You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Mimino", "Kin-Dza-Dza" filmləri üçün musiqi bəstələmiş Giya Kançeli vəfat edib
Gürcü bəstəkarı Giya Kançeli Tbilisidə 84 yaşında vəfat edib. Kançeli teatr və kino üçün, o cümlədən Georgi Daneliyanın "Dərd eləmə", "Mimino" və "Kin-dza-dza" filmləri üçün musiqi yazıb, bununla yanaşı həm də böyük simfonik əsərlərin müəllifidir.
Kançelinin ölümü ilə bağlı ABŞ-ın Gürcüstandakı səfirliyi başsağlığı mesajı yayımlayıb.
"Bu gün dünya əfsanəvi bəstəkar Giya Kançelini itirib. Onun musiqisi zaman və mədəniyyət hüdudlarını aşıb və əbədi yaşayacaq. Bu gün həmişəkindən daha çox, sarı yarpaqlar sakit görünür" dedi.
"Sarı yarpaqlar" "Mimino" filminin musiqi mövzularından biridir.
"Bütün şüurlu ömrümü Giya Kançeli ilə keçirmişəm. O, böyük bəstəkar idi. Gia Kançeli kimi filmlərə lazım olan musiqini bəlkə də heç kim yaza bilməz. Çox kədərləndim. Dünya kinosu böyük bir bəstəkar və insanı itirdi", - gürcü rejissor və SSRİ xalq artisri Eldar Şengelaya BBC-yə deyib.
Giya Kançeli Gürcüstan və SSRİ xalq artistidir, Kin-dza-dza" film üçün bəstələdiyi musiqiyə görə "Nika" mükafatına layiq görülüb.
"Mimino" üçün musiqiyə görə isə heç bir mükafat almasa da, izləyiciləri böyük rəğbətini qazanıb.
Filmin əsas musiqisi Vaxtanq Kikabidzenin ifa etdiyi "Çito-Qvrito" mahnısıdır. Kançeli onu ciddi bir əsər saymayıb. Bəstəkar hətta deyirdi ki, bilsəydi ki, mahnı onun adıyla bu dərəcədə bağlı olacaq, onu yazmazdı.
Giya Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə (indiki Tbilisi) həkim ailəsində doğulub.
Kançeli musiqi məktəbini bitirib, lakin ilk ixtisası geoloq olub. Universiteti bitirdikdən sonra o, Tbilisi konservatoriyasına daxil olub və 1963-cü ildə oranı bəstəkarlıq ixtisasıyla bitirib.
1991-ci ildən Kançeli Berlində, 1995-ci ildən isə Flandriya Kral Filarmonik Orkestrinin dəvəti ilə Antverpendə yaşayıb.
O, film və tamaşalar üçün musiqiylə bərabər, çoxlu sayda simfonik əsərlərin də müəllifidir.
"Mikelanjelonun xatirəsinə" adlı Dördüncü Simfoniyasına görə Kançeli 1976-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdü.
Müsahibələrindən birində Gitya Kançeli həyatının şüarı barədə suala belə cavab vermişdi: "Dərd eləmə!"