Ermənistan: Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Video açılmırsa YouTube-dan izləyin.

Ermənistan paytaxtında Baş nazir Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir.

Müxalif qüvvələr Ermənistan parlament binası yerləşən Marşal Bağramyan prospektində çadırlar qurub və Nikol Paşinyanın istefasına nail olmayınca etiraz aksiyalarını davam etdirəcəklərini deyir.

Yeni etirazlara səbəb Baş nazir Nikol Paşinyanın iki gün bundan əvvəl verdiyi müsahibəsi olub. O, müsahibəsində Rusiyanın İskander raket qurğularının döyüş qabiliyyətini şübhə altına aldıb.

Ermənistan Baş Qərargahının rəis müavini Tiran Xaçatryan Baş nazirlə razılaşmayaraq onun açıqlamasını "qeyri-ciddi" adlandırıb.

Paşinyan onu fevralın 24-də işdən çıxarıb. Bu hadisənin ardınca Ermənistanda Nikol Paşinyanın istefasını tələb edən müxalif qüvvələr fəallaşaraq yenidən küçə etiraz aksiyalarına başlayıblar.

Baş nazir Paşinyan da Yerevan küçələrində tərəfdarlarının yürüşünü keçirib.

Müxalifət liderləri parlamentin növbədənkənar iclasının keçirilməsini tələb edirlər.

Onlarla etirazçı gecəni prospektdə qalır, gün ərzində burada mitinqlər keçirilir və şəhərin mərkəzi küçələri ilə yürüş təşkil edir.

Etirazçıları Prezident Armen Sarkisyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqqında Baş nazir Paşinyanın vəsatətini imzalamaması ruhlandırıb.

Öz növbəsində, Nikol Paşinyan Prezident Sarkisyanın qərarı ilə razılaşmayaraq Onik Qasparyanın vəzifədən azad edilməsi haqqında vəsatətin təkrar olaraq prezidentə təqdim olunacağını bildirib.

Müxalifətin Paşinyanın istefasından sonra keçid dövrü üçün təklif etdiyi baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan mitinq tribunasından bəyan edib ki, "ordu xalqla birliyini nümayiş etdirib, biz də ordunun yanındayıq". O, hüquq-mühafizə orqanlarını "ali baş satqına" (Baş nazir Paşinyan nəzərdə tutulur) xidmət etməməyə çağırıb.

Müxalifət "Paşinyan - satqın" şüarı ilə yanaşı "Millət, ordu, Ermənistan" şüarını da səsləməyə başlayıb:

Etirazçıların nümayəndələri bu gecəni də Bağramyan prospektində keçirəcək.

Sabah isə, təşkilatçıların bəyanatlarına görə, istirahət günü elan olunub - mitinq və yürüş keçirilməyəcək, Parlament binası önündə konsert proqramı təşkil ediləcək.

Axşam Ermənistan Müdafiə Nazirliyi bəyanat yayıb və ordunu siyasi proseslərə sürükləməməyə çağırıb.

"Silahlı qüvvələri adından bəyanatlar verməməyə və ordunu siyasi proseslərə cəlb etməkdən çəkinməyi tələb edirik. Müdafiə Nazirliyi və Ermənistan Silahlı Qüvvələri siyasətdən kənardır və siyasi proseslərdən asılı olmayaraq, dövlətin və xalqın təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirməkdə davam edir", - Ermənistan MN mətbuat xidmətindən alınmış bəyanatda deyilir.