You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Dağlıq Qarabağda “prezident seçkilərində” Araik Harutyunyan qalib gəlib
Aprelin 14-də tanınmamış "Dağlıq Qarabağ Respublikasında prezident seçkilərinin ikinci turunun" ilkin nəticələrinə görə, seçkilərdə "DQR-ın sabiq baş naziri" Araik Harutyunyan qalib gəlib.
"Mərkəzi Seçki Komissiyasının" rəsmi ilkin məlumatına görə, Harutyunyanın lehinə 84,5 faiz səs verilib.
"Seçkilərin" ikinci turunda Araik Harutyunyanın rəqibi hazırda "DQR xarici işlər naziri" vəzifəsini tutan Masis Mailyan olub.
Azərbaycan, eləcə də Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu və Avropa İttifaqı bu "seçkiləri" tanımırlar.
İki həftə bundan əvvəl keçirilən "seçkilərdə" namizədlərdən heç biri qələbə üçün məqbul 50% +1 səs qazana bilməyib.
Sabiq "baş nazir" Araik Harityunyanın lehinə seçicilərin 49,6 faizi, hazırda "xarici işlər naziri" vəzifəsində olan Masis Mailyanın lehinə - 26,4 faizi səs verib.
Yerli polisin 30 martda açıqladığı statistikaya əsasən, səsvermə reyestrinə daxil edilən seçicilərin sayı 103 min 663 nəfər təşkil edir.
Aprelin 5-də namizədlərdən biri, Masis Mailyan, koronavirus pandemiyası təhlükəsi şəraitində "seçkiləri" boykot etməyə çağırıb və özü "seçkilərin" ikinci turunda səs verməyib. Bundan başqa, Masis Mailyan 31 martda "seçkilərin" birinci turunun "çoxsaylı pozuntularla" müşayiət olunduğunu bildirib.
Azərbaycan "DQR"-dəki "seçkiləri" tanımır.
"Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində "seçkilərin" keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyildir", Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu və Avropa İttifaqı da bu "seçkiləri" tanımırlar.
Avropa İttifaqı "DQR-də prezident və parlament seçkiləri" ilə bağlı bəyanat yayıb, "seçkiləri" tanımadığını bildirib. Bəyanatda deyilir: "Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz".
Fövqəladə vəziyyət şəraitində seçkilər
"Seçkilərin" ikinci turu iki gün bundan əvvəl elan edilmiş fövqəladə vəziyyət şəraitində keçir. "Prezident" Bako Sahakyan "Qarabağ xalqının müdrikliyi, intizamı və yüksək vətəndaşlıq məsuliyyəti sayəsində, bütün çətinliklərin öhdəsindən gəlməklə yanaşı, irəli gələn problemləri həll etmək və əhalinin sağlamlığını qoruyaraq, Artsaxprezidenti seçkiləri kimi ölkə üçün son dərəcə önəmli olan bu tədbirin keçirilməsinə müvəffəq olmağa" ümid etdiyini bildirib.
O, səsvermə günü bütün seçki məntəqələrində sanitar-gigiyena qaydalarının qorunması üçün şərait yaradılacağını deyib.
"Seçkilər" ərəfəsində bütün seçki məntəqələrində dezinfeksiya tədbirləri keçirilib.
"Səhiyyə Nazirliyi Mərkəzi Seçki Komissiyasına" 71500 tibb maskaları, 14 min əlcək, 600 flakon antiseptik maddə, "Qarabağ polisinə" isə 500 maska, 1000 əlcək və 60 flakon antiseptik maddə təqdim edib.
Aprelin 12-nə olan son rəsmi məlumata görə, Dağlıq Qarabağda 6 koronavirusa yoluxma halı qeydə alınıb, 14 nəfər özünütəcrid edilib.
İlk koronavirusa yoluxma barədə aprelin 7-də xəbər verilib.