You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda 200 mindən çox şəxsə COVID-19 peyvəndi vurulub, Gürcüstanda müxalifət liderinin həbsi
Bu günə kimi 200 mindən çox azərbaycanlıya COVID-19 peyvəndi vurulub, Gürcüstanda müxalifət lideri Nika Melia həbs edilib, Ermənistan müxalifəti Nikol Paşinyan hökümətinə itaətsizlik aksiyalarını davam etdirir, Azərbaycanda qışın "ən soyuq" günü gözlənilir - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Bu günə qədər 200 mindən artıq vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinləşdirilib, Səhiyyə Nazirliyi bəyan edib.
Nazirlik bildirib ki, hazırda peyvəndləmə prosesi 50 yaş və daha yuxarı şəxslərin vaksinləşdirilməsi ilə davam edir.
Qurum vətəndaşları peyvəndləmə prosesində aktiv olmağa çağırıb və yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksin vurdurmağa dəvət edib.
Nazirlik bildirib ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq növbə götürməlidir.
Elektron xidmət vasitəsilə qeydiyyatda çətinlik çəkənlərə ərazi üzrə poliklinikaya zəng edərək kömək istəmələri tövsiyə olunub.
Nazirlik bildirib ki, COVID-19-a qalib gəlmək üçün kollektiv immunitet qazanılmalıdır və peyvəndlənənlərin sayının artması ölkədə yayılan COVID-19 infeksiyasının qarşısını alacaq.
Gürcüstanda müxalifət lideri həbs olunub
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia partiya qərargahında xüsusi təyinatlılar tərəfindən tutularaq saxlanılıb.
Xüsusi əməliyyat zamanı saxlanılmış şəxslərin ümumi sayı 20 nəfərdən çox olub, Gürcüstan DİN-dən bildirilib.
"Nazirliyin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, partiyanın ofisində toplaşanlar polisin qanuni tələbinə tabe olmayaraq təhlükəsizlik qüvvələrinə müqavimət göstəriblər. Müvafiq olaraq, polis öz vəzifəsini yerinə yetirmək üçün proporsional güc və qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edib," - DİN-in bəyanatında bildirilib.
Ötən gün axşam Gürcüstan Parlamenti Baş nazir vəzifəsinə İrakli Qaribaşvili təyin olunmaqla yeni hökumətin tərkibini təsdiqləyib.
Melianın tərəfdarları Vahid Milli Hərəkat Partiyası liderinin həbsinin yeni Baş nazirin ilk addımlarından biri olacağını əvvəlcədən ehtimal edirdilər.
Hadisədən sonra müxalifət nümayəndələri tərəfdarlarını etiraz aksiyasında iştirak etməyə çağırıblar. "Qaribaşvili həm özü üçün, həm də Bidzina İvanişvili üçün siyasi qəbir qazmış oldu. Bunun hamısı tezliklə sona yetəcək. Nika Melia azad olacaq və biz qalib gələcəyik," - Vahid Milli Hərəkat Partiyasının təmsilçisi Zaal Udumaşvili jurnalistlərə deyib.
"Ölkədə İvanişvili-Qaribaşvili komik diktaturasının qurulması böyük bir biabırçılıq olacaq," - parlamentin eks-spikeri Nino Burcanadze deyib.
Gürcüstanın Xalq Müdafiəçisi (insan hüquqlarına riayət olunmasına nəzarət edən şəxs) Nino Lomcaria, Melianın tutulmasını rüsvayçılıq adlandırıb.
Ermənistan müxalifəti Paşinyanın hökumət binasına girişini "bağlaya" bilməyib
Ermənistan müxalif qüvvələrinin izdihamlı piketi Paşinyanın hökumət binasına daxil olmasına mane ola bilməyib. Polisdən alınan son məlumata görə, hazırda 3 saylı hökumət binası önündə etiraz aksiyasından 50 nəfər tutulub polisə aparılıb.
Müxalif "Vətənin xilası" hərəkatı dünəndən Paşinyanı binaya buraxmamağı planlaşdırmışdı, lakin əraziyə gətirilən böyük miqdarda polis qüvvələri müxalifətin planını əngəlləyib.
Paşinyanın istefası tələbilə tədbirlərin təşkil edilməsində fəal iştirak edən Daşnaksutyun nümayəndəsi Geğam Manukyan jurnalistlərə deyib ki, müxalifətin məqsədi binanın təcrid edilməsi olmayıb, onlar hökumətin müxalifətdən qorxduğunu nümayiş etdirmək istəyiblər.
Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan maneəsiz Ətraf Mühit Nazirliyi yerləşən binaya daxil ola bilib.
İzdiham ən çox "Ermənistan Nikolsuz" qışqırır.
Polisin məlumatına görə, bu aksiya zamanı 25 nəfər saxlanılıb.
"Vətənin xilası" hərəkatının tərəfdarları uzaqdan Ermənistan baş nazirinin ünvanına "Nikol - satqın" və "Nikol - türk" qışqırıblar.
Bundan əvvəl Ermənistan müxalifəti itaətsizlik aksiyaları çərçivəsində bu gün baş nazir Paşinyanın baş çəkəcəyi gözlənilən hökumət binalarından birini "blokadaya almağı" planlaşdırmışdı.
"Satqının ölkədə azad hərəkət etmək imkanı olmamalıdır. Gəlin birlikdə binanın bütün girəcəklərini bağlayaq", - Daşnaksutyun Ali Orqanının nümayəndəsi İşxan Sağatelyan bəyan deyib.
Bu gün saat 18:00-da müxalifət tərəfdarları Respublika meydanından Baş Prokurorluq və Polis binaları istiqamətində yürüş keçirməyə hazırlaşır. Müxalifət ölkə hüquq-mühafizə orqanlarını "məğlubiyyətçi, satqın" adlandırdıqları Paşinyan hakimiyyətinə xidmət etməməyə çağırırlar.
"Vətənin xilası" hərəkatı adı altında birləşmiş müxalif qüvvələr ölkə prezidenti Armen Sarkisyanı Nikol Pşainyanın istefası məsələsində ardıcıllıq nümayiş etdirməyə çağırıb.
Bu çağırışı bazar ertəsi günü yürüş zamanı Yerevanda Prezident iqamətgahı önündə çıxışı zamanı Daşnaksutuyn nümayəndəsi Geğam Manukyan səsləndirib.
Geğam Manukyan Qarabağ müharibəsi dayandıqdan bir neçə gün sonra Prezident Sarkisyanın da "Paşinyanın istefasına dair çoxsaylı çağırışlara" qoşulduğunu xatırladıb və deyib ki, Prezident buna hökumət kabinetindən göndərilən sənədləri imzalamamaqla xidmət edə bilər.
"Biz Ermənistan Respublikası Prezidentinə müraciət edirik. Baş nazir kreslosunu tutan şəxs tərəfindən təsdiq etmək üçün Prezident iqamətgahına göndərilən heç bir sənəd imzalamasın. Onun buna haqqı vardır, çünki o, Nikol Paşinyanın Prezidenti deyil, O, Ermənistan Respublikasının Prezidentidir. O, Konstitusiyanın qarantı, Konstitusiyanın müdafiəçisidir", - deyə Daşnaksutyun nümayəndəsi Prezident Sarkisyanı dərhal vətəndaşların və ölkənin maraqlarının müdafiəsi üzrə tədbirlər görməyə, Paşinyanın istefası məsələsini həll etməyə və müvəqqəti hökumət tərtib etməyə çağırıb.
Qarabağda atəşkəs haqqında Ermənistan baş naziri, Azərbaycan və Rusiya prezidentləri arasında 10 noyabr bəyanatı imzalandıqdan sonra Ermənistanda Nikol Paşinyan hökumətinin istefası tələbi ilə etiraz aksiyaları başlayıb.
Müxalif siyasi qüvvələr Paşinyanın istefasından sonra müvəqqəti hökumət yaratmaq və yeni seçkilərin keçirilməsinədək baş nazir vəzifəsini müvəqqəti olaraq Vazgen Manukyana tapşırmağı təklif edirlər. Manukyan 1988-90-cı illərdə Qarabağ Komitəsinin üzvü, müstəqil Ermənistanın baş naziri və bir müddət müdafiə naziri vəzifələrini tutub.
Qışın "ən soyuq" günü gözlənilir
Bu gündən başlayaraq Azərbaycanda bu qışın "ən soyuq" gününün olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ən soyuq günün fevralın 24-də olacağı deyilib.
Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin xəbərinə görə, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə ola bilər və bu da çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir.
Nazirlik soyuq havanın səbəbini Arktik hava kütlələrinin birbaşa şimaldan cənuba istiqamətlənərək, Azərbaycanı əhatə edəcəyi ilə izah edib. Məlumatda bildirilib ki, hazırda Mərkəzi Rusiyada havanın temperaturu 25-30 dərəcə şaxtadır və həmin havanın təsiri Azərbaycanda bu gün axşamdan öz təsirini göstərəcək.
"Soyuq antisiklonun təsiri ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq", - Milli Hidrometeorologiya Xidməti bildirib.
Qurum bildirib ki, Bakıda atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Baş Dövlət Yol Polisi idarəsi də hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə sürət həddinə, avtomobillərinin sazlığına diqqət etmələrini tövsiyə edib.
Polis piyadaları yol hərəkəti qaydalarına riayət etməyə, hava tutqun olduqda əlvan rəngli geyimlərdən istifadə etməyə çağırıb.