Füzulidə minaya düşən vətəndaş vəfat edib, Azərbaycan televiziyası Xankəndi və Xocalıya da yayımlanır

Çap edildi

Yanvarın 1-də Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən və nəticədə ağır dərəcəli bədən xəsarəti alan 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu xəstəxanada dünyasını dəyişib, Baş Prokurorluğun yenilənmiş məlumatında bildirilib.

"Zabil Babayev xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətlərdən dünyasını dəyişib.," - məlumatda deyilir.

"Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib."

Bu hadisə ilə bağlı ilk əvvəl Baş Prokurorluq, DİN və ANAMA tərəfindən yayılmış birgə məlumatda Zabil Babayevin aldığı "ağır dərəcəli bədən xəsarəti nəticəsində hər iki ayağının travmatik amputasiya olunduğu" bildirilmişdi.

Hadisə ilə bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA əhaliyə müraciət edərək, "xüsusi icazə olmadan işğaldan azad olunmuş ərazilərin minalardan tam təmizlənməsinədək" həmin bölgələrə səfər etməməyi vətəndaşlardan bir daha xahiş edib.

"Dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırla, - rəsmi məlumatda deyilib. - Xüsusi ilə qeyd edilməlidir ki, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilir."

Azərbaycan televiziyasının verilişləri Xankəndi və Xocalıya da yayımlanır

Azərbaycanda yayımı həyata keçirilən milli televiziya kanalları artıq Qarabağ ərazisində də yayımlanır, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib.

Məlumata əsasən, "AzTV", "Mədəniyyət" TV, "İdman Azərbaycan" TV, "İctimai" TV, "CBC" TV, "CBC Sport", "Real" TV, "Xəzər" TV, "Azad Azərbaycan" TV və "ARB-24" telekanalları Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrinə yayımlanır.

Eyni zamanda, "Azərbaycan" radiosu və "İctimai" FM radiosu stereo, yəni tam keyfiyyətli rejimdə Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Göyçay rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edir.

"İşğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin (Teleradio İB) mütəxəssisləri Şuşa Radio-Televiziya Yayım Stansiyasının (RTYS) işini bərpa ediblər," - məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, "stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib".

Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün "müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb."