Əsir düşmüş Azərbaycan vətəndaşı "üçüncü ölkəyə göndərilə bilər"

dağlıq qarabağ

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Dağlıq Qarabağda iki illik həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxmış Azərbaycan vətəndaşı Elnur Hüseynzadə üçüncü ölkəyə göndərilə bilər, Ermənistan informasiya vasitələrinin yaydığı məlumatlarda deyilir.

"O, [Hüseynzadə] əvvəlcədən Azərbaycana qayıtmaqdan imtina edib. Beynəlxalq təcrübədə qəbul olunduğu kimi, o, [Hüseynzadə] üçüncü ölkəyə göndəriləcək", - tanınmamış "DQR liderinin mətbuat katibi" David Babayan yerli informasiya vasitələrinə deyib.

Babayan Elnur Hüseynzadənin vətənə qayıtmaqdan imtina etməsinin "onun həyatı və səhhətinə təhlükə uğraması ehtimalı" bağlı olduğunu deyib.

Dağlıq Qarabağ ərazisində iki illik həbs müddəti başa çatdıqdan sonra Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Şuşa həbsxanasından Ermənistana aparılıb və üçüncü ölkəyə göndəriləcək, Ermənistan informasiya vasitələrinin məlumatlarında bildirilir.

Tanınmamış "Dağlıq Qarabağ Respublikası Baş Prokurorluğu" tanınmamış "DQR məhkəməsinin" qərarı ilə azadlıqdan məhrum edilmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin "həbs müddəti" başa çatdıqdan sonra azadlığa buraxılması haqqında məlumat yayıb.

"Dağlıq Qarabağ Müdafiə Ordusu mətbuat xidmətinin" məlumatına görə, 1995-ci il təvəllüdlü Elnur Elman oğlu Hüseynzadə 2017-ci il fevralın 1-də "Azərbaycan Silahlı Qüvvələri tərəfindən təmas xəttinin Talış yaşayış məntəqəsi istiqamətində kəşfiyyat-diversiya cəhdi zamanı" əsir götürülüb.

9 fevral 2018-ci il tarixində "tanınmamış DQR 1-ci instansiya məhkəməsi" Hüseynzadə barəsində iki il müddətinə azadlıqdan məhrum etmək qərarı qəbul edib.

Onun faktiki olaraq 2017-ci il fevralın 1-dən həbsdə olduğu nəzərə alınaraq, "cəza müddəti başa çatıb", məlumatlarda qeyd olunur.

Lakin Azərbaycan Respublikasının vətəndaşının Ermənistandan öz vətəni Azərbaycana deyil, üçüncü ölkəyə qaytarılacağı bildirilir.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bəyanatında bildirib ki, Elnur Hüseynzadənin "həbs müddəti" başa çatdıqdan sonra vətənə qaytarılması üçün müvafiq beynəlxalq təşkilatlarla zəruri tədbirlər görülüb.

"Saxlanıldığı vaxtdan etibarən Elnur Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmış və hazırda bu istiqamətdə zəruri işlər aparılır", Dövlət Komissiyasının bəyanatında deyilir.

Azərbaycan və Ermənistan 1990-cı illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı səbəbilə münaqişə vəziyyətindədir.

Müharibəyə səbəb olmuş münaqişə dövründə 1994-cü ildə atəşkəs imzalansa da, tərəflər tez-tez atəşkəsin pozulmasına dair məlumatlar paylaşır və bir-birini ittiham edir.