Bakıda Zəfər paradı: canlı yayım

Azərbaycanda bu gün Zəfər paradı keçirilir. Azərbaycan Ermənistanla sentyabrın 27-dən başlayaraq Qarabağ uğrunda 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsində əks-hücum əməliyyatları zamanı bir sıra rayonları geri alıb.

Canlı reportaj

  1. Erdoğan: "Siyasi və hərbi sahələrdə bu günə qədər aparılan mübarizə bundan sonra fərqli cəbhələrdə davam edəcək", Türkiyə Prezidenti Recep Tayyip Erdoğan cümə axşamı günü keçirilmiş Zəfər paradının açılışı zamanı çıxış edib.

    Recep Tayyip Erdoğan

    Şəklin mənbəyi, Getty Images

    “20 Yanvar şəhidlərinin məzarlarına qoyulan qərənfillər müstəqilliyi xatırlatdığı kimi, indi yalnız Dağlıq Qarabağ bölgəsinə xas olan xarı bülbül Azərbaycan torpaqlarının azadlığının simvoluna çevrildi”.

    Bunu Türkiyə Prezidenti Recep Tayyip Erdoğan cümə axşamı günü keçirilmiş Zəfər paradının açılışı zamanı çıxışında belə deyib.

    O bildirib ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri Prezident İlham Əliyevə aiddir.

    “Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək”.

    Cənab Erdoğan deyib ki, Türkiyə Azərbaycanın mübarizəsinə ilk günlərdən etibarən bütün qurum və təşkilatları ilə dəstək verib, “bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub”.

    “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər aldıq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın qapanmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.”

    Recep Tayyip Erdoğan deyib ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, mübarizənin bitdiyi anlamına gəlmir və siyasi və hərbi sahələrdə bu günə qədər aparılan mübarizə bundan sonra fərqli cəbhələrdə davam edəcək.

    "30 illik işğal dövründə birlikdə bu bölgələrin xarabalığa çevrildiyini və daş üzərində daş qalmadığını gördük. İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmaq üçün bir bina belə yox idi, bütün şəhərlər dağıdılıb, bütün kəndlər dağıdılıb, hətta qəbiristanlıqlar da dağıdılıb, məscidlər yıxılıb, minarələr eyni şəkildə dağıdılıb. Əlbəttə ki, sərvətləri də talan ediblər. Bütün bu məhvlərin hesabı olmalıdır."

    Erdoğan bildirib ki, erməni idarəediciləri Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün xalqın ehtiyatlarını xərcləyib.

    "Ancaq bu mənbələr mənasız müdafiə xəttlərinə, silahlara və nifrət və qanla dolu idarəedicilərin ambisiyalarına sərf edilməsəydi, mənzərə bu gün çox fərqli olardı. Erməni siyasətçilər bunu çox yaxşı analiz edir və barışıq qururlar. Ümid edirik ki, gələcəyi sabitlik əsasında qurmaq üçün cəsarətli addımlar atırlar. "

    Ermənistan xalqını keçmişin yalanları ilə təsəlli edərək yoxsulluğa məhkum edən diaspora əsarətindən qurtulmasını istəyən Erdoğan "münasibətlər düşmənçilik deyil, yaxşı qonşuluq zəminində yenidən nəzərdən keçirilməlidir" deyib.

    Erdoğan "erməni xalqı Qarabağda baş verənlərdən dərs alsa, bu bölgədə yeni bir dövrün başlanğıcı olacaq" deyib.

  2. Türkiyə Prezidentinin rəsmi qarşılanması, Əliyev-Erdoğan görüşü

    Əliyev və Erdoğan

    Şəklin mənbəyi, Azərtac

    Şəklin alt yazısı, Azərbaycan və Türkiyə dövlət başçıları “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar

    Azərbaycana səfərlə gələn Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimində hər iki ölkənin himnləri səslənib.

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər və Türkiyə dövlət başçısı Azərbaycan əsgərlərini salamlayıb, tədbir barədə yayılan rəsmi məlumatda göstərilir.

    Azərtac agentliyi dekabrın 10-da İlham Əliyev və Recep Tayyip Erdoğan arasında təkbətək görüşün olduğunu xəbər verir. Bağlı qapılar arxasında keçirilən danışıqlar haqqında əlavə məlumat verilmir.

  3. İlham Əliyev: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır”

    İlham Əliyev, bu gün, parad

    Şəklin mənbəyi, AFP

    "Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb", Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı günü keçirilmiş Zəfər paradının açılışı zamanı çıxışında belə deyib.

    Cənab Əliyev çıxışı zamanı deyib ki, "Ermənistanın təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlayıb".

    Azərbaycan Prezidenti vurğulayıb ki, 80-ci illərdə "indiki Ermənistanda yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salınıb".

    Azərbaycan Prezidenti deyib ki, “Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun. Tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

    O vurğulayıb ki, “müharibənin getdiyi 44 günün hər günü azərbaycanlılar üçün şanlı tarixdir”.

    “Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan öz işğalçı qüvvələrini çıxarmasa, biz hərbi yollarla bu məsələni həll edəcəyik”.

    Cənab Əliyev çıxışında həmçinin bütün aparıcı beynəlxalq təşkilatların, o cümlədən, BMT Baş Assambleyasının qətnamələrinin, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini ifadə edib.

    Qarabağ münaqişəsinin hərbi yollarla həllinin qaçılmaz olduğunu bildirən İlham Əliyev buna "xüsusən son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatlarının” səbəb olduğunu deyib.

    O bəyan edib ki, “Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoyub”.

    ""Qarabağ Ermənistandır” deməklə, Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son qoyur, danışıqları mənasız edirdi. Biz bunu görürdük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında - müharibəyə 3 gün qalmış BMT Baş Asssambleyasının kürsüsündən mən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır. Belə də oldu. Bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Amma layiqli cavab aldı və biz onları yerinə oturduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi, o diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, 27 sentyabrda bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalıb, mülki şəxslər və hərbçilər arasında itkilər olub. Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq".

    Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistan tərəfinin 30 illik istehkamlarını yararaq irəli getmiş Azərbaycan əsgəri“ 44 gün ərzində bir gün də geri çəkilməyib”.

    O, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefinin də Ermənistan tərəfi üçün daha əlverişli olduğunu vurğulayıb:

    “Böyük qəhrəmanlıq, şücaət göstərərək Azərbaycan əsgər və zabiti şərəfli missiyanı yerinə yetirdi, öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizin yekunu da Şuşa şəhərində vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa düşməndən azad olunandan sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur edildi”.

    İlham Əliyev Azərbaycan əsgərinin “cəmi 44 gündə “Ermənistan Ordusu yenilməz Ordudur” mifini darmadağın etdiyini” bildirib.

    O, “biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq deyib: “Biz haqlı idik. Haqq, ədalət bizim tərəfimizdə idi. Və bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğaldan azad etsin”.

    Qələbənin tarixi zəfər oduğunu deyən İlham Əliyev həmçinin “Azərbaycan xalqının bu günü 30 ilə yaxın müddət ərzində gözlədiyini” açıqlayıb.

    “Və nəyi, necə, nə vaxt etmək lazımdır biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtı-vaxtında atılmış addımlar bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Və bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycan müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi. Ermənistanı məğlub etdi. Ermənistan Ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dərmir yumruğu onların belini qıracaq”, Ali Baş Komandan deyib.

    Çıxışında Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın münaqişə zamanı Azərbaycanın yanında olmasını vurğulayan İlham Əliyev “onun açıq, birmənalı və sərt açıqlamalarının Azərbaycan xalqını çox sevindirdiyini” bəyan edib.

    “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır! Demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir və bu gün biz Zəfər paradında birlikdə iştirak edərək bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk”, cənab Əliyev deyib.

  4. Dron

    Şəklin mənbəyi, AA/Getty images

    Zəfər paradında İkinci Qarabağ Müharibəsi vaxtı götürülmüş və istifadəyə yararlı olan Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikası, eləcə də Azərbaycana məxsus PUA-lar və hərbi təyyarələr, taktiki raketlər nümayiş etdirilib.

    Nümayiş olunan texnika arasında iriçaplı pulemyotlar, tank əleyhinə idarə olunan raketlər və minaatanlar olub.

    Hava Hücumundan Müdafiə sistemləri kolonunun keçidi vaxtı BUK-MB və S-300 Favorit kompleksləri nümayiş olunub.

    Artilleriya silahları kolonunda özüyeriyən haubitsalar, habelə “Qrad” və “Smerç” yaylım atəşli reaktiv sistemlər sərgilənib.

    Paradın keçirildiyi meydan üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlər uçuş ediblər.

  5. Bakıda Zəfər paradı keçirilir - Canlı

  6. Zəfər paradında "silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın" da nümayişi nəzərdə tutulub

    Azərbaycan Parad

    Şəklin mənbəyi, Getty İmages

    Şəklin alt yazısı, Foto: Arxiv

    Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edir.

    Azərtac agentliyi xəbər verir ki, paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi nəzərdə tutulur.

    "Paradda, həmçinin İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunun sıradan çıxardığı qarşı tərəfdən keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq", xəbərdə deyilir.

  7. Zəfər paradı başlayıb, Zəfər paradı başlayarkən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Əliyev və Erdoğan

    Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

    İkinci Qarabağ Müharibəsində əldə edilmiş qələbəyə həsr olunmuş hərbi parad başlayıb.

    Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Receb Tayyip Erdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyirlər.

    Azərbaycan Müdafiə Naziri Zakir Həsənov Ordunun Zəfər paradına başlamaq üçün hazır olduğunu Azərbaycan Prezidentinə və onun fəxri qonağı Türkiyə Prezidenti Recep Tayyip Erdoğana məruzə edib.

    Azərbaycan və Türkiyə Respublikalarının dövlət himni səsləndirildikdən sonra çıxışına başlayan Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

  8. Bakı sakinləri bir azdan hərbi texnikanın keçəcəyi yolla Azadlıq meydanına doğru gedir - müxbirlərimiz deyir

    "Bir azdan bu yolla hərbi texnika hərəkət etməlidir, amma hazırda Bakı sakinləri bu yolla Azadlıq meydanına doğru axın edirlər," BBC News Azərbaycancanın müxbirləri bildirir.

    Azərbaycan Parad
    Azərbaycan Parad
  9. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında Şəhidlər xiyabanını ziyarət ediblər.

    Prezident İlham Əliyev və Prezident Recep Tayyip Erdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar.

    Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

    Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazıblar.

    Əsgərlər

    Şəklin mənbəyi, AA/Getty images

  10. Türkiyə Milli Müdafiə Nazirliyi Bakıda keçirilən Zəfər paradı ilə bağlı Azərbaycana təbrik ünvanlayıb

    “Tək Vətən Hərəkatını uğurla icra edərək Qarabağda böyük zəfər qazanmış azərbaycanlı qardaşlarımızı təbrik edirik”.

    Türkiyə Milli Müdafiə Nazirliyinin bu gün Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı “Twitter”də etdiyi təbrik paylaşımında deyilir.

    “Bakıdakı hərbi paradda iştirak edən qəhrəman Ordularımızın əsgərlərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, - deyə qeyd olunub, nazirlik yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  11. Bakı sakinləri Zəfər paradını izləmək istəyirlər

    “Bakı sakinləri hərbi paradı izləmək üçün Nizami küçəsi və Sahil bağı ətrafından paradın keçiriləcəyi Azadlıq meydanına tərəf getməyə çalışır. Lakin polis tərəfindən onların qarşısı kəsilir. Polis əməkdaşları insanları bulvara buraxmır,” hadisə yerində olan BBC News Azərbaycancanın müxbirləri deyirlər.

    Müxbirlərimiz deyirlər ki, “Bakı sakinləri Azərbaycanın Zəfər paradını daha yaxından izləmək istədiklərini bildirsələr də, polis əməkdaşları insanların bulvara buraxılmayacağını deyib, səbəbini isə izah etməyiblər".

    Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi Vaqif Dərgahlı BBC-yə bildirib ki, “insanlar hazırda Kukla Teatrının yanındadırlar və onlar parada baxmağa toplaşıblar”.

    "Şəhər bağlı deyil ki, bax, mən indicə ordan keçdim insanlar Kukla Teatrının yanındadırlar, dayanıb baxırlar".

    Bakı şəhər Baş Polis İdarəsindən BBC-yə bildiriblər ki, “tədbirlə bağlı müvafiq qaydada təhlükəsizlik tədbirləri məqsədilə nəzarət qaydasında və pandemiyanın kütləvi yayılmasının qarşısının alınması və ərazidə sıxlıq yaranmaması üçün zəruri tədbirlər həyata keçirilir”.

    Əlaqə saxladığımız bəzi rəsmi qurumlar əhaliyə toplaşmamaqla bağlı öncədən rəsmi xəbərdarlığın olub-olmaması ilə bağlı məlumatlı olmadıqlarını bildirirlər.

    Azərbaycan Bakı Zəfər paradı
    Azərbaycan Bakı Zəfər paradı
    Azərbaycan Bakı Zəfər paradı
    Azərbaycan Bakı Zəfər paradı
    Azərbaycan Bakı Zəfər paradı
    Azərbaycan Bakı Zəfər paradı
    Azərbaycan Bakı Zəfər paradı
    Azərbaycan Bakı Zəfər paradı
  12. Bu gün paytaxt Bakıda Zəfər paradı keçiriləcək

    Azərbaycan Bayraq Parad

    Salam,

    Bu gün paytaxt Bakıda Zəfər paradı keçiriləcək.

    Azərbaycan hökuməti paradın başlayacağı saatı açıqlamayıb.

    Zəfər paradında Türkiyə Prezidenti Recep Tayyip Erdoğan iştirak edəcək.

    Azərbaycanla Ermənistan arasında sentyabrın 27-dən başlayan Qarabağ uğrunda İkinci Qarabağ Müharibəsi 44 gün davam edib.

    Noyabrın 10-da gecə saatlarında Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan döyüşlərin dayandırılması ilə bağlı üçtərəfli birgə bəyanat imzalayıblar.

    Azərbaycan əks-hücum əməliyyatları adlandırdığı döyüşlərdə 2783 hərbçi və 100 mülki şəxsin həlak olduğunu açıqlayıb.

    Ermənistan isə hərbi itkilərinin 2718 nəfər olduğunu açıqlayıb.

    BBC News Azərbaycancanın paradla bağlı canlı yayımını bu səhifədən izləyə bilərsiniz.