You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Gürcü teleaparıcının Putini efirdə söyməsi Rusiyanı qəzəbləndirib
Kreml gürcü TV aparıcının Rusiya prezidenti Vladimir Putini efirdə söyməsini pisləyib.
Cənab Putinin sözçüsü Dmitri Peskov deyib: "Biz bu təhqirləri tamamilə qəbuledilməz sayırıq".
Rustavi-2 Gürcüstanın əsas kommersiya kanalıdır.
Aparıcı Giorgi Gabuniya bazar günü verilişində Putin haqqında rus dilində təhqiredici ifadələr işlədib. Rustavi-2 onun qəzəbli çıxışına görə üzr istəyib.
Gürcüstan və Rusiya arasında münasibətlər son aylarda yenidən gərginləşib. Rusiya Gürcüstana birbaşa uçuşları qadağan edib.
Putinə ünvanladığı söyüşdən sonra, Gabuniya rusları qul adlandırıb və onları Gürcüstandan "rədd olub getməyə" çağırıb.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze Gabuniyanın emosional davranışını pisləyb və deyib ki, bu, "provokatorların öz ölkəsinə qarşı müharibəsidir, dövlət və vətəndaşlara qarşı çirkin və ürəkbulandırıcı oyundur".
Ötən ay Tbilisidə etirazçılar parlamentə hücum etmişdilər. Səbəb rusiyalı millət vəkilinin spikerin yerində oturaraq çıxış etməsi idi.
Rus millət vəkili Sergey Qavrilov tələsik Gürcüstanı tərk etmişdi. Bundan sonra isə toqquşma başlamış və 240 adam zədələnmişdi.
Bundan sonra President Putin Gürcüstandan Rusiyaya uçan təyyarələrə iyulun 8-dən etibarən qadağa qoymuşdu. O, rus turistlərə evlərinə qayıtmağı məsləhət görmüşdü.
Gürcülərin çoxu Cənubi Osetiya və Abxaziyanın Gürcüstandan qopmasından sonra Rusiyanın regionda ağır hərbi güc saxlamasından qəzəblidir.