You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Peskov Şuşada tapılan "İsgəndər" raketi ilə bağlı danışıb, İlham Əliyev: "Münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır"
Dmitri Peskov Şuşada tapılan "İsgəndər" raketi ilə bağlı danışıb, İlham Əliyev deyib ki, "atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır", Rusiya Türkiyəyə uçuşları dayandırıb, Qarabağ müharibəsinə görə Kanada-Türkiyə arasında PUA üçün ixrac böhranı, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Peskov Şuşada tapılan "İsgəndər" raketi ilə bağlı danışıb
Bakının Dağlıq Qarabağda "İsgəndər M" raketinin qalıqlarının aşkarlaması barədə məlumatlar ilə əlaqəli mövzu Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunur, Dmitri Peskov deyib.
Rusiya Prezidentinin mətbuat katibi Peskov çərşənbə günü Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında "İsgəndər" qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmaması ilə bağlı suala cavab verərkən bildirib ki, hərbi xətt boyunca "yaxın bir dialoq aparılır, bu müddətdə bütün müvafiq məsələlər müzakirə olunur".
İlham Əliyev: "…münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır"
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, İkinci Qarabağ Müharibəsindən sonra "vəziyyət dəyişib" və "atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır".
O bu barədə ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib, Azərtac dövlət agentliyi yazır.
"Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik,"- o deyib.
Rusiya Türkiyəyə uçuşları dayandırıb
Rusiya Türkiyə ilə sərnişin reyslərinin aprelin 15-dən iyunun 1-dək dayandırıldığını elan edib. Türkiyə ilə yanaşı Tanzaniyaya da uçuşları dayandıran Rusiya rəsmiləri bu addımı həmin ölkələrdən gələnlərin arasında koronavirusa yoluxanların sayının artması ilə izah ediblər.
Rusiya Turoperatorları Birliyinin verdiyi məlumata görə, 15 aprel - 31 may tarixləri arasında 533 min Rusiya vətəndaşı ümumilikdə təxminən yarım milyard dollar həcmində Türkiyə kurortlarına turlar sifariş ediblər.
RİA Novosti yazır ki, hazırda Türkiyədə 30 minə yaxın rusiyalı turist var.
Bu arada Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev sosial mediada bu məsələyə toxunaraq rusiyalıları "vətənpərvər olmağa çağıraraq hökumətin qərarına görə yox, könüllü olaraq Türkiyədə dincəlməkdən imtina etməyə" səsləyib.
"Krımda 2 milyon, Sevastopolda isə təxminən 500 min Rusiya vətəndaşı yaşayır. Erdoğan onları Rusiya vətəndaşı saymır, onun dəstəklədiyi Zelenskisə onları işğalçı sayır, - Kosaçev yazıb. - İstirahət planlarından asılı olmayaraq, millətin vətənpərvərliyi belə vəziyyətlərdə sınanır."
Aprelin 10-da Ukrayna Prezidenti Zelenski ilə İstanbulda görüşən Prezident Recep Tayyib Erdoğan Krımı Ukrayna ərazisi saydığını və Ukraynanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Türkiyə tərəfindən dəstəkləndiyini bəyan edib.
Ötən gün Rusiya XİN başçısı Sergey Lavrov, ABŞ və Türkiyəni Ukraynada hərbi əhval-ruhiyyəni dəstəkləməməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı belə dəstəyin "pis nəticələnə biləcəyi" ilə bağlı xəbərdarlıq etdi.
"Rusiya Türkiyəni və digər ölkələri Ukraynanın militarist hislərinə dəstək verməmək barədə xəbərdarlıq edir," - Lavrov deyib. Lavrov hesab edib ki, ABŞ hərbi gəmilərinin Qara dənizə keçməsi "aqressiv ritorika" ilə müşayiət olunur.
Moskvada fitness klubda öldürülən şəxsin azərbaycanlı olduğu bildirilir
Moskvada bir fitness klubda adamların gözü qarşısında öldürülən şəxsin Azərbaycanın Gəncə şəhərindən olan 40 yaşlı kriminal avtoritet Əli Heydərov olduğu bildirilir.
İnterfaks və RİA Novosti bildirib ki, öldürülən "qanuni oğru" Əli Heydərov (Albert Rıjiy, ya da Piterskiy) olması barədə məlumat rəsmi təsdiqlənməyib.
Ancaq faktla bağlı cinayət işi açılıb.
İstintaq Komitəsi bildirib ki, bir kişi digərinə odlu silahdan bir neçə atəş edib və hadisə yerindən uzaqlaşıb.
Bildirilir ki, müstəntiqlər qatili axtarır və baş verənlərin təfərrüatlarını müəyyənləşdirirlər.
Yerli mediada Əli Heydərov üç sui-qəsddən sağ çıxa bildiyi üçün Rusiyada "ələ keçməyən və şanslı" adam adlandırılır.
"Bəxtinə" baxmayaraq, Heydərov bir neçə dəfə məhkum olunub.
Yerli medianın yazdığına görə, Heydərov 2012-ci ildə Sankt-Peterburqda kriminal aləmin başçısı Aslan Usoyanın (Ded Xasan kimi tanınır) təşəbbüsü ilə "taclandırılıb". Bəzi məlumatlara görə, Heydərov Moskvanın şimal-qərb bölgəsində nəzarətçi olub. Mzk1.ru saytının yazdığına görə, o, "Lotu Quli" kimi (Səlifov) tanınan başqa bir kriminal dəstənin başçısı ilə düşmənçilik edib.
Qarabağ müharibəsinə görə Kanada-Türkiyə arasında PUA üçün ixrac böhranı
Kanada Türkiyəyə pilotsuz uçuş aparatı istehsalı üçün texnologiyanın ixrac icazəsini ləğv edib.
Kanada Türkiyənin istehsal etdiyi PUA-ların Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən Ermənistana qarşı istifadə etməsi xəbərlərindən sonra bu məsələni araşdırmaq üçün oktyabr ayında ixraca ara vermişdi.
Kanadanın xarici işlər naziri Marc Garneau bildirib ki, Türkiyədə istehsal edilən PUA və SPUA-lardan (silahlı pilotsuz uçuş aparatı) Dağlıq Qarabağda istifadə edildiyi təsbit edilib və ixrac icazəsi ləğv edilib.
O deyib ki, "texnologiyanın bu şəkildə istifadəsi Kanadanın xarici siyasəti ilə uyuşmur".
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bu həftənin əvvəlində Garnau ilə görüşündə Kanadanın ixrac məhdudiyyətlərindən narahatlığı ifadə etmişdi və bu vəziyyətə yenidən baxılmasını istəmişdi.
Kanadanın L3harris Wescam şirkəti Türkiyəyə PUA-larda istifadə olunan görüntü və hədəf sistemlərini satırdı.
Kanada Türkiyə SPUA-larının Liviyada da istifadə edildiyini və bunun Birləşmiş Millətlər Təşkilatının embarqosuna zidd olduğunu bildirmişdi.
Kanada daha əvvəl Türkiyənin Suriyadakı əməliyyatlarına görə 2019-cu ilin oktyabr ayında ixrac icazələrini dayandırmışdı və 2020-ci ilin yayında yenidən icazə vermişdi.
Kanada və Türkiyənin hər ikisi NATO üzvü olan iki müttəfiq ölkədir.
İlham Əliyev Şuşadakı "İsgəndər" raketi ilə bağlı: "Biz cavab istəyirik"
"Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq," - bunu Azərbaycan Prezidenti Şuşada "İsgəndər M" raketinin qalıqlarının tapılması barədə danışarkən deyib.
İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxış edib.
O deyib ki, Şuşada "İsgəndər M" raketinin qalıqlarının tapılması barədə "...bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik" deyib.
Azərbaycan işğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atıldığını bildirir.
Bu barədə məlumat aprelin 2-də elan olunsa da, hələ də Rusiya bu barədə cavab verməyib.