Türkiyədəki suriyalılar haqqında nə bilirik?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Mahmut Hamsici
- Vəzifə, BBC Türkcə
- Çap edildi
Türkiyədə yaşayan suriyalılar son illərdə cəmiyyətdə ən çox mübahisə doğuran mövzulardan biridir.
İstanbul valiliyinin qanunsuz miqrasiyaya qarşı şəhər miqyasında əməliyyat keçirməsi mövzunu daha çox diqqət mərkəzinə gətirib.
2011-ci ildən bu yana suriyalılar haqında cəmiyyətdə bir sıra informasiyalar yayılır - daha çox sosial şəbəkələr vasitəsiylə.
Amma bu informasiyaların bir çoxu həqiqəti əks etdirmir, bir qismi isə real məlumatlara əsaslanmır.
Müxtəlif təşkilatların və qurumların statistik məlumatlarından istifadə edərək, müxtəlif mənbələrlə danışaraq Türkiyədəki suriyalılarla bağlı sualları faktlara əsasən cavablandırdıq.
Türkiyədə nə qədər suriyalı işləyir?
Suriyada 2011-ci ildə başlamış qarşıdurmadan sonra Türkiyəyə gəlməyə başlayan suriyalılar burda müvəqqəti himayə statusuyla yaşayırlar.
Daxili İşlər Nazirliyi Baş Miqrasiya İdarəsi Türkiyədə bu statusla yaşayan suriyalılarla bağlı ən son göstəriciləri 25 iyunda açıqlayıb.
Bildirilib ki, Türkiyədə rəsmən qeydə alınmış 3.639.234 suriyalı var və bu rəqəm 2011-ci ildən etibarən artmaqdadır.
Müvəqqəti himayə statusu olanlardan başqa, Türkiyədə yaşamaq icazəsiylə qalan suriyalılar da var.
Bunlar maddi vəziyyəti nisbətən yaxşı olan suryalılardır.
Baş Miqrasiya İdarəsinin 2018-ci ilə aid məlumatına görə, belələrinin sayı 99 min 643 nəfərdir.
Qanunsuz giriş, giriş şərtlərinin pozulması və viza müddətinin bitməsi hallarına görə Türkiyədə hüququ statusu olmayan şəxslərə qeyri-leqal immiqrant deyilir.
Müvəqqəti himayə statusunun verdiyi hüquqlardan yararlana bilmək üçün suriyalılar bu statusla qeydiyyatdan keçməlidirlər.
Ona görə də hesab edilir ki, başqa bir ölkəyə qanunsuz köç məqsədilə hərəkət edənlər də daxil olmaqla, qeyri-leqal immiqrantların sayı qetdiyyatda olanlarla müqayisədə o qədər də çox deyil.
Baş Miqrasiya İdarəsinin 25 iyulda açıqladığı məlumata görə, il ərzində 16.849 qeyri-leqal suriyalı miqrant yaxalanıb.
Bu göstərici 2014-cü ildə 24.984, 2015-ci ildə 73.422, 2016-cı ildə 69.755, 2017-ci ildə 50.217, 2018-ci ildəsə 34.053 nəfər təşkil edib.
Kamplarda nə qədər suriyalı yaşayır?
Suriyalıların qaldığı kampların rəsmi adı müvəqqəti sığınma mərkəzləridir.
Bu mərkəzlər Şanlıurfa, Adana, Kilis, Qəhrəmanmaraş, Hatay, Osmaniyə, Malatya və Qaziantepdədir.
25 iyul 2019-cu il tarixə olan məlumata görə, həmin mərkəzlərdə 82.464 suriyalı var.
Bu, rəsmi qeydiyyatı olan suriyalıların cəmi 2,4%-i deməkdir.

Şəklin mənbəyi, Getty Images
Hansı şəhərdə nə qədər suriyalı yaşayır?
Rəsmi qeydiyyatı olan suriyalıların 97,6%-i - yəni 3.552.004 nəfəri şəhərlərdə yaşayır.
Onların böyük qismi - 547.716 nəfəri İstanbuldadır.
Yəni şəhər əhalisinin 3,64%-ni suriyalılar təşkil edir.
Suriyalıların İstanbuldan sonra ən çox yaşadığı şəhərlər bunlardır - Qaziantep, Hatay, Şanlıurfa və Adana.
Qaziantepdə 445.154, Hatayda 431.098, Şanlıurfada 430.237, Adanada 240.752 min suriyalı yaşayır.
Türkiyədə suriyalıların ən az olduğu yer Bayburtdur. Bu şəhərdə cəmi 25 suriyalı yaşayır.
Onların sayı Atrvində 35, Tuncelidə 55, İqdırda 86, Ərzincanda 100 nəfərdir.
Əhali sayına görə suriyalıların ən sıx və ən seyrək yaşadığı şəhərlər hansılardır?
Əhali sayına görə suriyalıların ən sıx yaşadığı şəhər Kilisdir.
Rəsmi məlumata görə, bu gün Kilis əhalisinin 8,31%-ini suriyalılar təşkil edir.
Yenə rəsmi məlumatlara görə, suriyalılar Hatay əhalisinin 26,78; Qaziantep əhalisinin 21,94; Şanlıurfa əhalisinin 21,13; Mersin əhalisinin 11,11; Adana əhalisinin 10,84; Mardin əhalisinin 10,54%-ini təşkil edirlər.
Suriyalıların ən az olduğu şəhər Artvindir - şəhər əhalisinin cəmi 0,02%-i.
Bayburtda bu göstərici 0,03; Ərzincan, İqdır və Girəsunda 0,04; Qars, Tunceli və Sinopda 0,06%-dir.
Suriyalıların yaş və cinsiyyət üzrə yerləşməsi necədir?
Türkiyədə yaşayan suriyalıların 1.970.516 nəfəri - yəni 54,15%-i kişi; 1.668.768 nəfəri - yəni 45,85%-i qadındır.
Yaş tərkibinə görə Türkiyədəki suriyalıların böyük qismi uşaqlar və gənclərdir, 30 yaşdan yuxarı olanlar azlıq təşkil edir.
0-14 yaş aralığındakı suriyalıların sayı 1.417.311; 15-18 yaş aralığında olanlarsa 237.228 nəfərdir. Yəni Türkiyədə yaşayan suriyalıların 46,45%-i 0-18 yaş qrupuna aiddir.
19-24 yaş aralığında 547.684; 25-29 yaş aralığında 352.017; 30-34 yaş aralığında 294.122; 35-39 yaş aralığında 214.766 suriyalı var.
40-49 yaş aralığındakıların sayı 263.812; 50-59 yaş aralığındakıların sayı 159.268; yaşı 60-dan çox olanların sayı isə 117.079 nəfərdir.

Şəklin mənbəyi, Getty Images
Türkiyədə nə qədər suriyalı doğulub?
Daxili işlər naziri Süleyman Soylu iyul ayındakı açıqlamasında bildirib ki, Türkiyədə suriyalılar 450 min uşaq dünyaya gətiriblər.
Türkiyədə 0-4 yaş aralığındakı Suriya kökənli uşaqların sayı 536.820; 0-9 yaş aralığındakıların sayı isə 495.346 nəfərdir.
Bu günə kimi neçə suriyalıya Türkiyə vətəndaşlığı verilib?
Sosial şəbəkələrdə yazılır ki, suriyalıların çoxuna Türkiyə vətəndaşlığı verilib. Amma bu iddia konkret faktlara əsaslanmır.
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Türkiyədə 8 mart 2019-cu il tarixinə kimi 79.894 suriyalıya vətəndaşlıq verilib.
Suriyalılar səsvermədə iştirak edə bilirlərmi?
Suriyalıların səsvermə hüququ yoxdur.
Yalnız vətəndaşlıq verilmiş suriyalılar seçkilərdə səs verə bilərlər.
Süleyman Soylu 31 mart 2019-cu il bələdiyyə seçkilərindən əvvəl verdiyi açıqlamada bildirmişdi ki, vətəndaşlıq almış suriyalılardan 53.099 nəfəri yetkinlik yaşına çatmış şəxslərdir.
Neçə suriyalının iş icazəsi avr? Neçəsi qeydiyyatsız çalışır?
Suriyalılar Türkiyədə çalışa bilmək üçün iş icazəsi almalıdırlar.
İşverənlər bu icazə üçün Ailə, Çalşma və Sosial Xidmətlər Nazirliyinə müraciət etməlidirlər.
Onlar icazə xərci ödəməli və işçiyə ən azı minimum əməkhaqqı səviyyəsində maaş verməlidirlər.
Bu sahədə bəlli bir məşğulluq kvotası var. Hər hansı işverən suriyalıları işə götürə bilmək üçün ən azı bir türkiyəlini də öz şirkətində işlə təmin etməlidir. Fabriklərdə isə suriyalıların ümumi sayı cəmi personalın 10%-indən çox olmamalıdır.
Suriyalılara nazirlik tərəfindən verilən iş icazəsi müvəqqəti himayə qərarıyla onun Türkiyədə qalmasına icazə verilən illər ərzində keçərlidir.
Mövsümi əkinçilik və heyvandarlıq sahəsində azadlıqlar mövcuddur. Bu işlərdə çalışmaq istəyən suriyalılar iç icazəsi üçün onlara müvəqqəti himayə təmin edən rayon valiliyinə müraciət etməlidirlər.
Tibb işçiləri Səhiyyə Nazirliyindən, təhsil işçiləri isə Milli Təhsil Nazirliyindən və ya Ali Təhsil Şurasından ilkin icazə almalıdırlar.
Türkiyədə əcnəbilərə vəkillik, əczaçılıq, diş həkimliyi kimi peşələrdə işləmək icazə verilmir və bu qadağa suriyalılara da aiddir.
Ailə, Çalışma və Sosial Xidmətlər Nazirliyinin 31 mart 2019-cu il tarixli açıqlamasına görə, iş icazəsi verilmiş 96.972 əcnəbinin 31.185 nəfəri suriyalıdır.
Bəzi işverənlərin maddi xərclərdən və sənədləşmə prosesindən yayınması suriyalıları az maaşla və qeydiyyatsız çalışmağa məcbur edir.
Cünhuriyyət Xalq Partiyası (CHP) 2018-ci ildə hazırladığı "Miqrant işçilik" hesabatında təxminən 1 milyon suriyalının qeydiyyatsız çalışdığını açıqlayıb.
CHP bir çox suriyalının əkinçilikdə və əkinçiliyə aid sənaye sahələrində, istehsal sənayesində və tikinti sektorunda çətin şərtlərlə və çox kiçik ödənişlə işlədildildiklərini vurğulayıb.
Partiya həmçinin qeyd edib ki, qeyri-rəsmi çalışdırılan suriyalıların beşdə biri yaşı 15-dən az olanlardır.
Suriyalı işçilər nə qədər maaş alırlar, hansı sektorlarda çalışırlar?
"Qızılay" və Birləşmiş Millətlər Dünya Qida Proqramının (WFP) bu il açıqladığı "Türkiyədəki qaçqınlar: gəlir mənbələriylə bağlı araşdırmanın nəticələri" ("Refugees in Turkey: Livelihoods Survey Findings") hesabatında suriyalıların işçi qüvvəsindəki payına dair göstəricilər təqdim edib.
Hesabat yalnız suriyalılara aid olmasa da, araşdırmaçıların görüşdüyü insanların 96,5%-i Sosial İnteqrasiya Yardımına müraciət etmiş suriyalılar olub.
Hesabatda qeyd edilir ki, daimi işi olmayan qaçqınlar ayda 1058 TL, daimi işi olanlarsa 1312 TL maaş alır.
Ən yüksək maaş (1332 TL) tekstil sektorunda, ən kiçik maaşsa (756 TL) əkinçilik sektorundadır.
Araşdırmaya qatılanların 84%-i müvəqqəti işlərdə çalışdığını bildirib, onların yalnız 3%-inin işçi olaraq rəsmi qeydiyyatı var.
Araşdırma zamanı həmçinin məlum olub ki, qadınlar arasında işsizlik 32% - kişilərdə olduğundan iki dəfə çoxdur.
İşsizliyin ən çox olduğu şəhərlər də müəyyənləşdirilib: Samsun - 51%, Kayseri - 36%, Hatay - 30%.
İzmir (4%), İstanbul (7%) və Bursa (9%) bu göstəricinin ən aşağı olduğu şəhərlərdir.
Suriyalılar Türkiyədə neçə şirkət qurub?
Ticarət Nazirliyinin açıqlamasına görə, 26 fevral 2019-cu il tarixinə kimi ən azı bir ortağı suriyalı olan şirkətlərin sayı 15.159-dur.
Nazirlik bildirir ki, topdan və pərakəndə ticarətlə məşğul olan bu şirkətlər İstanbul, Qaziantep, Mersin, Hatay və Bursa şəhərlərindədir.
Suriya mənşəli şirkətlərdə 10.046 suriyalının çalışdığı bildirilir.
Törədilən cinayətlərdə suriyalıların "payı" nə qədərdir?
Bununla bağlı 2019-cu ilə aid məlumatlar yoxdur, amma məmurlar zaman-zaman verdikləri açıqlamlarda qeyd ediblər ki, suriyalıların cinayət törətmə nisbəti Türkiyə vətəndaşlarına aid göstəricilərdən çox deyil.
Daxili İşlər Nazirıiyi Baş Miqrasiya İdarəsinin müdiri Abdulla Ayaz 28 avqust 2018-ci ildə verdiyi açıqlamada bildirib ki, 2014-2017-ci illər aralığında baş vermis ictimai asayiş pozuntularında suriyalıların da olduğu hadisələr 1,32% təşkil edir, 2018-ci ildə isə bu faiz azalıb.
Daxili işlər naziri Soylu isə 2018-ci ilin oktyabr ayında bu statistikanı açıqlayıb: "2018-ci ilin ilk doqquz ayının rəqəmlərini deyirəm. Ümumi əhali sayına görə Türkiyədə işlənən cinayətlərin nisbəti 2,5%, suriyalıların sayına görəsə 0,8%-dir".
7 iyul 2019-cu il tarixli açıqlamasında Soylu belə deyib: "Orta statistik suriyalının çinayət törətməsi türk vətəndaşlarımızın yarısından da az olmasına baxmayaraq bu insanları cinayət mexanizmi kimi göstərməyə çalışan, bununla bağlı provokativ nəşrlər hazırlayan mərkəzlər var".
Suriyalılar dövlət qurumlarından hansı maddi yardımları alırlar?
Suriyalılar dövlət qurumları vasitəsiylə müxtəlif yardımlardan yararlana bilirlər.
Bunların ən əhəmiyyətlisi nağd yardım proqramı olan Sosial İnteqrasiya Proqramıdır (SİP).
Avropa Birliyinin maliyyələşdirdiyi SİP Ailə, Çalışma və Sosial Xidmətlər Nazirliyi, "Qızılay" və WFP tərəfindən ortaq idarə olunur.
SİP çərçivəsində yardım üçün uyğun bilinən ailələrə "Qızılay"ın kartı verilir və ailənin qeydiyytada olan hər fərdinə ayda 120 TL ödənir.
"Qızılay"ın iyun ayında açıqladığı hesabata görə, Türkiyədə 1.646.888 əcnəbi SİP-dən faydalanır.
Bu şəxslərin 88,5%-i, yəni 1.456,942 nəfəri suriyalıdır.
Hesabatda qeyd edilir ki, 2016-cı ilin dekabr ayından 2019-cu ilin iyun ayına qədər cəmi 4,4 milyard TL-lik yardım edilib.
Qanuna görə yardımdan yararlananların böyük əksəriyyəti uşaqlardır.
0-17 yaş aralığındakı 991.161 immiqrant cəmi yardım alanların 60%-ni təşkil edir.
Yaşı 60-dan yuxarı olanların sayı 48.633 nəfər (3%), 18-59 yaş qrupuna aid olanlarsa 607.094 nəfərdir (37%).
Türkiyədə bu proqramdan ən çox yararlananların yaşadığı şəhərlər bunlardır: Qaziantep, İstanbul, Şanlıurfa, Hatay, Ankara, Adana, Mersin, Konya, Bursa, İzmir.
Suriyalılar rayon valiliklərinin koordinasiya etdiyi sosial yardımlardan da faydalana bilirlər.
Valiliklərin tabeçiliyində olan Sosial Yardım və Həmrəylik Dərnəkləri (SYHD) birdəfəlik nağd pul, qeyri-qida ehtiyac vasitələri, kömür, təhsil, sığınacaq, səhiyyə və s. yardım tələbli ərizələri dəyərləndirirlər.
Bələdiyyələr də suriyalılara yardım edirlər. Yardım üçün kriteriyalar, yardımın növləri və həcmi hər bələdiyyədə fərqli ola bilir.
Suriyalılar Şərtli Təhsil Yardımından (ŞTY) da faydalanırlar. Bu proqram Avropa Birliyi, Norveç və ABŞ tərəfindən maliyyələşdirilir; Ailə və Sosial Siyasətlər Nazirliyi, Milli Təhsil Nazirliyi, Türkiyə "Qızılay"ı və Birləşmiş Millətlər Uşaqlara Yardım Fondunun (UNICEF) birgə fəaliyyyətiylə tətbiq edilir.
Kampdan kənarda yaşayan qaçqın ailələrinin uşaqlarına məktəbə fasiləsiz getmək şərtilə ŞTY-dən nağd vəsait ayrılır.
İbtidai məktəbdə oxuyan oğlanlara ayda 35 TL, qızlara 40 TL, orta məktəbdə təhsil alan oğlanlara ayda 50 TL, qızlara 60 TL vəsait ödənir.
Ailə və Sosial Siyasətlər Rayon İdarələrinin tabeçiliyindəki Sosial Xidmət Mərkəzləri də social-iqtisadi dəstək və əlillər üçün evdə qulluq xidməti proqramlarıyla bağlı müraciətlər qəbul edirlər.
Uşaqları risk altında olan ailələrə, o cümlədən, uşaqlarını tək böyüdən valideynə müəyyən müddət üçün sosial-iqtisadi dəstək verilir.
Əlillərə evdə qulluq xidməti əlil üzvü olan ailələrə verilir - əlil şəxsə qulluq edəcək ailə üzvünə nizamlı şəkildə maddi yardımı ödənir.
Neçə suriyalı öz ölkəsinə qayıdıb?
Daxili işlər naziri Süleyman Soylu 21 iyul 2019-cu il tarixli açıqlamasında öz ölkəsinə birdəfəlik geri dönən suriyalıların sayının 337.729 nəfər olduğunu deyib.
Soylu bu prosesin davam etdiyini bildirib.
Rəsmilər bildirirlər ki, İstanbul valiliyinin son əməliyyatı qeydiyyatsız qaçaq immiqrantlar və başqa şəhərdə qeydiyyatda olub İstanbulada yaşayan suriyalılarla bağlıdır.
Müəyyən insan haqları təşkilatları da daxil olmaqla, bəzi QHT-lər iddia edirlər ki, immiqrantlara zorla könüllü geri dönüş sənədi imzalatma halları var, bəzilərini isə qrup halında ölkədən çıxararaq həyatları üçün təhlükəli olan döyüş zonalarına göndərirlər.



























