Azərbaycanda quş qripi ilə bağlı müraciət, Türkiyə-Rusiya Monitorinq Mərkəzi açıldı

Çap edildi

Bu günün xəbərləri: Azərbaycanda quş qripi ilə bağlı sahibkarlara müraciət edib, Övladlarının ənənəvi təhsilə qayıtmasını istəməyən valideynlər "özləri qərar verəcək", İranın Xarici işlər naziri Naxçıvandadır, Türkiyə-Rusiya Monitorinq Mərkəzi açıldı, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

AQTA-dan quş qripi ilə bağlı müraciət

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyi ilə bağlı məsələlərə daha diqqətli olmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə "ciddi şəkildə" əməl etməyə çağırır.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatına istinadən yayılan açıqlamada "yüksək patogen" quş qripi xəstəliyinin 35 ölkədə müəyyən edildiyi deyilir.

Məlumata əsasən, həmin ölkələrin quş qripi aşkarlanan bölgələrindən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

"Həmçinin, aidiyyəti qurumlarla birgə nəzarət tədbirləri gücləndirilib və yüksək patogen quş qripi aşkarlanan ölkələrdən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir".

Agentlik bildirir ki, heyvanlar və heyvan mənşəli məhsulların "mənşə ölkəsində nəqliyyat" vasitəsinə yüklənməsi yalnız AQTA-nın icazəsindən sonra həyata keçirilməlidir.

Ərazisində "yüksək patogen" quş qripi xəstəliyi aşkarlanmış 30-dan artıq ölkə siyahısında Rusiya, İran, Ukrayna, Qazaxıstan, ABŞ və Almaniyanın olduğu bildirilir.

Övladlarının ənənəvi təhsilə qayıtmasını istəməyən valideynlər "özləri qərar verəcək"

Təhsil naziri növbəti həftələrdə tədrisin təşkili və əyani təhsillə bağlı valideynlərin məsuliyyəti barədə danışıb. Emin Əmrullayev bu mövzulara "Pandemiya dövründə təhsil" mövzusunda sualları cavablandırarkən toxunub.

Onun sözlərinə görə, fevralın 1-dən övladlarının ənənəvi təhsilə qayıtmasına qarşı olan valideynlər bu barədə özləri qərar verəcək, Azərtac xəbər verir. Məlumata əsasən, bununla bağlı valideyn övladının təhsil aldığı məktəbə müraciət edərək iltizam imzalamalıdır.

Nazir bildirib ki, özəl və dövlət olmasından asılı olmayaraq, təhsil eyni qaydada təşkil edilir.

"Bölgələrdə siniflərdə 1.5 metr məsafə qorunmaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda - fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsil qismən də olsa, qaytarılsın," - Emin Əmrullayevın sözləri APA agentliyinə iqtibas olunur.

Hərçənd ki, bu məsələyə dair qərarın Operativ Qərargahla birgə müzakirələrdən sonra veriləcəyi qeyd olunub.

İranın Xarici işlər naziri Naxçıvana səfər edib

Şənbə günü Naxçıvan Muxtar Respublikasına gələn İranın Xarici işlər naziri yerli rəsmilərlə danışıqlar aparıb.

Report agentliyinə əsasən, Məhəmməd Cavad Zərif səfər çərçivəsində Naxçıvan şəhərində tikilən yeni Qala Məscid Kompleksinə baxıb. O, həmçinin Culfa şəhərindən keçən dəmiryolu infrastrukturu və gömrük-sərhəd keçid kompleksi ilə tanış olub.

Məhəmməd Cavad Zərifin son səfəri Cənubi Qafqaz ölkələrinin paytaxtları, habelə Moskva və Ankaraya səfərdən sonra yer alır.

İRNA agentliyinə əsasən, İran diplomatiyasının rəhbəri Dağlıq Qarabağ müharibəsindən sonra bölgədə açılan tranzit və əməkdaşlıq imkanlarını müzakirə edib.

Bakıda Məhəmməd Cavad Zərifin qəbul edən İlham Əliyev bildirirb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olar.

Azərbaycan ötən ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğaldan azad etdiyi bölgələrdən sonra İranla dövlət sərhədini tam bərpa edib.

Türkiyə-Rusiya Monitorinq Mərkəzi təhlükəsizliyi "təmin edəcək"

Dağlıq Qarabağda atəşkəs rejimini izləyəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bölgədə sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcək, bu fikir Azərbaycan və Türkiyə dövlət başçılarının telefon söhbəti vaxtı səslənib.

Rəsmi məlumata əsasən, İlham Əliyev və Recep Tayyip Erdoğan noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının "icra olunduğu məmnunluqla" qeyd ediblər.

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi şənbə keçirilib.

Tədbirdə Azərbaycan Müdafiə naziri Zakir Həsənov, Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin və Türkiyə Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.

Birgə Mərkəz, Rusiya və Türkiyə Müdafiə nazirləri tərəfindən 11 Noyabr 2020-ci ildə imzalanan memoranduma əsasən qurulub və burada hər iki tərəfdən bərabər sayda hərbi heyət üzvləri təmsil olunmalıdır.

Birgə Mərkəzdə xidmət edəcək Türkiyə və Rusiya hərbçilərinin artıq ölkədə olduğu bildirilir.

"Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər. Onu da qeyd edim ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər artıq ölkəmizdədir," - APA agentliyində Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının sözləri iqtibas olunur.

Şənbə günü Rusiyanın Müdafiə Nazirliyi hərbi heyətin Mərkəzin yerləşdiyi əraziyə yola düşdüyünü bildirib.

Rusiya Müdafiə nazirliyinin yaydığı məlumata əsasən, atəşkəsə nəzarət etmək üçün o cümlədən, dronlardan istifadə olunacaq.

Ermənistanla Azərbaycan arasında sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlər noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı ilə başa çatıb.