Ermənistanda qarayara xəstəliyi aşkar edilib

Çap edildi

Ermənistan Qeğarkunik vilayətinin Qeğhovit kəndində beş nəfərdə qarayara (Sibir yarası) xəstəliyinin simptomları aşkar edilib, Ermənistan Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Qeğhovit kəndinin iki sakini dəriləri üzərində qarayara əlamətləri ilə Martuni şəhər xəstəxanasına müraciət ediblər, daha sonra isə daha 6 kənd sakinində həmin xəstəliyin simptomları aşkar edilib.

Xəstəliklərin nəzarəti və profilaktikası mərkəzinin mütəxəssisləri tərəfindən yerində aparılan DNT analizi nəticəsində beş nəfərdə Sibir yarası törədici mikroblar aşkar edilib və onlar Yerevanın "Nork" yoluxucu xəstəliklər xəstəxanasına göndəriliblər.

Yerevan müxbirimizin zənginə cavab olaraq xəstəxana direktorunun qəbul otağından bu məlumatı təsdiq ediblər, lakin əlavə məlumat vermək iqtidarında olmadıqlarını deyiblər.

Kənddə tibbi nəzarət tətbiq edilir.

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən alınan məlumata görə, qeğhovitlilər inək ətindən yoluxublar.

İnək avqustun 12-də ev şəraitində kəsilib və xəstə heyvanın əti 25 ailəyə paylanıb, Sputnik Armenia agentliyinə qida təhlükəsizliyinə nəzarət orqanının rəhbəri Georgi Avetisyan deyib.

Avetisyanın sözlərinə görə, xəstəlik yoluxmuş mal ətinin 20-30 kiloqramı artıq kəndlilər tərəfindən istifadə olunub.

Kəsilən inəyin dərisi və başını tapıb yandırıblar. Mütəxəssisin sözlərinə görə, inəyin yoluxmasının səbəbi ondadır ki, onun sahibi vaxtında heyvana peyvənd etməkdən imtina edib.

Hazırda kənddə bütün mal-qara nəzarət altına alınıb, xəstəliyə yoluxub-yoluxmaması yoxlanır, məlumatda deyilir.