Nikol Paşinyan həftəsonu Dağlıq Qarabağda olub

Şəklin mənbəyi, Gov.am
Nikol Paşinyan "bəhanələri bir kənara qoyaraq, danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak eməlidir", Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan Baş nazirinin Dağlıq Qarabağa səfərini şərh edib.
Baş nazir Nikol Paşinyan həftəsonu Dağlıq Qarabağa işgüzar səfər edib. O, səfər zamanı tanınmamış "Dağlıq Qarabağ Respublikası" rəhbərliyi ilə görüşüb və sərhədin şimal istiqamətində yerləşən "Qarabağ Müdafiə Ordusunun" mövqelərinə baş çəkib, Ermənistan hökuməti mətbuat xidmətinin məlumatında deyilir.
Paşinyanın öz Facebook səhifəsində qeyd etdiyinə görə, o, "Dağlıq Qarabağ Respublikası prezidenti" Bako Sahakyanın iştirakı ilə bu vəzifəyə iddia edən namizədlərlə 2020-ci ildə keçiriləcək "DQR parlament və prezident seçkiləri" və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərini müzakirə edib.
"Mən bir daha öz mövqeyimi təsdiq etdim ki, Artsaxda [Dağlıq Qarabağ-red.] gözlənilən prezident və parlament seçkiləri azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməlidir. Bu çox vacibdir və Ermənistan hökuməti bu məsələdə Artsax hakimiyyətinə kömək edəcək", - Ermənistan Baş naziri qeyd edib.
Görüşdə prezidentliyə namizədlər "DQR parlamentinin" sədri Aşot Ğulyan, XİN rəhbəri Masis Mailyan, Azad Vətən Partiyasının sədri Ararik Harutyunyan və yerli Daşnaksutyun parlament fraksiyasının üzvü David İşxanyan iştirak ediblər.
Namizədlərdən biri, Nikol Paşinyanın Baş nazir vəzifəsində fəaliyyəti barədə daima tənqidi bəyanatlarla çıxış edən "DQR Təhlükəsizlik Şurasının sabiq katibi" Vitali Balasanyan iştirak etməyib.
Bako Sahakyan gözlənilən seçkilərdə namizədliyini irəli sürməyib.
Döyüş mövqelərində

Şəklin mənbəyi, Gov.am
Ermənistan Baş naziri ilə tanınmamış "DQR prezidentini" hərbi mövqelərə səfərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan və tanınmamış "DQR müdafiə naziri" Karen Abrahamyan müşayiət ediblər.
Ermənistan hökuməti mətbuat xidmətindən BBC News Azərbaycancaya verilən rəsmi məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyana ön xətdə yerləşən mövqelərdə vəziyyət və son dövrdə mühəndis-texniki təchizat barədə məlumat verilib; Nikol Paşinyan və Bako Sahakyan hərbçilərin məişət şəraiti ilə tanış olub və əsgərlərlə söhbət ediblər.
Paşinyan Silahlı Qüvvələrin və hərbi iqtisadiyyatın ardıcıl surətdə inkişafına xüsusi əhəmiyyət verildiyi bildirib və deyib ki, ordu iqtisadi inkişafın hərəkətverici qüvvəsi olmalıdır.
Vətən və təhlükəsizlik

Şəklin mənbəyi, Gov.am
Paşinyan döyüş mövqeyindəki zabit və əsgərlər qarşısında çıxışında ön xətdə "möhkəm dayanan" əsgərlərin xidməti həyatda və dövlətin bütün sahələrdə fəaliyyətinə məna verdiyini bildirib: "Biznes, siyasi fəaliyyət, bütün dövlətin fəaliyyəti, hər şey mənasız olardı... Siz bilməlisiniz ki, biz də sizin qeydinizə qalmağı özümüzə borc bilirik".

Şəklin mənbəyi, Gov.am
Paşinyanın sözlərinə görə, əsgərlərin şəraitini yaxşılaşdırmaq üçün 2 milyard dram (təxminən 4,2 milyon dollar) ayrılıb.
O hazırda xidmət edən zabit heyətinin mənzil problemlərinin 2023-cü ilə qədər həll olunacağını qeyd edib.

Şəklin mənbəyi, Gov.am
Azərbaycan nə deyir?
Azərbaycanın Xarici İşlər Nazirliyi Paşinyanın bu səfərinin "torpaqlarımızın hərbi işğalına məhz Emənistanın məsuliyyət daşıdığının və işğal olunmuş ərazilərimizdə nəzarəti Ermənistanın həyata keçirdiyinin növbəti dəfə bariz nümunəsi" adlandırıb.
"Bir müddət öncə Ermənistanın guya ki, Dağlıq Qarabağ yerinə qərar qəbul edə bilməyəcəyini iddia edən baş nazir Paşinyan, atdığı bu addımları ilə münaqişənin həlli üzrə aparılan danışıqların birbaşa iştirakçısının elə Ermənistan olduğunu təsdiq etmiş oldu", deyə XİN-in sözçüsü Leyla Abdullayeva bildirib.
Leyla Abdullayevanın sözlərinə görə, belə səfər edən Paşinyan "bəhanələri bir kənara qoyaraq", danışıqlar masasında birbaşa iştirakçı kimi qərar qəbulunda iştirak eməlidir.



























