Adnan Oktar məhkəmədə nə dedi?

Çap edildi

Adnan Oktar və qrupu ilə bağlı olduğu deyilən 226 şübhəli şəxs haqqında məhkəmə işi başlayıb.

Onlardan 171 nəfəri həbsdədir.

Adnan Oktar bu gün ilk dəfə hakim qarşısında ifadə verib.

O, haqqındakı bütün ittihamları rədd edib və "İngilis dövlətinin hiyləsiylə həbs olunduğunu" bildirib.

"İngilis dövləti İslam və Erdoğan hökumətini hədəf alıb", cənab Oktar deyib. O, Türkiyə prezidentini dəstəklədiklərini əlavə edib.

Adnan Oktar eyni zamanda "qruplaşma deyil, müsəlman dostluq qrupu" olduqlarını bildirib.

İstanbul 30-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən dinləmələrdən əvvəl güclü təhlükəsizlik tədbirləri görülüb.

Məhkəmənin keçiriləcəyi zala ilk əvvəl vəkillər və həbsdə olmayan şübhəlilər daxil olub. Daha sonra isə məhkəmə prosesini izləmək üçün gəlmiş çoxlu sayda izləyici məhkəmə zalına buraxılıb.

İlk məhkəmə iclasına Adnan Oktar, Oktar Babuna, Tarkan Yavaş, Ayşegül Hüma Babuna da daxil olmaqla 261 məhbus və 29 şübhəli şəxs qatılır.

Həbs edilmiş şəxslərin kimlikləri yoxlanılır

Keçmiş polis rəisi Adil Serdar Saçan və təşkilatdan ayrılmış Fırat Develioğlunun da daxil olduğu çoxlu sayda şikayətçi də məhkəmədə iştirak edir.

Adnan Oktarın ön cərgələrdə əyləşdiyi prosesdə həbs edilmiş şəxlərin kimlikləri yoxlanılıb.

İttihamnamədə ümumən 226 şübhəli şəxsə qarşı "Siyasi və ya hərbi casusluq təşəbbüsü", "Cinayət məqsədilə təşkilat yaratmaq və idarə etmək", "Cinayət məqsədilə yaradılmış təşkilata üzv olmaq", "Cinayət məqsədilə yaradılmış təşkilata üzv olmaqla yanaşı təşkilata kömək etmək" və "Cinsi istismar" da daxil olmaqla 24 müxtəlif ittiham irəli sürülür.