You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Fransanın sabiq Prezidenti Nikola Sarkoziyə üç illik həbs cəzası, "Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb"
66 yaşlı Sarkozi hakimə rüşvətdə ittiham olunur. Bu gündən Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Fransanın sabiq Prezidenti Nikola Sarkozi və daha iki şəxs haqqında üç il müddətinə həbs cəzası qərarı verilib.
Onlara qarşı korrupsiya ittihamı irəli sürülüb.
66 yaşlı Sarkozi hakim Gilbert Azibert-ə öz partiyasına qarşı aparılan bir cinayət araşdırması barədə məlumat müqabilində Monakoda prestijli iş təklif edərək rüşvət verməyə cəhddə təqsirli bilinir.
Sarkozinin keçmiş vəkili Thierry Herzog və Gilbert Azibert də eyni ittihamlarla üzləşiblər.
Sarkozi həbs müddətini evdə çəkə bilər. Hakim onun elektron qolbaq taxmaq şərtilə ev dustaqlığına buraxıla biləcəyini deyib.
Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb
Bu gündən Gürcüstanın hava məkanı Azərbaycandan birbaşa uçuşlar üçün açılıb, bu barədə Azərbaycan mediası yazıb.
Yerli media yazır ki, bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarından 72 saatdan gec olmayaraq edilmiş PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq.
"Bu qayda Gürcüstan ərazisindən tranzit keçidi kimi istifadə edəcək vətəndaşlara da şamil olunacaq. Gürcüstanda qalacaq Azərbaycan vətəndaşları 3 gündən sonra öz hesablarına PCR testindən keçməli olacaqlar," - məlumatda deyilir.
Azərbaycan Hava Yollarından bununla bağlı hələlik şərh almaq mümkün olmayıb.
Hazırkı mərhələdə Gürcüstan hökumətinin quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxladığı bildirilir.
Bir müddət öncə Gürcüstan quru sərhədlərdən koronavirusa qarşı vaksinasiyanın hər iki mərhələsindən keçmiş .əxslərin bu ölkəyə daxil ola biləcəyini açıqlamışdı.