You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakıdan sonra Yerevana gedən Gürcüstanın Baş naziri orda nəyi müzakirə edir?
Bakıdan sonra ikinci rəsmi səfərini Yerevana edən Gürcüstanın Baş naziri Georgi Qaxarian Nikol Paşinyanla görüşüb.
BBC News Azərbaycancanın Yerevan müxbiri Alexey Manvelyan xəbər verir ki, baş nazirlərin görüşündə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri və Gürcüstan ərazisində yerləşən erməni kilsələrinin vəziyyəti müzakirə edilə bilər.
"Ermənistanı xarici aləmlə birləşdirən əsas quru yolu olan Lars dəhlizi ilə bağlı müzakirə ola bilər. Gürcüstan-Rusiya sərhədində yerləşən Lars keçid məntəqəsində Ermənistandan və Ermənistana yük daşıyan avtomaşınlarının müxtəlif səbəblərlə ləngiməsi Ermənistan iqtisadiyyatına çox pis təsir edir", müxbirimiz bildirir.
Gürcüstan ərazisindən taxıl və qarğıdalı məhsullarının tranzitinə qadağa da müzakirə edilməsi gözlənilən məsələdir.
Ermənistan üçün ciddi əhəmiyyət kəsb edən məsələ ötən il qəbul olunmuş, lakin hələlik Ermənistana qarşı tətbiq edilməyən Gürcüstan ərazisindən taxıl və qarğıdalı məhsullarının tranzitinə qadağadır.
Gürcüstan Maliyyə Nazirliyinin qərarına görə, taxıl məhsulları və qarğıdalı Gürcüstan ərazisi üzərindən dəniz və dəmiryolu nəqliyyat vasitələri ilə daşınmalıdır.
Bu, Ermənistanda taxıl məhsulları və çörək məmulatının qiymətlərinin kəskin şəkildə artmasına gətirə bilərdi və danışıqlar nəticəsində qərarın bu ilin sonunadək tətbiq edilməməsi haqqında müvəqqəti razılıq əldə edilib, müxbirimiz qeyd edir.
Gürcüstan sərhədçilərinin ötən həftə bir qrup ermənistanlı jurnalistin Gürcüstan ərazisinə buraxmaması da ictimiyyətin diqqətini çəkən məsələdir.
Belə ki, jurnalistlərdən akkreditasiya və müsahibəyə icazə sənədləri tələb edilib. Gürcüstan Baş nazirinin səfəri ərəfəsində Ermənistan XİN mətbuat katibi Anna Nağdalyan jurnalistlərlə keçirdiyi brifinqdə bəyan edib ki, rəsmi Yerevan bu hadisəyə bələddir və Gürcüstan tərəfindən izahat gözləyir.