ABŞ eynəyi əvəz edən preparatı təsdiqləyib

    • Müəllif, Nikolay Voronin
    • Vəzifə, Elmi məsələlər üzrə müxbir
  • Çap edildi

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) yaşlı insanlardakı hipermetropiya (presbiopiya) ilə mübarizə aparan ilk dərmanı - Vuity göz damcısını rəsmən təsdiqləyib.

Hərçənd bu preparatı birmənalı şəkildə dərman adlandırmaq olmaz: o, görmə probleminin səbəblərini aradan qaldırmır, sadəcə pozuntunun əsas simptomunu müvəqqəti olaraq aradan qaldırır.

Bununla belə, əksər mütəxəssislər artıq terapiyanın bu növünü inqilabi dəyişiklik adlandırırlar, çünki damcılardan müntəzəm istifadə yaxını pis görən yaşlı insanlara eynək taxmadan oxumağa və ya kompüterdən istifadə etməyə imkan verəcək.

Sözügedən preparatın aktiv maddəsi həkimlərə çoxdan məlumdur və 19-cu əsrdən bəri göz xəstəliklərinin müalicəsində istifadə olunur.

Eynəksiz və əməliyyatsız

Kitab oxuyanda və ya kompüter ekranına baxanda gözlərini qıyan yaşlı insanları yəqin ki, siz də görmüsüz.

Vizual qavrayışda yaşa bağlı dəyişikliklər saçların ağarması və ya dəridə qırışlar yaranması kimi təbii qocalıq əlamətləridir. Presbiopiya (yunanca "qocalıq görməsi") yetkin yaşlı insanların, demək olar ki, yarısında müşahidə olunur.

Danışıq dilində çox vaxt buna yaşa bağlı və hətta qocalıq hipermetropiyası deyilir, hərçənd amma belə deyim tam da korrekt deyil.

Yaxını görmənin pisləşməsi mütləq uzağı görmə qabiliyyətinin yaxşılaşmasıyla nəticələnmir: əksər hallarda yaşlı insanlar həm yaxındakı, həm də uzaqdakı predmetləri zəif görürlər.

Presbiyopiyanın inkişaf mexanizminin dəqiq səbəbi müəyyən edilməyib (Alimlər bir-birini tamamlayan bir neçə versiya irəli sürürlər), amma görmə qabiliyyətinin orta hesabla qırx yaşdan sonra pisləşməyə başlaması məlum faktdır. Göz bülluru zamanla elastikliyini itirir və yaxını görmək çətinləşir.

Bu narahatlığı azaltmaq üçün yaşı qırxı keçmiş bir çox insana eynək təyin olunur. Xüsusilə ağır hallarda isə pasientlərə göz büllurunda əməliyyat barədə düşünmək təklif olunur.

Presbiyopiyadan əziyyət çəkən təxminən 128 milyon amerikalıya (Dünya üzrə belələrinin 1,8 milyard nəfər olduğu bildirilir) hazırda üçüncü alternativ - simptomatik dərman korreksiyası təklif edilir.

FDA tərəfindən təsdiqlənmiş Vuity göz damcıları göz bəbəyini daraldaraq (gözün qıyılmasını hərəkətini faktiki təqlid edərək) yaxını yaxşı görmə qabiliyyətini bərpa edir. Preparat uzağı görmə səviyyəsinə təsir etmir.

Klinik sınaqların nəticələri göstərib ki, damcılar 15 dəqiqə ərzində təsir etməyə başlayır, maksimum effekt təxminən bir saat ərzində hiss olunur və ən azı altı-yeddi saat təsirini saxlayır.

Bəzi hallarda preparatın effekti 10 saatdan da çox davam edib. Amma hətta belə situasiyalarda da sonrakı gün yenə damcılardan istifadə etmək lazım gəlir.

Preparatın istehsalçısı qeyd edir ki, bu üsul yaxını görmə probleminin nisbətən yüngül formalarından əziyyət çəkən 40-55 yaşlı insanlara daha yaxşı təsir edir.

Klinik sınaqlar zamanı preparatın yan təsirləri hər 20 nəfərdən birində, baş ağrısı və göz qızarması şəklində ortaya çıxıb. Dumanlı görmədən və göz yaşarmasından şikayətlənənlərin sayı daha az olub. Məhz buna görə preparatın instruksiyasında qeyd olunur ki, damcı tökəndən sonra maşın sürmək məsləhət deyil.

Yaxşı unudulmuş köhnə?

Vuity damcılarını istehsal edən şirkət bir kurs müalicənin 79 dollara başa gəldiyini bildirir (2,5 ml-lik şüşə qab təxminən bir aya bəs edir).

Preparatın aktiv maddəsi olan pilokarpin (bitki alkaloidi) həkimlərə 100 ildən artıqdır ki, məlumdur, qlaukoma kimi göz xəstəliklərinin müalicəsində bu maddədən geniş istifadə olunur.

2021-ci ilə qədər Rusiya Səhiyyə Nazirliyi pilokarpin göz damcılarını hətta həyati və zəruri dərmanlar siyahısına daxil etmişdi.

Pilokarpin hidroxlorid əsaslı preparatların standart buraxılış forması indiyə qədər yalnız iki konsentrasiyada olub: 1% və 2%.

Vuity damcılarını istehsal edən şirkət 1,25%-lik ideal həll konsentrasiyasını tapdığını iddia edir.

Hüquqi məlumat. Bu məqalədə yalnız ümumi informasiya əks olunub və həkimin və ya digər səhiyyə işçisinin məsləhətinin əvəzi kimi qəbul olunmamalıdır. BBC oxucuların saytdakı materiallara əsasən qoyduğu hər hansı diaqnoza görə məsuliyyət daşımır. BBC digər saytların məzmununa görə də məsuliyyət daşımır və həmin saytlarda təqdim edilən kommersiya məhsulları və ya xidmətləri tövsiyə etmir. Sağlamlığınızdan şikayətiniz varsa, həkimə müraciət edin.