Özbəklər evlərinin sökülməsinə etiraz edirlər

Özbəkistan

Şəklin mənbəyi, KUN.UZ/YOUTUBE

Şəklin alt yazısı, Özbəkistanda evləri söküntüyə məruz qalmış şəxslər kompensasiya ala bilmədikləri üçün özlərinə gecəqondu tikməli olublar.
Çap edildi

Özbəkistanın şimalında bir sənaye mülkünün tikintisi üçün şəxsi evlərin sökülməsinə qarşı başlayan küçə etirazları hökuməti öz siyasətini yenidən gözdən keçirməyə vadar edib.

Bir sayt yazıb ki, Urgenc şəhərinin yüzlərlə sakini hökumətin 400 ailənin yaşadığı qonşu ərazini "təmizləməsi"ndən sonra kompensasiya tələb edib.

Şəhər meri əhaliyə geniş torpaqlar və özlərinə yeni evlər tikmək üçün vəsait söz versə də sakinlər indiyədək heç nə almadıqlarını və özlərinə konstruksiya və əldə edə bildikləri digər mümkün materiallardan gecəqondu tikdiklərini deyirlər.

"Onlar bizi it kimi küçələrə saldılar və və bizi qalmaq üçün yerlə təmin etmədən evlərimizi dağıtdılar. Biz, birimiz xəstə olmaqla 10 nəfərik və bir də yeni doğulmuş körpəmiz var", - bir qadın Facebook-da yazıb və hadisənin qeydə alındığı videonu paylaşıb.

"Prezident Urgenc rəhbərliyinin bu cür davranması ilə bağlı nə edəcək?" - qadın ölkənin hər yerindən olan bir çox insanı düşündürən sualı səsləndirib.

"Maşınına minib qaçdı"

"Vilayət qubernatoru Farhod Ermanov əhalinin yaşadığı çadır şəhərciyinə gedərək əvvəldən seçilmiş sakinlərlə danışarkən gərginlik artdı, adamlar rəsmilərin çadırını cırdılar, qubernator isə maşınına minib qaçdı", - Azadlıq Radiosunun Özbək dili Xidmətinə danışan şahid deyib.

Daha sonra etirazçılar Urgenc şəhərindən cənubi Kanqaya gedən yolu iki saatlığına bağlayıblar.

Hakimiyyətin ictimai müxalifətə qarşı repressiyasının izlərinin qeydə alındığı Özbəkistanda vətəndaş etirazları nadir görüləndir. Lakin Prezident Şavkat Mirziyoyevin senzuranı yüngülləşdirmək üçün atdığı son addımlar bəzi tənqidçilərə təsir edib.

Bu, hökumətin Obod Mahalla (Abad Məhəllə) adlı sənaye istehsalının və məşğulluğun artırılmasına yönəlmiş proqramına təsadüf edib.

Özbəkistanda əhaliyə sahib olduğu mülkiyyətin bazar qiymətilə tam kompensasiyası ödənildiyi təqdirdə həmin mülkiyyət əhalidən zorla alına bilər.

Özbəkistanda etirazlar Özbəkistan

Şəklin mənbəyi, KUN.UZ/YOUTUBE

Şəklin alt yazısı, Şəhərdə söküləcək evlərin qeydə alındığı plan

Fərqanə Xəbər Agentliyi yazır ki, yerli əhali ilə məsləhətləşmənin olmaması və ödəmələrin vaxtında verilməməsi bütün ölkə boyu sosial narazılığa səbəb olub.

Ötən həftə ölkənin şimalında yerləşən Yakkabog şəhərində yaşayan iş adamı icra məmurunun ona məxsus olan mülkiyyəti dağıtmasının qarşısını almaq üçün məmurun üzərinə benzin tökərək onu yandırıb.

Kun.uz saytı yazır ki, həmin məmur yanıqlara görə müalicə olunub. Həmin hadisə isə hökuməti hərəkətə keçməyə vadar edib və Prezident Mirziyoyev özü hadisəyə müdaxilə etməli olub.

Vilayət qubernatoru Zafarjon Roziyev bu məsələdə adı hallanan rəsmiləri işdən azad edib. O, "biz yüksək vəzifəlilər insanlardan uzaqlaşmışıq və təkəbbürlü olmuşuq" deyə etiraf edib.

"Zaman dəyişib və bizim cənab prezidentimiz böyük dəyişiklər planlayıb həyata keçirir. Biz hər bir ailənin acısını dinləməli və onu yüngülləşdirməliyik", - cənab Roziyev dövlətin UzA Xəbər Agentliyinə deyib.

Urgencdəki nümayişlər başlayanda ölkənin Baş naziri Abdulla Oripov etirazçıları sakitləşdirmək üçün işə qarışaraq, vilayət qubernatorlarını mülkiyyətə görə təzminat almamış şəxslərin mülklərinin dağıdılmasını dayandırmağa çağırıb. O, məmurlara gələcəkdə hər hansı söküntüyə başlamaq üçün hökumətin təsdiqini gözləməyi tapşırıb.

Podrobno xəbər saytı yazır ki, ədliyyə naziri Ruslanbek Davletovun polisə bu tapşırığa əməl olunmasının "ən başlıca vəzifə" olduğunu bildirməsi hökumətin bu məsələyə nə dərəcədə ciddi yanaşmasının əlamətidir.

"İnsanlara məxsus olan mülkləri sökdükdən sonra onları təzminatsız qoymaq barbarlıqdır və bu bizim qanunları pozur və Özbəkistanın qoşulduğu beynəlxalq konvensiyaya ziddir, o yüksək rütbəli nazirlik rəsmilərinə deyib.

Səlahiyyətlilər, artıq avqustun ikinci həftəsinə qədər ödənilməmiş kompensasiyaları ödəyəcəklərini vəd ediblər. Lakin Urgencin müvəqqəti evsizləri bunun yaxşı sonluqla bitəcəyinə əmin olmadıqları üçün onlardan bəziləri artıq Azadlıq-a söküntülər başlayandan bəri kərpic və tikinti materiallarının qiymətlərinin bahalanmasından şikayət ediblər.