You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Avropa İttifaqının rəsmisi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birgə telefon söhbətində nədən danışılıb?
Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətindəki döyüşlərdən sonra ilk dəfə hər iki ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının nümayəndəsi arasında birgə telefon danışığı olub.
Çərşənbə günü baş vermiş telefon danışığında iştirak edən Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell, Azərbayxan XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan bölgədəki vəziyyəti müzakirə ediblər.
İyulun 12-dən 16-na kimi davam edən Tovuz döyüşlərində Azərbaycanda biri general-mayor olmaqla 12 hərbçi və bir mülki sakin həlak olub. Ermənistan 4 hərbçisini itirib. Tərəflər atəşkəsin pozulmasına görə bir-birilərini ittiham ediblər.
Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi iyulun 13-də hər iki ölkənin xarici işlər naziri ilə ayrı-ayrılıqda telefonla danışmışdı.
Azərbaycan nə deyib?
Azərbaycan XİN-in yaydığı məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı və artilleriya qurğularından istifadə etməklə hücum cəhdinin qarşısının alınması və hazırda bölgədəki gərgin vəziyyət barədə məlumat verib.
"Ermənistan tərəfinin bu növbəti təxribatı zamanı sərhəd yaxınlığındakı yaşayış yerlərini, mülki şəxsləri hədəfə aldığı və nəticədə 76 yaşlı dinc sakinin qətlə yetirildiyi qeyd olunub. Ermənistan tərəfinin, habelə bölgənin yaxınlığından keçən geo-strateji layihələrə təhlükə törətmək məqsədini güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Gərginliyin kökündə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı apardığı təcavüz siyasətinin durduğu vurğulanıb,"- məlumatda deyilir.
Ermənistan nə deyib?
"Zohrab Mnatsakanyan Azərbaycan tərəfinin iyulun 12-də başladığı hərbi əməliyyatlar nəticəsində Ermənistan-Azəbaycan dövlət sərhədinin bəzi sahələrində gərginliklə bağlı yaranmış vəziyyətə toxunub. XİN rəhbəri daha əvvəl gərginliyin çozülməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğulayıb," - Ermənistan XİN mətbuat xidmətindən alınan məlumatda deyilir.
Zohrab Mnatsakanyan "prioritet addım olaraq Azərbaycan hərbi-siyasi rəhbərliyi tərəfindən militarist ritorika və müharibə ilə təhdid etməkdən imtina etməsinin zəruriliyini qeyd edib", Ermənistan XİN bildirir.
Avropa İttifaqı nə deyib?
Müzakirə zamanı Josep Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkət və ritorikalardan, xüsusən də bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıb. O bildirib ki, hər bir regional tərəf bu dinc məqsədə töhfə verməlidir.
O, hər iki tərəfi atəşkəs rejiminə sadiq olduqlarını bir daha təsdiqləməyə və gərginliyin böyüməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
Son bir neçə gündür ki, sərhəddə nisbi sakitlik yaranıb, Azərbaycan və Ermənistan müdafiə nazirlikləri ayrı-ayrılıqda bəyan ediblər.