putinin tənqidçisi Navalnı "bir neçə gün ərzində ölə bilər"
Rusiyada həbsxanada saxlanılan Rusiya müxalifətinin lideri Aleksey Navalnının həkimləri bildiriblər ki, ona tibbi yardım göstərilməsə, Navalnı "yaxın bir neçə gün ərzində ölə bilər."
Onun son qan analizini təhlil edən həkimlər qeyd ediblər ki, testin nəticələrinə görə Navalnının hər an ürək tutmadan və ya böyrək çatışmazlığı səbəbindən ölmək təhlükəsi mövcuddur.
Kəskin bel ağrısı və ayaq keyləşməsindən əziyyət çəkən Navalnı mülki həkimin onu müayinə etməsi tələbi ilə 18 gündür ki, aclıq aksiyası keçirir.
Prezident Vladimir Putinin kəskin tənqidçisi sayılan Navalnı fevral ayında köhnə maliyyə fırıldağı ittihamı ilə həbs olunub.
Həkimlər həbsxana rəsmilərindən "qan testlərini və onun son zəhərlənməsini nəzərə alaraq" dərhal Navalnını müayinə etməyə icazə istəyiblər.
44 yaşlı Aleksey Navalnı 2020-ci ilin avqust ayında Noviçok adlı kimyəvi sinir-iflic maddə ilə zəhərləndirilmişdi və nəticədə, uzun müddətli komaya düşmüşdü.
Navalnı bu hadisəyə görə Prezident Vladimir Putini onun zəhərləndirilməsinə əmr verməkdə ittiham edir, Kremlin bu ittihamı rədd edir.
Navalnı öz həkimləri tərəfindən müayinə olunmaq tələbi ilə aclıq aksiyası keçirir.
Aleksey Navalnın Rusiyada saxlandığı həbsxananın rəhbərliyi isə müxalifətçinin həkim müalicəsindən imtina etdiyini bildirib.
Azərbaycanda indiyədək nə qədər vaksin vurulub?
Aprelin 18-də Azərbaycanda yeni koronavirus COVID-19 infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bildirdiyinə görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 860, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 2 min 467 nəfər olub.
Hazırkı dövrədək ölkə üzrə vurulan vaksinlərin sayı 1 milyon 337 min 361 təşkil edib.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 889 min 216, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 448 min 145 nəfərdir.