Paşinyan Qarabağ "prezidentinin" andiçmə mərasimində iştirak edib

Şəklin mənbəyi, Gov.am
Bu gün, mayın 21-də tanınmamış "Dağlıq Qarabağ Respublikası prezidentinin andiçmə mərasimi" keçirilib.
Aprelin 15-də keçirilmiş seçkilərin ikinci turunun nəticələrinə görə, qalib olan Arayik Harutyunyan "rəsmən" sözügedən vəzifəni tutacaq.
"İnauqurasiya mərasimi" üçün Şuşa şəhəri seçilib. Ermənistan informasiya vasitələrinin məlumatına görə, tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti də iştirak edib.
Azərbaycan "seçkiləri" tanımır
Daha əvvəl Qarabağda "prezident seçkiləri ilə bağlı" Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında işğal olunmuş ərazilərində "seçkilərin" keçirilməsini beynəlxalq hüququn pozulması hesab etdiyini deyib, bu seçkilərin "heç bir hüquqi qüvvəyə malik" olmadığını bildirib.
Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu və Avropa İttifaqı da bu "seçkiləri" tanımır.
Avropa İttifaqı "DQR-də prezident və parlament seçkiləri" ilə bağlı bəyanat yayıb, "seçkiləri" tanımadığını bildirib.
Bəyanatda deyilir: "Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz".























