You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rəsmi Yerevan: Moskvada "ərazi məsələləri üzrə heç bir sənəd" imzalanmayacaq
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşür.
Bazar günü Ermənistan Baş Nazirinin mətbuat katibi Mane Gevorqyan Moskva görüşündə "ərazilər məsələləri üzrə heç bir sənədin" imzalanmayacağını bildirib.
Mane Gevorqyan Moskva görüşünün "iqtisadi xarakter" daşıdığını qeyd edib.
Səfər əsnasında Ermənistan Baş Nazirinin Rusiya Prezidenti ilə ayrıca görüş keçirəcəyi bildirilir.
Bu, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan dövlət başçıları arasında ilk görüşdür.
Bu gün səhər Yerevanda bir qrup müxalifət fəalları Baş nazir Nikol Paşinyanın Moskvaya getməsinə yol verməmək məqsədilə saat 8-dən Zvartnots beynəlxalq hava limanı yaxınlığında aksiya təşkil edib. Səhər tezdən polis qüvvələri Zvartnots aeroportu istiqamətində küçə və yolları bağlayıb.
Onlar Nikol Paşinyanın Moskvada imzaladığı istənilən sənədin "legitim qüvvəyə" malik olmayacağı və "bundan sonrakı hakimiyyət tərəfindən mübahisə" ediləcəyini bəyan ediblər, BBC-nin Yerevan müxbiri xəbər verib.
Lakin aksiyaya baxmayaraq Nikol Paşinyan Moskvaya gedə bilib.
Moskva danışıqları haqqında Ermənistan mediasında bir-iki həftədir şayiələr dolaşırdı, lakin rəsmi xəbər bazar günü təsdiqlənib.
Daha əvvəl Moskvada Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında danışıqlar haqqında Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putnin təşəbbüsü ilə 11 yanvar 2021-ci ildə Moskvada RF Prezidenti, Azərbaycan Respublikası Prezidenti və Ermənistan Baş nazirinin danışıqları keçiriləcək", - məlumatda bildirilib.
Mane Gevorqyan Ermənistan və Azərbaycan "müəyyən dairələrində son vaxtlar tez-tez Meğri dəhlizi deyilən" mövzunun hallandırıldığını xatırladır və qeyd edir ki, 9 noyabr [Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında Qarabağda atəşkəs haqqına] bəyanatında Ermənistan ərazisi üzərində hər hansı bir dəhlizin yaradılması haqqında heç bir müddəa yoxdur.
"Erməni tərəfi üçün ən önəmli məsələ əsir, girov və saxlanılan şəxslərin tamdəyərli mübadiləsi, eləcə də döyüşlər bölgəsində xilas etmə-axtarış işlərinin miqyasını genişləndirilmək məsələsidir. Bu məsələnin həll olunmamış iqtisadi sahədə istənilən məsələnin müzakirəsi çətin olacaq, və erməni tərəfi bunu Moskva görüşünün əsas məsələlərindən biri hesab edir", - Mane Gevorqyan yazıb.
Yerevanda etirazlar və "Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!" narahatlığı
Ermənistan Baş naziri Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycana növbəti güzəştlər barədə sənədlər imzalayacaq - hazırda Ermənistanda belə bir narahatlıq hökm sürür. Sosial media, kütləvi informasiya vasitələri bu barədə xəbər verir və bu iddialar hətta Yerevanda, Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyasına səbəb olub.
Etiraz iştirakçıları Azərbaycanla "imzalanacaq yeni razılaşma barədə" yayılan iddialara dair izahat tələb ediblər. Aksiya təşkilatçıları hesab edirlər ki, yanvarın 11-də Azərbaycanla Ermənistan arasında imzalanacaq yeni razılaşma ilə bağlı sənəd layihəsi artıq Ədliyyə Nazirliyinə təqdim olunub.
Müxtəlif mənbələrə görə, artıq Ermənistan Ədliyyə Nazirliyinə göndərildiyi iddia edilən sənədlərdə aşağıdakı məqamlar əks olunub:
• Ermənistanla Azərbaycan və Naxçıvanı birləşdirən dəhlizin açılması.
• Ermənistanın bəzi ərazilərinin Azərbaycana verilməsi,
• Erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılması.
Etiraz aksiyalarını təşkil edən Ədliyyə nazirinin keçmiş müavini, Legal Way insan hüquqları təşkilatının rəhbəri Ruben Melikyan 11 yanvarda Azərbaycanla "daha bir alçaldıcı müqavilə imzalamağın planlaşdırıldığı" barədə məlumatları rəsmi şəkildə təkzib etməyə çağırıb.
Ədliyyə naziri Rustam Badasyan etirazçıların qarşısına çıxaraq onları Azərbaycanla "gizli razılaşmalar" olmadığına əmin edib.
"Ədliyyə Nazirliyində heç bir razılaşma layihəsi olmadığını və yayılan məlumatların dezinformasiya olduğunu təsdiqləyirəm", - Rustam Badasyanın sözləri news.am saytında iqtibas olunur.
Badasyan, ictimaiyyəti "Telegram kanallarına inanmamağa" çağırıb. "Çünki son illərdə tez-tez yayılan dezinformasiya ölkə sakinləri arasında çaşqınlığa səbəb olur", nazir deyib.
Son günlər Moskvada İlham Əliyev və Nikol Paşinyan arasında bu gün keçirilən görüşlə bağlı xəbərlər Ermənistan mediasında geniş şəkildə işıqlandırılıb. Ermənistan Baş nazirinin Moskva səfərinə fəal hazırlıq işlərinin aparıldığı bildirilsə də, nə Ermənistan, nə də Azərbaycan hökuməti bu barədə rəsmi açıqlama verməmişdi.
Azərbaycan Prezidentinin Mətbuat katibi Azər Qasımov BBC News Azərbaycancaya bildirmişdi ki, onda belə bir görüş barədə "məlumat yoxdur".
Dağlıq Qarabağ uğrunda 44 günlük müharibə noyabrın 10-da başa çatandan bəri Ermənistanda müxtəlif tələblərlə keçirilən nümayişlərin arası kəsilmir.