Narahatlığımızdan necə faydalana bilərik?

    • Müəllif, Dr.Tracy Dennis-Tiwary
    • Vəzifə, Psixoloq və yazar, BBC Future
  • Çap edildi

Narahatlıq dövründə yaşadığımızı göstərən müxtəlif əlamətlər var. Google-un məlumatına görə, 2004-cü ildən bu yana bu sözlə (ingiliscə: anxiety) bağlı axtarış göstəricisi 300 faiz artıb.

ABŞ-da əhalinin 31 faizi həyatın hansısa dönəmində narahatlıqdan əziyyət çəkir. Bu diaqnozun ən çox yayılmış növləri ümumiləşdirilmiş narahatlıq pozuntusu, panik pozuntu və hər il dünyada yüz milyonlarla insana təsir edən sosial narahatlıq pozuntusudur.

Son 20 ildə narahatlıq pozuntuları xüsusilə gənclər arasında çox yayılıb.

Dərmanla müalicə növlərinin, təsdiqlənmiş terapiya üsullarının və şəxsi inkişaf kitablarının artdığı bir dövrdə niyə bu problemi həll etmək mümkün olmur?

"Future Tense" (Gələcəyin narahatlığı: Narahatlıq sizin üçün niyə faydalıdır) adlı kitabımda yazdığım kimi, mən də daxil olmaqla, psixi sağlamlıq mütəxəssisləri əvvəllər narahatlığın təbiəti haqqında insanları səhv yönləndiriblər.

Amma indi mən 21-ci əsrdə narahatlığı anlamaq və bu diaqnozla yaşamaq üçün daha faydalı və ümidverici bir yanaşma təklif edirəm.

Narahatlıq tipli mənfi hisslər uzun müddətdir ki, irrasionallıqdan dağıdıcılığa qədər geniş bir spektrdə mənfi işarəylə populyardır.

Qədim Roma şairi Qorasiy (Horace) 2000 il əvvəl yazırdı ki, qəzəb kiçik bir dəlilik anıdır. Amma Darvinin "İnsanlarda və heyvanlarda hisslərin ifadə edilməsi" əsərindən başlayaraq son 150 ilin araşdırmaları göstərdi ki, qəzəb, qorxu və narahatlıq kimi hisslər təhlükəli yox, faydalıdır.

Hisslər yüz minlərlə illik təcrübədə formalaşmış və insanların sağ qalmasını təmin etmiş alətlərdir. Onlar bunu iki yolla əldə ediblər: bilik və hazırlıqla.

Narahatlıq niyə bizim müttəfiqimizdir?

Narahatlıq qeyri-müəyyən gələcək haqqında məlumatdır: bu, həm pis, həm də yaxşı bir şey ola bilər.

Narahatlıq müdürünüzlə görüşünüzün və ya Covid-19 testinizin nəticəsini gözləməkdir.

Amma bu hissi qorxuyla qarışdırmaq olmaz. Qorxu bizi döyüşməyə, qaçmağa və yerimizdə donub qalmağa hazırlayır, narahatlıqsa mədəniyyət yaradır. O bizi dözməyə, sayıq olmağa və potensial problemlərdən qaçmağa hazırlamaqla pozitiv ssenarilərin reallaşmasını təmin edə bilər.

Narahatlıq halında biz nəinki daha yaradıcı və yenilikçi oluruq, həm də qeyri-müəyyənliklə üzləşdikcə beynimiz daha fokuslanmış şəkildə və daha səmərəli işləyir.

Narahatlıq həm də mükafatlandırılmaq və sosial bağlarımızı çoxaltmaq istəyimizi aktivləşdirir; bizi önəm verdiyimiz şeylər üçün çalışmağa, başqalarıyla əlaqə saxlamağa və daha məhsuldar olmağa sövq edir. Yəni təkamül nəzəriyyəsi baxımından narahatlıq dağıdıcı deyil. Narahatlıq sağ qalmaq məntiqiylə bütünləşir.

Amma biz narahatlığı potensial müttəfiqimiz kimi görmək əvəzinə, ona düşmən kimi yanaşırıq.

Tibbi pozuntu halı istisna olmaqla, narahatlıq terminini pis bir şey kimi təqdim etmək doğru deyil, çünki bu, iki səhv yanaşmanı qəbul etməmiz deməkdir: (1) narahatlıq təhlükəli və dağıdıcıdır və (2) çıxış yolu onun qarşısını almaq və ya aradan qaldırmaqdır.

Narahatlıqdan yayınmaq və yatışdırmaq onu artırır, bu isə problemi həll etmək üçün məhsuldar üsullar tapmağımıza və emosional dayanıqlılığımızı inkişaf etdirməyə mane olaraq başqa problemlərin yaranmasına gətirib çıxarır.

Bu, narahatlığın nəzarətdən çıxmasına, bir növ qapalı dairənin yaranmasına səbəb olur: narahatlığı təhlükə olaraq hiss etmək, ondan qorxmaq, nəticədə yatışdırmaq və yayınmaq yoluyla ondan qaçmağa çalışmaq.

Amma narahatlıq hissi normal və sağlam, hətta faydalı hesab olunmalıdır.

Narahatlıq məqsədinə çata bilsin deyə siz əvvəldə özünüzü pis hiss etməlisiz.

Latın və ya yunan mənşəli bu sözün (anxiety) boğulma, ağrılı sıxıntı halı və narahatlıq anlamı daşıması həmin xoşagəlməz təcrübəni əks etdirir.

Amma belə bir xoşagəlməz hiss bizi diqqətimizi cəmləməyə və fokuslanmağa, gələcəkdəki zərərin qarşısını almaq və daha faydalı istiqamətdə irəliləmək üçün çox çalışmağa sövq edə bilər.

Ona görə də narahatlıq hissi diqqətdən kənarda qalmamalı, yanğın siqnalı kimi qiymətləndirilməlidir.

Bu düşüncə dəyişikliyi güclü və pozitiv bir təsir yarada bilər. Narahatlığı fokusda saxlamaq yaxşılaşmağın əsas şərtidir.

Üç mərhələdə qapalı dairədən çıxmaq

Narahatlığın yaratdığı qapalı dairədən üç mərhələdə çıxmaq olar: dinləmək, faydalanmaq və xilas olmaq.

Dinləmək: narahatlıq diqqətimizi itiləşdirir və bizi olduğumuz yerdən getmək istədiyimiz yerə aparır. Bu baxımdan, narahatlıqda həm də ümid var. Gələcək təhlükələrdən xəbərdar olsaq da, mükafatlandırılmaq istəyirik və bunun üçün çalışırıq.

Narahatlıq ağrısı fürsəti qaçırmağımıza səbəb ola bilər, ona görə də narahatlıqlarımızı təftiş etmək lazımdır.

Faydalanmaq: narahatlığı məqsədimizə çatmağa və prioritetlərimizi müəyyənləşdirməyə yönəldəndə onu cəsarətə çeviririk. Narahatlıq bizim impulslarımızı qidalandırır, gücümüzü üzə çıxarır.

Xilas olmaq: narahatlıqdan faydalı məlumat əldə etmək həmişə asan olmur. Bəzən mesaj tədricən ortaya çıxır. Belə hallarda biz gələcəklə bağlı həyəcan və ruh düşkünlüyü hiss edə bilərik. Bu vəziyyətdən çıxmağın ən yaxşı yolu bizi sakitləşdirən və yaşadığımız ana fokuslanmamızı təmin edən fəaliyyətlərdir. Belə durumlar həm də emosional qavrayışımızı inkişaf etdirmək, çətin hisslərin öhdəsindən gəlmək və dəstək axtarmaq bacarıqlarımızı təkmilləşdirmək fürsəti yaradır.

Doğru şəkildə narahat olmaq

Pandemiya, siyasi qütbləşmə və iqlim dəyişikliyi dövründə bir çoxumuz haqlı olaraq gələcəyimizlə bağlı həyəcan keçiririk.

Bu hissi yatışdırmaq üçün narahatlığı bir xəstəlik kimi görməyə başladıq. Nəyin bahasına olursa-olsun, narahatlığın qarşısını almaq, ondan yayınmaq və aradan qaldırmaq istəyirik.

Əslində isə problem narahatlıqda deyil. Narahatlıq bir xəbərçidir - qeyri-müəyyənliklə üzləşdiyimizi və çətinliklərin öhdəsindən gəlməli olduğumuzu xatırladır, həyatımızda nəyi dəyişməli olduğumuza və ya hansı məsələlərdə dəstəyə ehtiyac duyduğumuza işarə edir.

Narahatlıq pozuntusu diaqnozu qoyulmuş insanın əsas problemi güclü narahatlıq hiss etməsi yox, bu hissə nəzarət edən alətlərinin işləməməsidir.

Bu, insanın öz qayğısına qalmasına, çalışmasına, başqalarıyla əlaqə qurmasına, təminedici həyat sürməsinə mane olur.

Narahatlıq spektrindəki yerimizdən asılı olmayaraq narahatlığa münasibətimizi dəyişmək bizə kömək edə bilər.

180 il bundan əvvəl danimarkalı filosof Soren Kierkegaard yazırdı ki, "Doğru şəkildə narahat olmağı öyrənən ən yaxşı şeyi öyrənib".

Hamımız həyəcanlı doğuluruq. Narahatlıq çətin və bəzən qorxulu olsa da, onu müttəfiqə, üstünlüyə və qabiliyyətə çevirmək insan olmaq cəhdinin bir hissəsidir.

Narahatlıqdan xilas ediləndə özümüzü də xilas etmiş oluruq.